YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

UNESCO-da Azərbaycan kəlağayısının təqdimatı olub

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə milli baş geyimimiz olan kəlağayının bu təşkilatda təqdimat və satış mərasimini təşkil edib.

Daimi nümayəndəliyin rəhbəri Anar Kərimov Azərbaycanda ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri olan kəlağayı sənəti haqqında məlumat verib. O, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb.

A.Kərimov bildirib ki, kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir.

Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri olduğu diqqətə çatdırılıb.

Sonra A.Kərimov kəlağayı sənəti haqqında daha geniş məlumat vermək üçün sözü azərbaycanlı dizayner Mənzər Hacıyevaya verib.

Mənzər Hacıyeva UNESCO-nun qərargahında Azərbaycanın mədəni irsini təmsil etdiyindən şərəf duyduğunu vurğulayıb. O, Nyu-York Universitetində, Parsons Dizayn Məktəbində və Parisin Studio Berçot məktəbində təhsil almağına və Michael Kors, Zac Posen, Narciso Rodrigues və Lanvin kimi məşhur brendlərin dizayn studiyalarında işləməsinə baxmayaraq, ilham mənbəyinin Azərbaycanın sənətkarlıq beşiyi olan qədim Şəki şəhəri olduğunu bildirib.

2012-ci ildə yaranan “Mənzər Hacıyeva” geyim və aksessuar brendinin konsepsiyası sadədir: köhnə ilə yeninin, ənənəvi və müasir istehsal üsullarının incəliklə birləşdirilməsi.

Şəki şəhərində olan kəlağayı emalatxanalarında iş prosesini əks etdirən videoklip göstərilib.

M.Hacıyeva bütün kəlağayıların, eləcə də digər baş geyimlərinin əl işi olduğunu və videoda göstərilən emalatxanada istehsal edildiyini bildirib. Qeyd olunub ki, kəlağayıların naxış və rənglərinin hər birinin xüsusi mənası var. Qırmızı rəng toy, qara rəng isə yas mərasimində yaşlı qadınlar tərəfindən baş geyimi kimi istifadə olunur.

İlk kolleksiyasında XIX əsr Quba kilimlərinin ənənəvi elementlərindən ilhamlandığını bildirən M.Hacıyeva ikinci kolleksiyasını Xəzər dənizinə həsr etdiyini, kəlağayıya yeni nəfəs vermək istəyində olduğunu diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv