YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın uğurlu icrası çevik sosial müdafiə mexanizmlərini formalaşdırmaqdadır

   Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev

 

Azərbaycanda iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması bizi fərqləndirən cəhətdir.  Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev

 

- Elman müəllim, Azərbaycanda iqtisadi islahatların sosial tədbirlərlə tamamlanması hansı nailiyyətlərə zəmin yaratmışdır?

-  Təməl prinsipləri ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çevik siyasət və çoxşaxəli fəaliyyət  əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli ölkəmizdə yeni iqtisadi sistemə sürətli keçidi şərtləndirərək sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin etmişdir. Bu əsasda bütün istiqamətlərdə islahatların vahid konsepsiya çərçivəsində qısa zamanda gerçəkləşdirilməsi Azərbaycanı ahəngdar inkişafa malik modern dövlətə çevirmiş, eyni zamanda müasir qloballaşan dövrün ağır sınaqlarına və sosial-iqtisadi xüsusiyyətlərinə cavab verən tənzimləyici mexanizmləri formalaşdırmışdır. 
Müstəqilliyinin ilk dövründən daha ekstremal sınaqlar və ciddi sosial təhdidlərlə üzləşməsinə baxmayaraq, qloballaşmanın diqtə etdiyi yanaşma meyarları ilə  milli reallıqlara əsaslanan baxışların uğurla əlaqələndirilməsini təmin edən Azərbaycan Respublikası  digər postsovet ölkələri ilə müqayisədə daha sürətlə inkişaf etmiş, sosial-siyasi və sosial-iqtisadi sahədə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirərək beynəlxalq sistemin vacib faktoruna, regionun aparıcı qüvvəsinə çevrilmişdir. Ölkəmiz ən məqbul inkişaf istiqaməti olaraq sərbəst bazar iqtisadiyyatı yolunda əhəmiyyətli irəliləyişlərə nail olmuş, bununla belə bazar iqtisadiyyatının diqtə etdiyi şərtlərin bəzi məqamlarda cəmiyyətin müəyyən təbəqələrinin sosial mənafeyinə qarşı yönəlməməsi üçün iqtisadi islahatlar qabaqlayıcı sosial tədbirlərlə tamamlanmış, inkişafın başlıca hədəfinin sosial rifahın gücləndirilməsi olması əsas strateji kurs seçilmişdir. Son 10 ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 50-yə yaxın dövlət proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuş, milli iqtisadiyyatın həcmi 3,6 dəfə böyümüş və adambaşına düşən nominal ümumi daxili məhsul orta hesabla hər 5 ildən bir 2 dəfədən sox artmışdır. Bunun nəticəsi kimi, Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli» ölkələr qrupunda qərarlaşmışdır. «Dünya rəqabət qabiliyyətli 2013-2014» hesabatında Azərbaycan MDB ölkələri arasında son 5 ildəki birinciliyini qoruyub saxlamış, makroiqtisadi mühit göstəricisi üzrə dünyada 8-ci, ümumi milli yığımın ümumi daxili məhsula nisbətinə görə 10-cu, dövlət borcunun ümumi daxili məhsula nisbətinə görə 13-cü yerdə qeydə alınmışdır. Ölkəmiz inflyasiyanın ən aşağı olduğu ölkə kimi xarakterizə olunur və iqtisadi mühitin yaxşılaşması nəticəsində «Doinq Business» hesabatı üzrə  son 7 ildə 31 pillə irəliləmişdir.  
Azərbaycan dövləti ilk növbədə bu inkişafın ölkə vətəndaşlarının  rifahının yaxşılaşdırılmasına yonəldilməsinə nail olmuş, yəni əhalinin həyat səviyyəsinin yüksəldilməsinin başlıca istiqamətlərindən biri kimi iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilmişdir. Makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, xüsusilə regionlarda və kənd yerlərində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi təyin olunması Azərbaycanın milli iqtisadiyyatının sosial yönümlülüyünü daha da artırmışdır. Nəticədə ötən 10 ildə əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələmişdir. Yoxsulluq səviyyəsi 5,3 faizə enmişdir və hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırmış, BMT İnkişaf proqramının hesabatında «yüksək insan inkişafı» ölkələri qrupunda qərarlaşmışdır.

