YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dekabrın 31-də Silahlı Qüvvələrdə “Açıq qapı günü” keçiriləcək

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dekabrın 31-də saat 10:00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Açıq qapı günü”nün məhz bu əlamətdar tarixdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini, dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını təcəssüm etdirən 31 dekabr tarixi xalqımızın böyük bayramına çevrilib. Hər bir azərbaycanlı bu milli birliyə, həmrəyliyə öz töhfəsini verir.

“Açıq qapı günü”ndə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Həmin gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.