YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür

«Azərbaycanda güclü ordu vardır. Ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir. 

Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır». Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi zamanı çıxışında demişdir.

Prezident İlham Əliyev bildirmişdir ki, hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Dövlət başçısının sözlərinə görə, bu, bizim prioritetimizdir və bundan sonra da hərbi xərcləri artıracağıq. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ən müasir silah-sursat alınır və bu gün bu silahların, texnikanın bir hissəsi burada nümayiş etdirilmişdir.

«Ordumuzda nizam-intizam artır, islahatlar aparılır. Bu, çox sevindirici haldır. Ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər və bugünkü təlimlər bunu bir daha nümayiş etdirmişdir. Ordumuzun uğurlu inkişafı üçün həm maddi-texniki təchizat davam etdiriləcək, eyni zamanda, Silahlı Qüvvələrdə aparılan islahatlar dərinləşəcəkdir. Müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və Azərbaycanda istifadə olunur.

Bugünkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar üstünlük təşkil edir. Bu silahları biz alırıq və alacağıq. Eyni zamanda, Azərbaycanda son illərdə yerli istehsal da təşkil edilibdir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunubdur və bu gün bu proses davam etdirilir. Gələcəkdə biz sursatlarla, texnika ilə özümüzü tam şəkildə təmin etməliyik. Eyni zamanda, ən müasir müxtəlif texnika alınır, alınacaqdır. Müasirləşmə prosesi daim aparılmalıdır»- deyə, Ali Baş Komandan vurğulamışdır.