YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malena Mard: Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatları dəstəkləyir

Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatları, o cümlədən ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımları dəstəkləyir və özəlləşdirmənin inkişafını diqqətlə izləyir.

“Caspian European Club”dan bildirilib ki, bu fikirləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard “Caspian Energy İnternational Media Group”un və “Caspian Energy”nin nümayəndə heyəti ilə görüşdə deyib. Görüşdə “Caspian European Club” (Caspian Business Club) və “Caspian Energy İnternational Media Group” çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif mövzulara, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub. M.Mard “Caspian European Club”un fəaliyyətini və klub tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndirib.

M.Mard qeyd edib ki, “Cənub qaz dəhlizi” Aİ üçün prioritet təşkil edir: “Biz 2020-ci ildə Azərbaycan qazını alacağımıza ümid edirik. Bundan əlavə, əldə olan məlumatlara görə, TANAP layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuş qrafiki qabaqlayır”.

O, Avropa şirkətlərinin Azərbaycan şirkətləri ilə yüksək əməkdaşlıq potensialından da danışıb. Bildirib ki, Azərbaycanla Aİ arasındakı yaxın və sıx əlaqələr ilbəil daha da inkişaf edir. M.Mard, həmçinin Aİ-nin Azərbaycanda nəhəng investor olduğunu da vurğulayıb.

Xanım Mard Aİ-nin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatları, o cümlədən ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımları dəstəklədiyini və özəlləşdirmənin inkişafını diqqətlə izlədiyini qeyd edib. O, Avropa şirkətlərinin bu baxımdan Azərbaycanda böyük rol oynaya biləcəklərini vurğulayıb.

Səfir Aİ-nin Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq etdiyini və turizmin inkişafının konkret istiqamətləri üzrə öz tövsiyələrini verdiyini qeyd edib. Bildirib ki, Aİ-nin Dövlət Statistika Komitəsi ilə də iqtisadi islahatlara yardım edəcək birgə layihəsi mövcuddur. O, kənd təsərrüfatı və yüksək keyfiyyətli məhsulların Avropa bazarına çıxarılması üzrə də əməkdaşlığın böyük potensialı olduğunu qeyd edib: “Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi ilə ardıcıl işlər aparılır. Azərbaycan yüksək keyfiyyətli məhsullara sahib olsa da, distribüterlik sisteminin inkişafı üzrə işləri sürətləndirmək qaçılmazdır”.