YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yepiskop Xuan Karlos Mendez: Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsi çox dəyərlidir

Azərbaycanda səfərdə olan ABŞ-ın Los-Anceles şəhərinin Xristian Dini Mərkəzinin rəhbəri yepiskop Xuan Karlos Mendez mayın 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub.

QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə qonağa Azərbaycan reallıqları haqqında məlumat verib, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, söz və etiqad azadlığının, tolerantlıq, multikulturalizm mühitinin hökm sürdüyünü, burada ksenofobiya, antisemitizm təzahürlərinin olmadığını qeyd edib. O bildirib ki, Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, digər dini məbədlər tikilir, təmir-bərpa edilir, ənənəvi dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Belə bir nümunəvi mühitin qorunub saxlanılması və dəstəklənməsinin Azərbaycan rəhbərliyinin apardığı siyasətin ayrılmaz tərkib hissəsi, eyni zamanda, xalqın həyat tərzi olduğunu vurğulayan QMİ sədri ölkəmizdə 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyətini vurğulayıb. Şeyxülislam A.Paşazadə ABŞ-da dəfələrlə səfərdə olduğunu söyləyib, bu səfərlər zamanı xeyli sayda din xadimləri ilə keçirdiyi görüşləri xatırlayıb. O, dinlərarası dialoq və əməkdaşlığa dair keçirilən beynəlxalq tədbirlər barədə məlumat verərək, gələcəkdə belə tədbirlərə amerikalı qonağı da dəvət edəcəklərini bildirib.

Yepiskop X.K.Mendez deyib ki, Azərbaycanda müşahidə etdiyi dinlərarası əlaqələrin səviyyəsindən olduqca məmnundur. Azərbaycandakı nümunəvi multikulturalizm və tolerantlıq mühiti haqqında çox eşitdiyini bildirən qonaq səfəri zamanı bunu öz gözləri ilə gördüyünü, Azərbaycanın bu sahədə sahib olduğu təcrübənin çox dəyərli olduğunu vurğulayıb.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan şeyxülislam ölkəmizin bu problemin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb.

Amerikalı qonaq dünyada sülhün bərqərar olmasının vacibliyi, insanlar arasında qarşılıqlı anlaşma və Ulu Tanrının buyurduğu idealların gerçəkləşməsi yolunda əməkdaşlığın mühüm əhəmiyyət kəsb etməsi barədə fikirlərini bölüşüb. Azərbaycanda keçirdiyi görüşlərdən, o cümlədən şeyxülislamla görüş fürsətindən, ölkəmizdəki qonaqpərvərlikdən məmnun olduğunu bildirən qonaq Azərbaycandan xoş təəssüratlarla ayrılacağını diqqətə çatdırıb.

Görüş dünyada sülh və tərəqqi üçün duanın oxunması ilə başa çatıb.