YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Iteca Caspian” şirkəti bu il 16 sərgi keçirəcək

Beynəlxalq sərgilərin təşkilatçısı “Iteca Caspian” şirkəti bu il 16 sərgi və bir konfrans olmaqla, ümumilikdə 17 tədbir keçirməyi planlaşdırır. Sözügedən sərgilər müvafiq dövlət strukturlarının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu da sərgilərin ölkə iqtisadiyyatındakı rolu və mövqeyinin əhəmiyyətini bir daha əyani şəkildə əks etdirir.

Şirkətdən bildirilib ki, hazırda 2016-cı ilin sərgi mövsümündə reallaşdırılacaq tədbirlərdə iştirak üçün müraciətlərin qəbulu həyata keçirilir. Bu il dörd sərgi öz yubileyini qeyd edir. Cari ilin sərgi mövsümü 15-ci Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi “AITF 2016” və 10-cu Yubiley Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2016” sərgiləri ilə açıq elan olunacaq.

Ötən illər ərzində bütün Xəzəryanı regionda mühüm görüşlərin keçirildiyi, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi “HOREX” və “AITF” sərgiləri qonaqpərvərlik və turizm sənayesinin əsas tədbiri statusunu qazanmağa müvəffəq olub. Son bir neçə ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev “AITF” sərgisini ziyarət edərək sərgidəki ekspozisiyalara baş çəkir və sərgi iştirakçıları ilə tanış olur. Ölkə rəhbərliyi tərəfindən həm turizm sahəsinə, həm də sərgiyə göstərilən diqqət turizm sahəsində işgüzar münasibətlərin inkişafını daha da stimullaşdırır. Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən dəstəklənir. Ümumdünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasındadır.

Bu il “AITF” sərgisində dünyanın 40 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro və Çex Respublikası milli pavilyonları sərgidə iştirak üçün yer rezervasiya ediblər. Həmçinin sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaq. AZTA-nın stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkündür. Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq. Həmişə olduğu kimi, sərgi ənənəvi sektorlarla yanaşı, “Tibbi və sağlamlıq turizmi” sektorunu da inkişaf etdirir.

“HOREX Caucasus 2016” sərgisində “Mehmanxana, Restoran və Kafelər” “HoReCa” sektoru üzrə aparıcı yerli və beynəlxalq istehsalçı və distribyutorların təklif etdikləri peşəkar mətbəx və ticarət avadanlıqları, mehmanxana və restoranlar üçün mebel, habelə tekstil (parça) və uniformalar, gigiyenik vasitələr, eləcə də qida məmulatları və içkilər təqdim olunacaq.

Maydan etibarən isə estafeti bu il öz 15 illik yubileyini qeyd edən Xəzər Beynəlxalq Dəmiryol İnfrastrukturu və Hərəkət Heyəti, Dəniz Sənayesi, Aviasiya, və Daşımalar və Loqistika “TransCaspian” və 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road & Traffic” sərgiləri davam etdirəcək. İlk dəfə olaraq, bu il 3-cü Xəzər Beynəlxalq “Kater və Yaxtalar” “CIBS 2016” sərgisi “TransCaspian” və “Road & Traffic” sərgiləri ilə eyni platformada keçiriləcək.

İyunun 1-4-də regiondakı energetika bazarının iştirakçılarını qiymətləndirmək üçün ən yaxşı platforma qismində 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2016” sərgisi və regionun ən böyük ixtisaslaşdırılmış - 23-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2016” sərgi və konfransı çıxış edəcək.

Sentyabrda isə payız sərgi mövsümünə start veriləcək. Bu mövsüm çərçivəsində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016”, 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016”, 22-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016”, 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri “Aqua-Therm Baku 2016”, 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “CIPS Caspian 2016” və 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgilərinin keçirilməsi planlaşdırılır.

Bütün dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, bazarın ən iri iştirakçıları bu sərgilərə sponsorluğunu davam etdirirlər və bu da tədbirlərin xüsusi statusunu göstərir. Belə ki, cari ildə keçiriləcək sərgilərin sponsorları arasında “Azeri M-I Drilling”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Global Energy”, “RusNeft”, “AZFEN J.V.”, “Tekfen Construction”, “Bos Shelf”, “SOCAR Polymer”, “Nobel Oil Upstream”, “Schlumberger”, “SNAM”, “INPEX”, “Caspian Geophysical”, “Qazax Sement Zavodu”, “NB Group” kimi şirkətlər var.