YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Üçrəngli bayrağımız qürur mənbəyimizdir

   Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

- Musa müəllim, 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Sizcə, hər hansı xalq üçün bayraq nə anlam daşıyır? 

- Dövlətimizin üçrəngli  bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar.  Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması  həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır. Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır. 
Müstəqil Azərbaycanın ilk müstəqil bayrağı bildiyiniz kimi 1918 – ci ildə Gəncə şəhərində qəbul olunub. O zaman Şərqdə ilk demokratik respublika olan müstəqil Azərbaycanın Nazirlər Şurası Bakı şəhəri daşnak – bolşevik qüvvələri tərəfindən işğal olunduğuna görə Gəncə şəhərində yerləşirdi. İlk bayraq kimi 24 iyun 1918 – ci il tarixində qırmızı rəngli ay və səkkizguşəli ulduzdan ibarət bayraq qəbul olunmuşdu və qeyd edilmişdi ki, bu bayraq müvəqqətidir. Daha sonra 9 noyabr 1918 – ci il tarixində müqəddəs üçrəngli bayrağımız qəbul olundu və dalğalanmağa başladı. Təbii ki, bu məqamda üçrəngli bayrağımızın ideologiyasının yaradıcısı Əli bəy Hüseynzadəni xatırlamaq lazımdır. Əli bəy Hüseynzadənin türkçülük, müasirlik, islamlaşmaq ideyaları üçrəngli bayrağımızda öz əksini tapıb. Bu bayraq həm də,  Azərbaycan dövlətinin öz inanclarına, öz dəyərlərinə sadiqliyindən xəbər verirdi. Amma təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, bu bayrağımız zirvələrdə dalğalanmadı.
 Amma görünür, Tanrının lütfü bizdən ötrü imiş ki, üzərindən uzun illər keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik. 
Belə ki, 17 noyabr 1990 – cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız  Naxçıvan Ali Məclisinin qərarı ilə  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Həmin qərardan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasının önündə Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs üçrəngli bayrağı dalğalandı. Eyni zamanda, Azərbaycan Respublikasının  Ali  Sovetinə təklif  olundu ki, üçrəngli bayrağımız Azərbaycanın  dövlət bayrağı kimi qəbul edilsin.  Daha sonra üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu. 

- Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericilik səviyyəsində necə qorunur? 

- Bilirsiniz ki, parlament tərəfindən «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında» qanun qəbul edildi. 8 iyun 2004 – cü il tarixində isə Milli Məclis "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanun qəbul etdi. Həmçinin, «Dövlət bayrağı haqqında Əsasnamə» də qəbul edildi. Buna qədər bayraqdan necə gəldi istifadə olunurdu. İctimai – siyasi təşkilatlar, müxtəlif qurumlar dövlət bayrağını harda gəldi asırdılar. Bu da dövlətçilik təcrübəsinin zəif olmasından, insanlarda dövlətçilik şüurunun kifayət qədər yetkin olmamasından irəli gəlirdi. Ona görə də, vacib idi ki, belə bir qərar qəbul olunsun. Bu qərarlarla biz Azərbaycan bayrağının müqəddəsliyini, Azərbaycan bayrağının dəyərini bir daha anlamış, dərk etmiş olduq. Bayraq bir simvoldur. Bu simvolun arxasında isə milli dövlətçiliyimiz, milli şüurumuz, milli mənliyimiz, milli özünüdərkimiz dayanır. Bu mənada həmin qərar böyük əhəmiyyətə malik idi. 

- 9 noyabrın təqvimə Dövlət Bayrağı Günü kimi daxil  edilməsinin siyasi əhəmiyyəti nədən ibarətdir?