-    Bu konteksdə ölkəmizin sığorta-pensiya sisteminin inkişafını necə xarakterizə edərdiniz? Hansı nailiyyətləri daha çox fərqləndirmək olar?

- Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmuşdur və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunmuşdur. Bu gün nüfuzlu beynəlxalq qurumlar və maliyyə institutları tərəfindən sosial islahatların Azərbaycan modelinin tətbiqi nəticəsində əldə olunmuş üç əsas nailiyyət digər keçid ölkələri üçün nümunə kimi qiymətləndirilir. 
Bunlardan birincisi, ölkənin iqtisadi həyatı ilə  pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Beləliklə, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə  uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatmışdır. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2014-ci ildə  5% nəzərdə tutulmuşdur. Hazırda 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin  8,8 % təşkil etdiyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,52%-i qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə ( 0,3-0,48%)  uyğundur.
Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm bir problemin-qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 2 milyon 800 min nəfərdən çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin etmişdir. Bütün bunlar dünyada iqtisadi böhranın sosial mərhələsinin davam etdiyi hazırkı şəraitdə Azərbaycanda pensiya proqramlarının vaxtında və tam icra edilməsinə birbaşa təsir göstərməkdədir.  
Üçüncüsü və ən əsası isə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması siyasətinin nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunması və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapmasıdır. Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti  içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə yuxarıdır. Bu sırada MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus 165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşması (Azərbaycan 95,2%, Belarus 79,8%, Rusiya 70,4 %) xüsusi qeyd olunmalıdır.

-    Beynəlxalq təcrübədə pensiya sistemləri ilə bağlı problemlər daim gündəmdədir. Ötən dövrdə ölkəmizdə aparılan mütərəqqi pensiya islahatlarının davamı olaraq növbəti mərhələdə daha hansı aktual məsələlər öz həllini gözləyir?

- Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya  sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Çünki beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi, bu sistemlərin hazırki cəlbediciliyi və sosial imtiyazlar təqdim etməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaları ilə ölçülür. 
Müasir dünyada pensiya sistemlərinin qarşısında duran problemlər demoqrafik tendensiyalar, iqtisadiyyatın qloballaşması, miqrasiya artımı kimi təsirlərdən qaynaqlanır.  Bu gün dünya doğum səviyyəsinin azalması və orta ömür  həddinin artmasından irəli gələn demoqrafik dəyişikliyin astanasında dayanmışdır və «qlobal yaşlanma» adını almış bu problem ailə xarakteristikasından başlayaraq dünya quruluşuna kimi həyatın bütün iqtisadi, sosial və siyasi aspektlərinə toxunmaqdadır. BMT-nin apardığı hesablamalara əsasən dünyada 59 yaşdan yuxarı əhalinin xüsusi çəkisi qarşıdakı 20 il ərzində təqribən 50 faiz artacaqdır ki, belə bir qlobal yaşlanma şəraitində hazırkı doğum səviyyəsi sabit qalsa belə, 25 yaşlı insanların sayının hər 25 ildən bir 20 faiz azalacağı proqnozlaşdırılır. Bu proseslərin nəticəsində bir tərəfdən, insanların pensiyada olma müddəti artır, digər tərəfdən isə işçi qüvvəsinə qoşulan gənclərin sayı və ya pensiyaların ödənilməsi  mənbəyi azalır ki, bu da pensiya sistemlərinin maliyyə dayanıqlığı problemini gündəliyə gətirir. 
İlkin mərhələdə əsasən inkişaf etmiş ölkələrin problemi kimi nəzərdən keçirilən bu tendensiya iqtisadiyyatın qloballaşması şəraitində işçi qüvvəsinin sərbəst yerdəyişməsi zərurətini doğurmuş və nəticə etibarilə inkişaf etməkdə olan bazar iqtisadiyyatı ölkələrinin pensiya sistemlərinə daha çox təsir göstərməyə başlamışdır ki, həmin məsələ Azərbaycan üçün də xarakterik hesab edilə bilər. Hazırda qlobal yaşlanmanın şərtləndirdiyi miqrasiya prosesləri nəticəsində  gənc işçi qüvvəsinə sahib şəxslərin digər ölkələrin əmək bazarlarına, müəyyən zaman keçdikdən, yəni yaşlanma prosesindən sonra isə  geriyə axınını aydın müşahidə etmək olar ki, belə şəraitdə nəsillərin həmrəyliyi prinsipi ilə fəaliyyət göstərən pensiya sistemləri bir tərəfdən işçi qüvvəsi dəstəyindən məhrum olur, digər tərəfdən isə sistemə əsaslı tövhəsi olmayan yaşlı insanların təminatı problemi ilə üzləşir. İşçi qüvvəsini idxal edən ölkələrdə etiraf olunan qeyri-leqal məşğulluq göstəriciləri isə bu problemin dövlətlərarası sazişlər vasitəsilə tənzimlənməsi imkanlarını məhdudlaşdırır. Başqa sözlə, əhalinin yaşlanması prosesi ayrı-ayrı ölkələr üzrə deyil, qlobal miqyasda təsiredici amilə çevrilir və  pensiya sistemlərinin buna hazırlıq səviyyəsi əsas prioritet kimi çıxış edir. 
Müasir beynəlxalq təcrübədə qeyd olunan problemin qiymətləndirilməsi məqsədilə yeni analitik alət kimi Yaşlanmaya Hazırlıq Qlobal İndeksindən istifadə olunur və  dünyanın aparıcı 20 dövləti üzrə 2040-cı ilədək həmin indeksin səviyyəsi işləyən əhalinin gələcək pensiyaçıların təminatını dəstəkləməyə nə dərəcədə hazır olması baxımından çox fərqli nəticələri ortaya qoyur. Məsələn, gəlirlərin yetərliliyinə görə nisbətən yüksək göstəriciyə malik Hollandiya, Braziliya, Almaniya və Birləşmiş Krallıq büdcə dayanıqlığına görə ən aşağı səviyyədədirlər. Və ya əksinə, dayanıqlı büdcə təsiri bağışlayan Meksika, Çin və Rusiya gəlirlərin yetərliliynə görə ən aşağı yerləri bölüşürlər. Fransa və İtaliya isə hər iki göstərici üzrə aşağı səviyyədə qərarlaşıblar ki, həmin ölkələrin əvəzetmə əmsalını 15 faiz bəndi azaltmaq mümkün olsa belə, fiskal cəhətdən qeyri sabit traektoriyada qalacaqları aydın görünür. 
Maliyyə böhranına qədərki dövrdə qeyd olunan vəziyyətdən əsas çıxış yolu kimi bölüşdürücü həmrəylik prinsipinə əsaslanan pensiya sistemlərinin tədricən fərdi yığım planları ilə əvəzlənməsi təklif olunurdu və Almaniya, Fransa və Finlandiyanın pensiya sistemləri bölüşdürücü-həmrəylik prinsipinə əsasən fəaliyyət göstərsələr də,  real yığıma əsaslanan Çili, Argentina və Qazaxıstanın pensiya sistemləri daha perspektivli hesab edilirdi. Eləcə də qeyd olunan yanaşmanın təsiri ilə Böyük Britaniya, İsveç, Hollandiya, Polşa, Macarıstan, Rusiyanın pensiya sistemləri qarışıq tipli (hər iki prinsipə əsaslanan elementlərin olduğu) sistemlər kimi formalaşmışdı. Azərbaycanda da dövlət pensiya təminatında məcburi real yığım komponentinin tətbiqi müəyyənləşdirilmiş, lakin bununla bağlı kifayət qədər ehtiyatlı mövqe tutulmuşdur. Qlobal maliyyə böhranı ölkəmizin bu mövqeyinin daha düzgünlüyünü və məcburi sığortalanmaya əsaslanan fərdi yığım planlarının heç də təhlükəsiz olmadığı həqiqətini ortaya qoydu. Xüsusilə məcburi real yığım prinsipli pensiya sistemlərində maliyyə böhranı şəraitində baş verən ciddi problemlər, bu sistemin tətbiqində nümunə hesab olunan Çili və digər Latın Amerikası ölkələrində tədricən bölüşdürücü-həmrəylik sisteminə keçid, qarışıq sistemə əsaslanan Polşa, Macarıstan və Rusiyanın pensiya sistemlərində isə məcburi real yığım komponentinin ixtisarı tədbirləri qeyd olunan məsələyə fərqli mövqeləri şərtləndirdi. 
Bütün bünların nəticəsi kimi bölüşdürücü-həmrəylik sistemində iştirakçıların məsuliyyətinin artırılması zəruriliyi, real yığım sistemində isə hər bir şəxs üzrə açılmış  hesablara toplanan real pul vəsaitlərinin pensiyaya çıxma vaxtınadək müxtəlif bazar təsirlərindən qorunmasındakı problemlər həmin sistemlərə dair klassik baxışların tədricən dəyişməsinə səbəb olmuşdur. Hazırda bu sahədə tendensiyalar bölüşdürücü-həmrəylik sistemlərində şərti (real olmayan) yığım prinsipinin gücləndirilməsi, real yığım sistemlərində isə şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemlərinə keçid istiqamətində inkişaf etməkdədir.  Eyni  zamanda müasir şəraitdə Yaşlanmaya Hazırlıq Qlobal İndeksinin nəticələrinə görə büdcə dayanıqlığının və gəlirlərin yetərliliyinin təmin olunması üçün qəbul edilməsi ən zəruri hesab olunan 7 strategiya təsnifləşdirilmişdir. Bura dövlət pensiyalarının səviyyəsinin aşağı salınması (Braziliya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Polşa və İspaniyaya münasibətdə), tibbi xərclərin azaldılması (Fransa, Hollandiya və ABŞ-a münasibətdə), iş stajına olan tələbin artırılması (Fransa, İtaliya və İspaniyaya münasibətdə), fərdi hesablara toplanan yığımların artırılması (Fransa, Cənubi Koreya və İspaniyaya münasibətdə), minimal sosial normaların sərtləşdirilməsi (Çin, Cənubi Koreya və Meksikaya münasibətdə), doğum göstəricisinin yüksəldilməsi hesabına sosial sığorta haqqı ödəyənlərin sayının artırılması (Almaniya, İtaliya, Yaponiya, Cənubi Koreya, Hollandiya, Polşa, Rusiya, İspaniya və İsveçrəyə münasibətdə) və immiqrasiya səviyyəsinin yüksəldilməsi hesabına tənzimləmə (Almaniya, Yaponiya və Cənubi Koreyaya münasibətdə) aiddir. 
Qeyd olunanlar yeni mərhələdə Azərbaycanda pensiya islahatlarının müasir beynəlxalq çağırışlara və ölkənin perspektiv inkişaf hədəflərinə uyğun istiqamətlərinin təyin olunmasını zəruri edir. 
Məlum olduğu kimi, Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi yeni mərhələnin əsas hədəfidir. Göstərilən hədəfə çatmaq üçün  strateji baxış və əsas prioritetlər «Azərbaycan 2020:Gələcəyə baxış» İnkişaf konsepsiyası ilə müəyyən olunmuş, yüksək rəqabətqabiliyyətli iqtisadiyyata nail olmaq məqsədilə səmərəli dövlət tənzimlənməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşdırılması müəyyənləşdirilmişdir. Bu model qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi tələblərinə cavab verəcək, milli iqtisadiyyatın geniş şaxələndirilməsinə əsaslanmaqla müasir iqtisadi-maliyyə alətləri ilə tənzimlənəcəkdir. Ölkədəki makroiqtisadi siyasətin birinci pilləsində inflyasiya və digər makroiqtisadi hədəflərə uyğun tənzimləmə vasitələri, ikinci pilləsində isə maliyyə sektorunda sabitlik, fəallıq və risklərin idarə olunması yer alacaqdır. Bütün bunları reallaşdırmaq üçün Azərbaycanda maliyyə xidmətləri bazarının əsas seqmetlərinin tarazlı inkişafı təmin ediləcək, iqtisadiyyata geniş kapitalizasiya imkanlarının təqdim edən qiymətli kağızlar bazarı formalaşdırılacaq, iqtisadi layihələrin maliyyələşdirilməsində fond bazarı vasitəsilə cəlb olunan qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən istifadə genişləndiriləcəkdir. Qeyd olunanlar bir tərəfdən, növbəti inkişaf mərhələsində iqtisadi fəaliyyətin yeni istiqamətlərini, digər tərəfdən isə beynəlxalq bazara daha üstün inteqrasiya vasitələrini formalaşdıracaqdır. Bu mərhələdə yoxsulluq problemi insan inkişafı konsepsiyası ilə bağlı müasir yanaşmalara uyğun olaraq «çoxfaktorlu yoxsulluq» müstəvisində diqqətə alınacaqdır. Həmçinin Azərbaycanın karbohidrogen ixracından asılı olmadan Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli ölkələr» arasında tam qərarlaşması və İnsan inkişafı ilə bağlı təsnifata əsasən «yüksək insan inkişafı» ölkələri qrupunda yüksəlməsi əsas hədəflərdəndir. Qeyd olunan göstəricilər sosial müdafiə ilə bağlı normalara da inkişafın xüsusiyyətindən asılı olaraq yenidən baxılmasını şərtləndirir. Bu o deməkdir ki, ölkəmizdə pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinin hazırkı səviyyəsi qorunarsa, pensiya sisteminin əsas səmərəlilik göstəricisi olan əvəzetmə əmsalı, yəni pensiyanın orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti göstəricisi üzrə də daha yüksək hədəflər diqqətə alınmalıdır.  

- Elman müəllim, qeyd etdiklərinizi ümumiləşdirsək, yeni inkişaf mərhələsində pensiya islahatlarının əsas hədəflərini necə xarakterizə etmək olar?

- Bütün bunlarla əlaqədar, qlobal çağırışların pensiya sistemləri qarşısına qoyduğu mühüm vəzifələr, eləcə də beynəlxalq təcrübədə  iqtisadi inkişaf səviyyəsinə görə ayrı-ayrı ölkələrin pensiya sistemləri üzrə daha yüksək sosial hədəflərin həmin inkişafın yaratdığı bütün imkanlar cəlb olunmaqla əldə edildiyi nəzərə alınarsa, Azərbaycanda növbəti mərhələdə pensiya islahatlarının başlıca hədəfləri kimi: 
birinci, şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemində uzunmüddətli dövr üçün maliyyə dayanıqlığına və sosial sığorta prinsiplərinin tam təşəkkül tapmasına nail olunması; 
ikinci, vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması gündəmə gəlir.  

- Göstərdiyiniz hədəflərə nail olmaq üçün  hansı tədbirlər həyata keçirilmlidir? 

- Qeyd olunan birinci hədəfə nail olunması sığorta-pensiya sisteminin uzunmüddətli dövr üçün maliyyə dayanıqlığına mənfi təsir edən amillərin düzgün qiymətləndirilməsindən birbaşa asılıdır ki, bu sıraya ilk növbədə pensiya sistemində qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsini  aid etmək olar. Azərbaycanda həyata keçirilən pensiya islahatlarının mühüm cəhəti əvvəlki sistemlə əhatə olunmuş, yəni sığortaolunanların fərdi uçotu sisteminin iştirakçısı olmayan  insanların da davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə tam inteqrasiyasıdır ki, bu məqsədlə həmin şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış, onlar pensiyaların artım və indeksləşdirmənin yeni qaydaları ilə əhatə olunmuşlar. Digər tərəfdən, əvvəllər pensiyaya çıxmış şəxslərin pensiyaları ölkə üzrə ən yüksək orta aylıq əməkhaqqı nisbətinə uyğun olaraq əvəzsiz sığorta kapitalı müəyyənləşdirilməklə  yenidən hesablanmışdır. Bu proses hazırda yeni sistemdə pensiya təyinatı üçün müraciət edən şəxslərin əvvəlki dövrə aid iş stajlarına da şamil edilir,  yəni pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Bu sıraya pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətin həyata keçirdiyi bir sıra tədbirlər də aid edilməlidir ki, bunun nəticəsində yaranan öhdəliklərin  ödənilən məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması onların məbləğinin şərti yığım sistemində qeydə alınan pensiya kapitalına uyğun olmayan artımını şərtləndirmişdir. Bütün bunların, həmçinin bir sıra vəzifələrdə qulluq etmiş şəxslərə verilən qulluq stajına görə əmək pensiyasına əlavələrin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olmuşdur.
Digər mühüm problem ödənilən sığorta haqqı ilə təyin olunan pensiyalar arasındakı uyğunsuzluq, sosial sığorta prinsiplərə əsaslanmayan güzəşt və imtiyazların pensiya sistemində maliyyə əsası olmayan öhdəliklər yaratması ilə bağlıdır. Hazırda qeydiyyatada olan sığortaolunanların təxminən 1,5 milyon nəfəri muzdla işləyənlərdir ki, onlar üzrə məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı fondunun 25 faizi həcmində ödənilir. Digərləri isə daha aşağı sosial sığorta normativi ilə (minimum aylıq əməkhaqqının 2-50 faizi məbləğində) sosial sığorta haqqı ödəyənlərdir və  bunlara, əsasən, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqları istifadə edənlər, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər aiddir. Pensiya hüququ əldə etmək üçün sığorta stajına tələb, gözlənilən pensiya ödənişi müddəti və təyin olunan pensiyanın hesablama qaydasının eynilyi şəraitində həmrəylik prinsipinə əsaslanan pensiya sistemi üçün bu şərtlər böyük çətinliklər törədir və sığorta prinsiplərinin tam gözlənilməməsi ödənilən sosial sığorta haqları ilə əlaqəsi olmayan xərclərin xüsusi çəkisinin artımına şərait yaradır.  
Hazırda pensiya sisteminin bölüşdürücü-həmrəylik funksiyası daşıyan şərti yığıma əsaslanması sığorta prinsiplərinə söykənməyən dövlət öhdəlikləri üzrə xərclərin, eləcə də sosial sığorta haqqı ödəyicilərinə aşağı sosial sığorta normativlərinin tətbiqinin və pensiya sistemi vasitəsilə müxtəlif kateqoriyadan olan şəxslərə dövlətin verdiyi güzəşt və imtiyazların yaratdığı maliyyə yükünün müəyyən hissəsinin daxil olan sosial sığorta haqları hesabına qarşılanmasına imkan verir. Pensiya sisteminə qeyri-sığorta xarakterli maliyyə öhdəliyi yaradan həmin xərclərin sosial sığorta vəsaitləri hesabına örtülməyən hissəsi isə büdcələrarası münasibətlər üzrə dövlət büdcəsindən daxil olan transfert hesabına maliyyələşdirilir. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, qeyd olunan xərclərin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitlərinin ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalları kimi qeydə alınması, gələcəkdə təyin eiləcək pensiya məbləğləri üzrə sistemin maliyyə öhdəliyini də  formalaşdırmaqdadır. 
