YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir

"Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır". Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İrəli" İctimai Birliyinin bu gün keçirilən IV hesabat-seçki konfransında çıxışı zamanı deyib.

Ə.Həsənovun sözlərinə görə, bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir: "O, həmişə gənclərimizə böyük ümidlər bəsləmiş, onları Azərbaycanın gələcəyi adlandırmış və dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bu məqsədlə müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratmışdır. Nazirlik yaradıldıqdan sonra gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görülmüş, bir sıra dövlət proqramları hazırlanmışdır".

PA rəsmisinin sözlərinə görə, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi ölkədə müstəsna əhəmiyyətə malik hadisə idi: "Ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi Forum ölkəmizin qarşısında duran vəzifələrin reallaşmasında gənclərin fəal iştirak etməyə hazır olduğunu göstərmiş və gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb olmuşdur. 1997-ci il fevralın 1-də ilk forumun ildönümü münasibətilə fəal gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. Həmin vaxtdan etibarən ənənəvi olaraq, hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir.