YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paulo Botta: Ermənistan tərəfindən işğal olunmuş ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir

Argentinanın aparıcı tədqiqat institutlarından biri olan Beynəlxalq Əlaqələr Şurasının rəsmi internet səhifəsində “Ermənistan və Azərbaycan arasında yeni toqquşmalar” adlı məqalə yayılıb.

Argentinanın La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun professoru, azərbaycanşünaslıq kafedrasının koordinatoru Paulo Botta tərəfindən yazılmış məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, problemin bölgədə yaratdığı ağır nəticələr, region ölkələrinin və digər beynəlxalq güclərin münaqişənin həllində oynadığı rol, onun həlli istiqamətində aparılan danışıqlar, habelə təmas xəttində baş vermiş son gərginliklər barədə məlumat verilir.

Münaqişə tərəflərinin mövqelərini göstərən müəllif Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayır, işğal edilmiş ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, bunun beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədlərində öz təsdiqini tapdığını diqqətə çatdırır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi məqalədə vurğulanır.

Yazıda, həmçinin Ermənistan tərəfinin əsassız iddiaları, sülh danışıqlarını pozmaq və işğalı davam etdirmək niyyəti, bu siyasət nəticəsində Ermənistanın regionda təcrid olunduğu qeyd edilir.

Məqalədə Ermənistanın Dağlıq Qarabağ bölgəsindən başqa Azərbaycanın digər rayonlarını işğal etməsi də diqqətə çatdırılır.

Qeyd olunur ki, qondarma Dağlıq Qarabağ rejimi dünya birliyinin heç bir üzvü tərəfindən, o cümlədən Ermənistan rəsmiləri tərəfindən tanınmır. Dağlıq Qarabağda yaşayan ermənilər pul vahidi kimi Ermənistan dramından, Ermənistan pasportundan istifadə edirlər. Beynəlxalq Böhran Qrupu və ya London Beynəlxalq Strateji Araşdırmalar İnstitutu kimi araşdırma mərkəzlərinin gəldiyi nəticələrə istinad edən müəllif qondarma Dağlıq Qarabağ rejiminin “rəsmi orqanları”nın praktikada Ermənistanın müvafiq orqanlarından ayrılmadığını yazır.

Minsk qrupunun fəaliyyətinin səmərəsizliyinə toxunan müəllif Rusiya, ABŞ, İran, Gürcüstan, Türkiyə kimi dövlətlərin də bu münaqişə ilə bağlı mövqe və fəaliyyətlərini təhlil edir. Ermənistanın üzv olduğu Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri tərəfindən gözlədiyi dəstəyi almadığı vurğulanır.