Göstərilənlə əlaqədar, sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin  artırılması məqsədilə: 
- bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi;
- muzdla işləyənlər, fərdi sahibkarlar və torpaq payçıları üzrə sosial sığorta normativləri ilə onlara pensiya ödənişi göstəriciləri arasındakı fərqin (sahibkarlığın inkişafına dolayı subsidiyaların) sistemin sığorta prinsipləri əsasında fəaliyyətinə əlavə maliyyə yükü yaratmadan tənzimlənməsi mexanizmlərinin qurulması;
-  sosial sığorta prinsiplərinin tam bərqərar olması yolu ilə bu prinsiplərə əsaslanmayan güzəşt və imtiyazların müxtəlif vasitələrlə tənzimlənməsi;
- dövlət pensiya sisteminin sərbəst ehtiyatlara malik olmaqla ölkənin daxili maliyyə bazarında aktiv iştirakı və müasir maliyyə alətlərindən istifadəsi zərurətə çevrilir. 
Bu vəzifələrin kompleks həlli üçün sığorta-pensiya sisteminin fəaliyyət düsturu kimi qəbul edilən pensiya formulunun inkişafın yeni mərhəsinə uyğun tələblər əsasında təkmilləşdirilməsi həm ayrı-ayrı iştirakçıların təminatı, həm də ümumilikdə sistem üzrə mövcud problemlərin konkret həlli baxımından xüsusi əhəmiyyət daşıyır. 
Hazırda pensiya qanunvericiliyi baza (pensiyaçıların sosial müdafiəsinin dövlət təminatı), sığorta (fərdi hesablarda qeydə alınan şərti pensiya kapitalına əsasən hesablanan) və yığım (fərdi hesablarda toplanan real pensiya kapitalına əsasən hesablanan) hissələrindən ibarət dövlət pensiya təminatını nəzərdə tutur. Əmək pensiyaları 2 hissədən (baza və sığorta hissələri) ibarət təyin olunur və artırılır ki, bu da bölüşdürücü-həmrəylik funksiyası daşıyan şərti yığım sisteminə əsaslanır. Pensiya təminatında real yığım komponentinin tətbiqi isə perspektiv vəzifələrdəndir. Əmək pensiyalarının hesablanmasında baza hissəsi mütləq rəqəmlə, sığorta hissəsi isə fərdi hesablarda qeydə alınan pensiya kapitalının gözlənilən ödəniş müddətinə nisbətinə uyğun müəyyənləşdirilir. Pensiya kapitalı ödənilən cəmi sosial sığorta haqqının 50 faizinin fərdi hesablarda qeydə alınması ilə formalaşdırılır, digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdi-rilməsinə yönəldilir. Məhz bu hal sosial sığorta haqqı uzun müddət və yüksək məbləğlə ödənilən işçilər tərəfindən sosial sığorta haqqı daha az müddətə və aşağı məbləğlə ödənilən işçilərin gələcək pensiyalarının dolayı  subsidiyalaşdırılmasına şərait yaradır və nəticədə yüksək əməkhaqqından sosial sığorta haqqı ödənilməsinə maraq azalır. Bunun tənzimlənməsi, eləcə də qeyri-leqal əmək ödənişlərinin iqtisadi üsullarla aradan qaldırılması işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini tələb edir.    
Göstərilənlərlə əlaqədar, aparılan islahatlarla pensiya məbləğlərinin hər bir şəxsin ödədiyi sığorta haqqına uyğun müəyyənləşdirilməsinin tətbiqi üçün  əməkhaqqı yüksək olan şəxslərin ödədiyi sığorta haqqının əməkhaqqı aşağı səviyyədə olan şəxslərin pensiyalarına yönəldilməsi təcrübəsinin dəyişdirilməsi, əmək fəaliyyəti dövründə yüksək məbləğdə sığorta haqqı ödəmiş işçilərin adekvat əvəzetmə əmsalına malik olması təmin edilməlidir. Bunun üçün ödənən sosial sığorta haqlarının 50 faizinin qeydiyyatı əsasında baza və sığorta hissələrindən ibarət pensiya hesablanmasını ifadə edən qaydanın dəyişdirilərək, sosial sığorta haqlarının fərdi hesablarda tam uçotunu və əmək pensiyalarının vahid tərkibdə - yalnız fərdi hesablarda qeydə alınan sığorta kapitalı əsasında müəyyənləşdirilməsini nəzərdə tutan qaydanın tətbiqi  hazırda əsas müzakirə mövzusudur. Bu məqsədlə minimum pensiya məbləği göstəricisinin tətbiq edilməsi və fərdi hesab məlumatlarına əsasən təyin olunan pensiyaların məbləği minimum pensiya məbləğindən yuxarı olduğu hallarda sığorta stajına heç bir tələb qoyulmaması, aşağı olduqda isə daha yüksək staj tələbi qoyulmaqla həmin məbləğə çatdırılması nəzərdə tutulur. 
