YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Berlində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub

Fevralın 22-24-də Berlində Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında siyasi və təhlükəsizlik məsələləri üzrə ikitərəfli məsləhətləşmələr aparılıb. Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edib. AFR Xarici İşlər Nazirliyində və Federal Kanslerin Aparatında keçirilən görüşlərdə 2016-cı ildə ATƏT-ə sədrliyi həyata keçirən Almaniyadan gözləntiləri, o cümlədən Minsk qrupunun fəaliyyətinin canlandırılmasının və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə irəliləyişə nail olunmasının vacibliyi, habelə mövcud status-kvonun qəbuledilməzliyi ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Alman tərəfi Azərbaycanın istək və təkliflərinin nəzərdən keçiriləcəyini bildirib və onların sədrlik dövründə mövcud imkanlar çərçivəsində nəzərə alınacağına söz verib.

Xarici işlər nazirinin müavini A.Əzimov Almaniya Bundestaqında və Münxen Təhlükəsizlik Təşkilatında da bir sıra görüşlər keçirib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barədə müzakirələr aparıb.

Araz Əzimov, həmçinin Almaniyanın məşhur “beyin mərkəzləri”ndə Cənubi Qafqaz regionu üzrə tanınmış mütəxəssislərlə görüşüb. Bu görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinın mövcud vəziyyəti, problemin həlli istiqamətində aparılan danışıqlar, ölkəmizin mövqeyinə dair məsələlər müzakirə edilib.