MÜSAHİBƏLƏR
Ulu Öndər Heydər Əliyevin zəngin dövləçilik irsi əbədiyaşardır
- Hicran xanım, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. Ulu Öndərin SSRİ dönəmində Azərbaycana rəhbərliyi dövründə milli maraqların qorunması naminə görülən işlər barədə nə demək olar?
- Ölkəmizin tərəqqisi naminə yaşayan və bu müqəddəs amallar uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini sistemli şəkildə inkişaf etdirmiş, ötən əsrin sonlarına doğru böyük fədakarlıqla formalaşdırdığı müstəqil dövlətimizin sosial-iqtisadi və siyasi sabitliyini, həmçinin demokratik yüksəlişini təmin etmişdir.
Ümummilli Lider Heydər Əliyev dünya siyasi tarixində ən dahi liderlərdən biri kimi dərin iz qoymuş şəxsiyyətdir. İctimai-siyasi xadimi səciyyələndirərkən onun şəxsi keyfiyyətləri, əqidəsi və həyata baxışı əsas meyarlar hesab olunur. Bu kontekstdən yanaşdıqda Ulu Öndər Heydər Əliyevin fenomenal şəxsiyyət olduğu açıq-aydın görünür. O, hələ Sovet dövründə müxtəlif dövlət strukturlarında çalışarkən, eləcə də ölkəyə rəhbərlik etdiyi illərdə yeni idarəetmə mədəniyyəti, innovativ yanaşmalar və strateji baxış formalaşdırırdı. Hər zaman vurğulandığı kimi, ailə cəmiyyətin güzgüsüdür. Ulu Öndərin öz ailəsinə münasibəti, şəxsi davranış mədəniyyəti ilə ziyalılıq, alicənablıq, qarşılıqlı hörmət və yüksək insani dəyərlər kimi xüsusiyyətləri cəmiyyət tərəfindən olduqca müsbət qəbul olunurdu.
Heydər Əliyev milli kimliyimizin qorunması və mədəniyyət sahəsinin inkişafı istiqamətində mühüm addımlar atmışdır. O dövrün siyasi-iqtisadi reallıqları fonunda müstəqil şəkildə milli mədəniyyət günləri, ədəbi-bədii yaradıcılıq gecələri, poeziya bayramları, festivallar və beynəlxalq tədbirlərin təşkili heç də asan deyildi. Buna baxmayaraq, Ulu Öndər güclü iradəsi və şəxsi nüfuzu sayəsində bu təşəbbüslərin reallaşmasına nail olmuşdur. Məhz Heydər Əliyevin liderlik keyfiyyətləri, strateji düşüncəsi və cəmiyyətin inamı sayəsində ölkədə elm, təhsil və mədəniyyət sahələrində mühüm layihələr həyata keçirilmişdir. Bu layihələr həm milli özünüdərk prosesinə güclü təkan vermiş, həm də ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən etmişdir.
Ulu Öndərin qadınlara, uşaqlara və yaşlılara göstərdiyi münasibət, Onun yardımsevərliyi, eləcə də müxtəlif tədbirlərdə səsləndirdiyi dahiyanə fikirlər dərin dünyagörüşünün və çoxillik həyat təcrübəsinin təzahürü idi. Bu yanaşma həm də ölkəmizin reallıqlarını, xalqın milli-mənəvi irsini və intellektual həyat tərzini əks etdirən mühüm ideya mənbəyi kimi xüsusi əhəmiyyət daşıyırdı. Heydər Əliyevin tapşırıq və tövsiyələri ölkəmizin ictimai fikir tarixində önəmli yer tutur. Çünki bu düşüncələr təkcə bir çağırış və nəsihət deyil, həm də Azərbaycanın gələcək inkişaf istiqamətlərini işıqlandıran yol göstəricisi rolunu oynamışdır.
