YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi dünyaya bir mesajdır

2016-cı ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilməsi çox düzgün qərardır. Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, bu gün dünyanın bir nömrəli problemi məhz tolerantlığın, qarşılıqlı hörmətin, mədəniyyətlərarası dialoqun olmamasıdır: “Bu gün Avropada, Yaxın Şərqdə gedən proseslər onu göstərir ki, dünya sivilizasiyasının bünövrəsini təşkil edən, millətlərarası münasibətlərə çox ciddi təsir göstərən qarşılıqlı hörmət anlayışı, tolerantlıq anlayışı aradan götürülüb, nəinki aradan götürülüb, hətta bir alət kimi istifadə olunur ki, milləti millətə qarşı qaldırsınlar və hansısa problemlər yaratsınlar. Bu nöqteyi-nəzərdən cənab Prezidentin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bu proseslərə bir cavabdır. Qoy gəlsinlər və baxsınlar ki, Azərbaycan Parlamentində bütün milli azlıqlar təmsil olunur, Azərbaycanda sünni-şiə problemi yoxdur, Azərbaycanda qarşılıqlı hörmət anlayışı əsasında fəaliyyət göstərən və yaşayan millətlər, insanlar mövcuddur. Mən problemi sözün əsl mənasında Qərbin öz içərisində elan etdiyi dəyərlərin "korroziyaya uğraması"nda görürəm”.

Millət vəkili bildirib ki, Azərbaycanda olan dəyərlər Qərb üçün də, Şərq üçün də vacib və çox əhəmiyyətli nümunədir: “Bu yaxınlarda İran və Səudiyyə Ərəbistanı arasındakı problemi gördük. Bu məsələdə də Azərbaycanın həm İran, həm də Səudiyyə Ərəbistanı ilə müsbət münasibətləri bu problemin aradan qaldırılması üçün çox böyük töhfə vermək imkanına malikdir. Ona görə də Azərbaycanda “Multikulturalizm ili”nin elan olunması, birincisi, dünyaya bir mesajdır, ikincisi, Azərbaycanda insanların, millətlərin, konfessiyaların birgə yaşaması üçün ən əsas düsturdur, üçüncüsü isə Azərbaycanın bu regionda rolunu müəyyən edən bir faktordur. Yəni biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq. Biz bu gün bağlayıcı, inkişaf etdirici bir amilə çevrilmişik”.