- 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.   Həmin gün kimliyindən, düşüncəsindən, iqtisadi – sosial səviyyəsindən asılı olmayaraq, bütün vətəndaşlar bir anlığına düşünəcəklər ki, mən niyə evdəyəm? Bu istirahət hüququnu mənə nə verib? Bu kimi sualları özünə verdikdən sonra o, öz ailə üzvlərinə, ətrafına, yaxınlarına üçrəngli bayrağımız haqqında məlumat verəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Onu da qeyd edim ki, Dövlət Bayrağı Meydanı hər dövlətdə yoxdur. Dövlət Bayrağı Meydanının yaradılmasının özü bayrağa xüsusi bir münasibətin ifadəsidir. Yəni, meydanda insanlar gəzir, öz asudə vaxtlarını keçirir, qonaqlar gələndə həmin meydanı ziyarət edirlər və bu da insanların yaddaşına bayrağın əbədi həkk olunmasına, insanlara milli dövlətçilik şüurunun aşılanmasına xüsusi stimul verir. Təməli 2007-ci ilin dekabrında qoyulan Meydan üçün seçilmiş yerdə dalğalanan üçrəngli əzəmətli Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsi də ayrıca bir xüsusi önəm daşımaqdadır. Yəni, ölkə paytaxtında olan, yaşayan, qonaq gələn hər kəsdə bu Meydan haqqında dolğun təəssüratlar yaranacaq. Bayraq Meydanının yaradılması haqqında verilən qərar Azərbaycan dövlətçilik tarixində verilən ən önəmli qərarlardan biridir. Siz düşünün, ümumi ərazisi 60 hektar olan meydanda dalğalanan bayrağın Ginnes dünya rekordları təşkilatı tərəfindən 2010-cu il mayın 29-da dünyanın ən hündür bayraq dirəyi olduğunu təsdiq etməsi də bizim üçün ayrıca bir şərəfdir. Biz bu Dövlət Bayrağı Meydanı vasitəsi ilə dünyaya “Biz varıq!” mesajını verdik. Artıq imzamızın millətlərin imzaları içində olmasını sübut etdik. Bunun bariz bir sübutu idi ki, Prezident İlham Əliyev dəfələrlə ölkənin birinci xanımı, dövlət rəsmiləri birgə dəfələrlə açılışdan öncə həmin meydana baş çəkir və görülən işlərlə şəxsən maraqlanırdı. Nəhayət, 2010-cu il sentyabrın 1-də isə ölkə başçımızın iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirildi.
Təbii ki, bu müstəqillik asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, mən düşünrəm ki, Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Bu münasibətlə mən bütün xalqımızı təbrik edirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli müstəqilliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bizim də borcumuzdur ki, bu bayrağın əbədi dalğalanması üçün əlimizdən gələni edək, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışaq.

- Üçrəngli bayrağımız bu gün mötəbər beynəlxalq təşkilatların da qarşısında dalğalanır. Bu da çox qürurverici məqamdır... 

- Bəli, bu gün qürurla deyə bilirik ki, dövlətimizin bayrağı dünyanın mötəbər təşkilatlarının qarşısında dalğalanır. Son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artdığını nəzərə alsaq, bayrağımızın bütün səviyyələrdə yüksəldiyini əminliklə deyə bilərik. Təkcə dövlət tədbirlərinə deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. 
Amma əvvələr, müstəqilliyimizin ilk illərində belə deyildi. Mən deputat olduğum ilk illərdə Milli Məclisin  ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü idim. Həmin vaxtlarda beynəlxalq tədbirlərdə iştirak məqsədilə xaricə gedəndə müxtəlif ölkələrin nümayəndələri yaxamızdakı dövlət bayrağının təsvir olunduğu döş nişanına baxırdılar və hansı ölkədən olduğunu soruşurdular. Bəziləri Azərbaycan haqqında elə də məlumatlı deyildi. Üçrəngli bayraqla bizi tanıyırdılar. 
İndi isə tamam fərqli mənzərədir. Azərbaycan güclü dövlətdir və dünyada özünməxsus yer tutur. Hazırda mən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində nümayəndə heyətinin üzvüyəm. Bu təşkilata üzv olan 12 dövlətin nümayəndə heyətləri hər hansı təklif irəli sürmək istəyərkən  Baş Assambleyanın iclasından əvvəl bizimlə əlaqə saxlayırlar, Azərbaycan tərəfinin fikrini soruşurlar. Biz dəstəklədiyimiz halda həmin təkliflər assambleyaya çıxarılır. Digər təşkilatlarda da Azərbaycanın mövqeyi nəzərə alınır. Baxmayaraq ki, ölkəmizə qarşı müəyyən qüvvələr özlərinin korporativ, siyasi maraqları naminə bizə böhtan atırlar, təzyiq göstərmək istəyirlər, amma bütün bunların hamısı əbəsdir. Belə bir atalar məsəli var ki, barlı ağaca daş atan çox olar. Məsələn, Ermənistan kimi ölkə kimin  nəyinə lazımdır? Belə bir dövlətin mövcudluğu hiss olunmur. Ermənistandan Azərbaycana qarşı müəyyən məqamlarda istifadə olunur. Hansı dövlət sürətlə inkişaf edir, güclü dövlətdir bir çoxları istəyir ki, onunla dost olsun. Bəzi xarici dairələr isə inkişaf edən ölkələri öz təsir dairəsində saxlamaq üçün təzyiqlər  göstərmək istəyirlər. Azərbaycana qarşı haqsız tənqidlərin kökündə də məhz bu amil dayanır. 
Biz müstəqil Azərbaycanla fəxr edirik. Buna görə də, Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, Onun müəyyənləşdirdiyi siyasətə borcluyuq. Bu siyasət Prezident İlham  Əliyev tərəfindən uğurla davam etdirilir. Bir sözlə, Dövlət Bayrağı Gününün təsis  olunması bizim öz müstəqilliyimizə, dövlətçiliyimizə olan ehtiramdan irəli gəlir. Bununla xalqımız dövlətimizin qüdrətini dünyaya nümayiş etdirməkdədir. 

