YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı keçirilib

Martın 6-da Bakıda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) “İnkişaf edən istiqamətlərdə uğurun faktorları” mövzusunda toplantısı keçirilib. Toplantıda dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən bir sıra yüksək səviyyəli şəxslər iştirak ediblər.

Tədbirdə növbəti on il ərzində turizm sahəsinə təsir edəcək qlobal tendensiyalar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparılıb.

Toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin inkişafı üçün infrastruktur, nəqliyyat və maliyyənin əhəmiyyəti, turizm və qonaqpərvərlik iqtisadiyyatı balanslaşdıran faktor kimi, sosial və ətraf mühit amilləri mövzusunda məruzə ilə çıxış edib.

Ə.Qarayev əvvəlcə Azərbaycanda turizmin formalaşması haqqında geniş məlumat verib.

Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edildiyini, 1 milyondan artıq vətəndaşımızın öz doğma torpaqlarından didərgin düşdüyünü diqqətə çatdıran nazir söyləyib ki, qaçqın və məcburi köçkün vətəndaşlarımızı yerləşdirmək üçün turizm obyektlərindən, sanatoriyalardan da istifadə edilib. Torpaqlarımızın işğalı həmin ərazilərdəki mövcud infrastrukturun itirilməsinə, tarixi mədəniyyət abidələrimizin məhv edilməsinə səbəb olub, bütövlükdə ölkə iqtisadiyyatına mənfi təsir göstərib.

Nazir deyib: “Hazırda ölkəmizdə ən müasir standartlara cavab verən 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Hər il yeni otellər açılır. Bu otellərin böyük əksəriyyəti 4, 5 ulduzlu otellərdir. İndi isə 2, 3 ulduzlu otellərin tikilməsi üçün sahibkarlara öz dəstəyimizi veririk. Bu infrastruktur yaradılarkən ətraf mühitin və ekologiyanın qorunmasına xüsusi diqqət yetirilir”.

Ə.Qarayev daha sonra turizm sahəsinin inkişaf etdirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıqdan, Azərbaycanın 2013-cü ildə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilərək, bu təşkilatla sıx əlaqələr qurmasından söz açıb.

Nazir ölkəyə turist axının gücləndirilməsi üçün vizaların verilməsi sahəsində də islahatların aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycana səfər etmək istəyən hər bir xarici vətəndaş elektron qaydada müraciət etməklə ən geci 5 gün müddətində elektron viza əldə edə bilər. Bir sıra ölkə vətəndaşlarının isə birbaşa hava limanında viza əldə etmələrinə icazə verildiyini diqqətə çatdırıb.

Sonra Əbülfəs Qarayev iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifai, tədbirin moderatoru, Lüsern Dünya Turizm Forumunun icraçı direktoru Martin Bart və digər iştirakçılar Azərbaycanı Şərqlə Qərb mədəniyyətinin qovuşduğu zəngin tarixə və mədəniyyətə malik olan bir ölkə kimi xarakterizə ediblər.

Vurğulanıb ki, Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq, yüksək qonaqpərvərlik və əsrarəngiz təbiət burada turizmin bütün sahələrinin inkişaf etdirilməsinə şərait yaradır.

Sonra forum işini müxtəlif mövzularda müzakirələrlə davam etdirib.