YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının özünün keçdiyi şərəfli yol kimi onun Qadınlar Şurası da şərəfli, zəngin hadisələrlə dolu olan yol keçibdir

«20 il əvvəl YAP Qadınlar Şurasının yaradılması Azərbaycanın müasir tarixində əlamətdar hadisədir. YAP Qadınlar Şurasının yaradılması Ümummilli lider Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi müdrik siyasətin tərkib hissəsi olmaqla, ölkəmizi bütün dünyaya müasir, sivil imicdə təqdim etmək niyyətindən irəli gəlirdi. Təbii ki, bunun başqa məqamlarını da qeyd etmək olar. YAP Qadınlar Şurasının yaranması həmçinin ölkəmizdə nüfuzu getdikcə artan partiyamızın sosial bazasının daha da möhkəmləndirilməsi ilə əlaqədar idi. Həqiqətən, Heydər Əliyevin həyata keçirdiyi siyasəti, Onun rəhbərliyi altında yaradılan YAP-ı Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti kimi, qadınlarımız da birmənalı şəkildə dəstəkləyir, bu partiyanın sıralarında olmağa can atır, onun sıralarında fəaliyyət göstərmək istəklərini açıq şəkildə bildirirdilər». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov YAP Qadınlar Şurasının 20 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.

Əli Əhmədov bildirib ki, YAP-ın Qadınlar Şurasının yaradılması ehtiyacı obyektiv olaraq gündəmə gəlmişdi. Onun sözlərinə görə, YAP Qadınlar Şurasının yaranmasının bir məqsədi də Azərbaycan qadınlarının ictimai-siyasi həyatda iştirakının genişlənməsi ilə əlaqədardır. Bütün ölkə ictimaiyyəti, daha çox toplumun qadın hissəsi aydın dərk edir ki, YAP-ın vasitəsilə çoxlu sayda qadınlarımız ölkəmizin ictimai-siyasi proseslərində yaxından iştirak ediblər, Heydər Əliyev siyasətinin reallaşmasında böyük töhfələrini vermək imkanı qazanıblar. Beləliklə, tarix atılan bu addımın nə qədər doğru olduğunu 20 il ərzində sübuta yetirib”.
Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının özünün keçdiyi şərəfli yol kimi onun Qadınlar Şurası da şərəfli, zəngin hadisələrlə dolu olan yol keçibdir: «Təbii ki, Qadınlar Şurasının 20 illik şərəfli yolu YAP-ın tarixinin şərəfli bir parçasıdır. Yəqin ki, Qadınlar Şurası yaranmasaydı, qadınların YAP-ın fəaliyyətində iştirakçılığı olmasaydı, YAP-ı bu gün bizim gözlərimizin önündə canlanan güclü partiya kimi təsəvvür etmək mümkün olmazdı. Bu mənada Ulu öndər Heydər Əliyevin atdığı addımın nə qədər özünü doğrultduğu hər birimizə aydındır. Bu gün Azərbaycanın qadınları təkcə YAP-ın sıralarında deyil, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Bu, Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır. Bu bizi sevindirir ki, Azərbaycan qadınları bütün sferalarda kişilərlə birlikdə çalışırlar, öz qabiliyyət və bacarıqlarını ölkəmizin inkişafı naminə təqdim edirlər və ölkəmizin inkişafına böyük töhfələr verirlər. Güman edirəm ki, YAP Qadınlar Şurasının bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir və bundan sonra da ölkəmizin inkişafında YAP-la yanaşı onun Qadınlar Şurasının rolu və əhəmiyyəti getdikcə artacaq».