- Musa müəllim, bu gün gənc nəslin müstəqil dövlətimizin atributlarına, o cümlədən bayrağımıza olan münasibətini necə qiymətləndirirsiniz? 

- Bizim gənc nəsillərimiz kifayət qədər vətənpərvər böyüyür. Azərbaycan gəncliyi öz dövlətini sevir və tarxini dərindən öyrənir. Təbii ki, gənclərin vətənpərvər ruhda tərbiyələnməsi, dövlət bayrağını sevməsi ailədən və təhsildən başlayır. Onlar həm ailədə bu yöndə tərbiyə almalı, həm də, məktəbdə onlara bütün bunların önəmi aşılanmalıdır. Bəzən yerli-yersiz ölkənin təhsil sistemi haqqında tənqidlər olur. Dünyada da belədir ki, islahatlar mərhələ-mərhələ həyata keçirilməlidir. İlk növbədə, bu islahatlar üçün baza olmalıdr. İqtisadi islahatlar aparılmadan onun üzərində sosial-humanitar islahatlar aparmaq mümkün deyil. 
Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra  bu islahatlar başladı. Siyasi islahatlar, iqtisadi islahatlar sonra isə sosial və humanitar islahatlar getməlidir. Bəzən pensiya, səhiyyə, təhsil sistemini tənqid edənlər olur. Onların bir hissəsi bilməyərəkdən olan tənqidlərdir. Eləcə də, populist tənqidlər də var. Mövcud olan problemləri dövlət qurumları da bilir. Amma həmin problemlərin həllinin zamanı,  məqamı var. Bu gün biz məktəblərin maddi-texniki bazasını yaratmasaq təhsildə keyfiyyət necə ola bilər? Uçuq binalarda yüksək təhsil vermək mümkün deyil. Ona görə də, ilk növbədə, müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılır. Təbii ki, bunun ardınca biz təhsildə daha keyfiyyətli dəyişikləri, islahatları müşahidə edəcəyik. Hazırda bu proses də gedir. Eyni zamanda, təhsil müəssisələrində vətənpərvərlik yüksək səviyyədə təbliğ olunur. O cümlədən, kütləvi informasiya vasitələrində təbliğ olunur, maarifləndirmə işləri aparılır. Hər hansı tədbirlə əlaqədar böyük zallara girəndə görürük ki, bütün gənclər dövlət himnini oxuyur. Amma mənim nəslimin yarısı isə himni əzbərdən bilmir. Sevindirici haldır ki, gənclərimizin hamısı  bunu bilir, onlar dövlət bayrağına yüksək ehtiram bəsləyirlər. Bu da vətənpərvərliyin bariz nümunəsidir. Bayrağımız, himnimiz, gerbimiz məktiəblərdə, digər təşkilatlarda təbliğ olunur. Söhbət təkcə bayrağı tanımaqdan getmir. Söhbət vətəni, bayrağı insanlara sevdirməkdən gedir. Bu mənada gənclərimizin tərbiyəsini yüksək qiymətləndirirəm.