YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Salzgitter Mannesmann International GmbH” şirkəti TAP-ın dəniz hissəsini borularla təmin edəcək

“Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi üzrə Almaniyanın “Salzgitter Mannesmann International GmbH” şirkəti ilə kəmərin dəniz hissəsində istifadə ediləcək boruların alınmasına dair müqavilə imzalanıb.

Bu barədə TAP-ın saytında məlumat verilir.

Müqaviləyə əsasən, “Salzgitter Mannesmann International GmbH” TAP-ın Albaniya və İtaliyanın cənub sahili arasından, Adriatik dənizindən keçəcək 105 kilometr uzunluğunda 36 düymlük hissəsinin borularını təmin edəcək. Müqavilədə şirkətin borularla yanaşı digər dəniz qurğularını da təmin etməsi nəzərdə tutulur. Dəniz hissəsində istifadə olunacaq boruların ağırlığı 71 min ton təşkil edir.

Qeyd edək ki, TAP boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qaz Avropaya nəql ediləcək. Uzunluğu təxminən 878 kilometr olan TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

 

DİGƏR Xəbərlər Arxiv