YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistan tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır

Beynəlxalq humanitar hüquqa uyğun olaraq üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılmalıdır.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin cəbhə xəttindəki vəziyyətlə bağlı açıqlamasında bildirilir.

Açıqlamada deyilir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, aprelin 2-nə keçən gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub, təxribat və həmlələr həyata keçirib. Cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalinin sıx yaşadığı məntəqələr Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz əməllərin nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar və şəxsi mülkiyyətə ciddi zərər dəyməsi haqqında məlumatlar vardır.

Təcavüzkar və işğalçı dövlət kimi, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Ermənistan Silahlı Qüvvələrinin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş əməlləri Azərbaycan Respublikasının Kəlbəcər rayonunun 2 aprel 1993-cü il tarixində işğalı tarixi ilə üst-üstə düşür. Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən məxsusi olaraq 822 saylı (1993) qətnamə qəbul edilmişdi.

BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində Ermənistan qoşunlarının tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, vəziyyətin qəsdən gərginləşdirilməsi və mülki insanların hədəfə alınmasına yönələn təxribatçı əməllər davam etdirilir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsi və insidentlərin baş verməsinin əsas səbəbidir.

Münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün beynəlxalq ictimaiyyət qəti şəkildə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını rəsmi Yerevandan tələb etməlidir”.