Ulu Öndər Heydər Əliyev vurğulamışdır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Bu çağırışın mahiyyəti Azərbaycanı bütöv, müstəqil və güclü, vətəndaşları isə əzmli, vətənpərvər və qürurlu görmək kimi bir məqsədi ifadə etmişdir. Onun “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın” fikri isə həm öhdəlik, həm də dəyərli bir nəsihət idi. Tarixin müxtəlif dövrlərində müəyyən düşmən qüvvələr tərəfindən xalqımızı öz milli kimliyindən, mədəniyyətindən, dilindən ayırmaq, sahib olduğumuz zəngin irsi saxtalaşdırmaq cəhdləri olmuşdur. Lakin millət yalnız öz kökünə bağlı qaldıqda böyüklüyünü dərk edir. Ulu Öndər bu məsələyə son dərəcə həssas yanaşmışdır. O, yaxşı bilirdi ki, keçmişindən ayrı düşən xalq bu günü düzgün qiymətləndirə və gələcəyini qura bilməz. Məhz buna görə dahi lider hər bir fürsətdə əzmlə və ardıcıllıqla çalışmış, tariximizin, mədəni dəyərlərimizin yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsi üçün uğurla, yorulmadan fəaliyyət göstərmişdir.
Ümumiyyətlə, 1980-ci illərdə keçmiş SSRİ rəhbərliyi çalışırdı ki, Heydər Əliyevi Bakıdan və Azərbaycandan uzaqlaşdırsın. Bu prosesin arxasında xüsusilə erməni dairələri və onların havadarları dayanırdı. Məhz həmin müdaxilə və təzyiqlər ölkəmizin başına gələn bəlaların başlanğıc nöqtəsi oldu. Ermənipərəst Sovet rəhbərliyi Qarabağı asanlıqla ermənilərə vermək məqsədilə Heydər Əliyevi SSRİ-nin ali rəhbərliyindən uzaqlaşdırmaqla kifayətlənmir, Onu daim ciddi nəzarət altında saxlayırdı. 1990-cı ildə 20 Yanvar faciəsi baş verərkən, bütün təhlükələrə baxmayaraq, Ulu Öndər Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, dərin hüznlə xalqımıza başsağlığı verdi. O, Vətənin harayına yetişərək beynəlxalq mətbuat konfransı keçirdi, Ümummilli Liderin cəsarətli çıxışı Bakıda törədilən cinayətlərin, baş verən hadisələrin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından həlledici addım idi. Heydər Əliyev çox yaxşı bilirdi ki, Onun özünün, hətta ailə üzvlərinin həyatı real təhlükə altındadır. Lakin Vətənə bağlılıq, xalqa olan böyük sevgisi bütün riskləri və çətinlikləri ikinci plana keçirirdi.
- 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etmiş, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və milli birliyin təmininə nail olmuşdur…
- Dünya şöhrətli dövlət xadimi Heydər Əliyev bütün maneələrə rəğmən Vətənə qayıtdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider faktiki olaraq Azərbaycanın dünya siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Ulu Öndərin müdrikliyi sayəsində ölkəmiz parçalanmaq təhlükəsindən, xaos və anarxiyadan, dərin iqtisadi böhrandan və digər təhdidlərdən xilas edildi. Onun qətiyyətli siyasi iradəsi nəticəsində ölkədə sabitlik və əmin-amanlıq təmin olundu, ardıcıl islahatlara start verildi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın sosial-iqtisadi inkişafına və milli təhlükəsizliyinə strateji təminat yaradan “Əsrin müqaviləsi” neft sazişi imzalandı. Sosial-iqtisadi islahatlar konsepsiyası formalaşdırılaraq mərhələli şəkildə həyata keçirilməyə başlandı. Beləliklə, ölkəmizin müstəqilliyi möhkəmləndirildi, dövlətçilik ideologiyası və onun təməl prinsipləri yaradıldı.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ilin noyabrın 12-də referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizdə mühüm önəm kəsb edir. Bu ali sənəd hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan ilk dəfə olaraq demokratik, hüquqi və dünyəvi dövlət kimi insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü öz inkişaf yolunun əsas prinsipi kimi seçdi. 1995-ci ildə keçirilən parlament seçkiləri dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün hüquqi bazanın yaradılmasına geniş imkanlar açdı və ölkənin inkişaf istiqamətlərini müəyyənləşdirən əsas istinad mənbəyi rolunu oynadı. Bununla da Azərbaycan dünya dövlətləri sırasında layiqli yerini tutdu və beynəlxalq münasibətlərin subyektinə çevrildi. 1995–2003-cü illərdə ölkəmiz insan hüquqları, qadın və uşaq hüquqları, demokratik təsisatların möhkəmləndirilməsi sahəsində bir sıra beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu.
Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın erməni işğalından azad olunması idi. Ulu Öndər bu Qələbəyə bütün varlığı ilə inanırdı. Onun hər bir çıxışı xalqımızda mübarizə əzmi və inamı gücləndirirdi. Erməni millətçiləri, separatçılar və onları himayə edən dairələr qarşısında qətiyyətli və prinsipial mövqe sərgiləyən dahi dövlət xadimi daim bildirirdi ki, ruhdan düşmək və mübarizədən bir an belə geri çəkilmək yolverilməzdir. O, yorulmadan, usanmadan saatlarla erməni işğalından, xalqımıza qarşı törədilmiş soyqırımlarından, Qarabağ probleminin əsl mahiyyətindən danışır, geniş məruzələr edir, müzakirələr aparırdı.
Heydər Əliyev bu məsələdə dəyişməz iradəyə sahib idi və dəfələrlə vurğulayırdı ki, “Əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və Ermənistan da bilməlidir ki, biz torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik”. Xalq bu qətiyyətli iradəni dəstəklədi və həmin yol Ümummilli Liderin mübarizə amalına çevrildi.
- Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dayanıqlı inkişaf yolunda inamla irəliləyərək sosial-iqtisadi və hərbi-strateji sahələrdə əhəmiyyətli nailiyyətlər qazanıb…
- Heydər Əliyev siyasəti Azərbaycanın inkişafı, müasirləşməsi və yeniləşməsi üçün əsas dayağa çevrildi. 2003-cü ildən etibarən Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətlə davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, vətəndaşların rifahı əhəmiyyətli dərəcədə yüksəlir. Azərbaycanın hərbi qüdrəti isə müqayisə olunmaz dərəcədə güclənib. Şəhər və kəndlərin siması köklü şəkildə dəyişir, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri uğurla tətbiq olunur. Bütün bunların fonunda Azərbaycan dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul edilir. Ölkənin beynəlxalq nüfuzu artır, mövqeyi güclənir, bir çox beynəlxalq reytinqlərdə yüksək yerlər tutur və bu amillər xalqımız üçün qürur mənbəyinə çevrilib. Ötən illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan güclənib, regionun lider dövlətinə çevrilib. Azərbaycan nəhəng nəqliyyat, kommunikasiya, enerji, neft və qaz layihələrini həyata keçirərək, Cənubi Qafqazda ən güclü dövlət olduğunu sübut edib.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatlarında tarixi zəfərlər qazanmış, ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Beləliklə, dövlətimizin başçısı həm ata vəsiyyətini yerinə yetirmiş, həm də xalqın arzusunu həyata keçirmişdir.
Biz fəxr edirik ki, Vətən uğrunda canlarını qurban vermiş igid şəhidlər dövlət suverenliyi uğrunda, həmçinin doğma torpaqlarımızda erməni faşizminin məhv edilməsi və bir daha baş qaldırmaması naminə özlərini fəda etdilər. Onların qəhrəmanlığı və müqəddəs ruhu xalqımızın qəlbində daim yaşayacaqdır.
Beləliklə, 22 ildir ki, Ümummilli Lider Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, Ulu Öndərin əbədiyaşar ideyaları daim yaşayır və qalib gəlir. Onun ruhu şaddır, çünki Azərbaycan qarşısına çıxan bütün taleyüklü məsələləri həll edib. Ölkəmiz inkişaf edir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir. Ulu Öndər qeyd etmişdir: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir”.
Bu gün Azərbaycan yalnız regionda deyil, bütün dünyada nüfuzunu artırır, qlobal təşəbbüslər irəli sürür, sülh, təhlükəsizlik, ədalət və bərabərlik naminə töhfələrini verir. Bəli, biz qürurluyuq, alnımız açıq və başımız dikdir. Hər bir azərbaycanlı milli mənsubiyyəti, tarixi və dövləti ilə fəxr edir.