Yeni pensiya formulunun tətbiqinin digər mühüm üstünlüyü sığorta-pensiya sistemi qarşısında duran əsas vəzifənin - dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsinin texniki baxımdan icrası imkanını yaratmasıdır ki, bu da öz növbəsində sistemin özünəməxsus vəsaitlərinin yalnız sosial sığorta nəticəsində yaranan xərclərə yönəldilməsinə, yerdə qalan hissəsinin isə gələcəkdə gözlənilən maliyyə tələbinin qarşılanması, eləcə də maliyyə bazarı etibarlı gəlirə zəmanət verdikdə bu bazarda aktiv iştirak edilməsi üçün ehtiyata çevrilməsinə imkan verə bilər. 
Növbəti mərhələdə pensiya islahatlarının ikinci əsas hədəfinə, yəni vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasına nail olmaq məqsədilə Azərbaycanın perspektiv inkişafının yaradacağı maliyyə-iqtisadi və institutsional imkanlar cəlb edilməklə:
- dövlət sığorta-pensiya sistemində könüllü sosial sığortanın tətbiq edilməsi;
- könüllü sosial sığorta əsasında qeyri-dövlət pensiya institutlarının fəaliyyətinin təşkilinin reallaşdırılması əsas vəzifələrdəndir. 
Beynəlxalq təcrübədə real yığım komponenti, dövlət (əmək pensiyasının yığım hissəsi) və ya qeyri-dövlət (qeyri-dövlət pensiya fondları vasitəsilə təminat) sektorunda tətbiqindən asılı olmayaraq əhalinin pensiya gəlirləri mənbələrinin diversifikasiyasında və sığortaolunanların istehlak imkanlarının pensiyaya çıxdıqdan sonra kəskin şəkildə azalmasının qarşısının alınmasında vacib rol oynayır. Göstərilən sistemdə pensiya fondları vəsaitlərin yığılması, vahid hesabda cəmlənməsi və investisiyalara yönəldilməsini həyata keçirən institusional investor qismində fəaliyyət göstərməklə, iqtisadiyyatın uzunmüddətli maliyyə vəsaitləri ilə  təmin edilməsi və uzunmüddətli borc öhdəlikləri və qiymətli kağızlar üçün bazarın yaradılaraq inkişaf etdirilməsi kimi mühüm makroiqtisadi təsir imkanlarına  malikdir. Bu baxımdan  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində pensiya fondlarının aktivlərinin bu təşkilata daxil olan ölkələrin birgə ÜDM məbləğinin 74%-nə bərabər olduğu diqqətə alınarsa, real yğım komponentinin tətbiqinin  təkcə sosial müdafiə məqsədləri üçün deyil, həm də ümumilikdə makroiqtisadi səviyyədə əhəmiyyəti təsdiqlənir. 
Azərbaycanda dövlət pensiya təminatı sistemində yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkili üzrə xüsusi əhəmiyyət kəsb edən konseptual məsələlərdən biri bu sahənin fəaliyyəti ilə bağlı hüquqi, iqtisadi, sosial münasibətlərin tənzimlənməsi, fəaliyyətə dövlət nəzarətinin əsas qaydalarının müəyyən edilməsidir. Bunun üçün ilk növbədə yerləşdirilən vəsaitlərin qorunması, investisiya portfelinin strukturunun etibarlılıq, gəlirlilik, diversifikasiya, likvidlik və digər vacib amillər əsasında müəyyən edilməsi, peşəkar idarəetmə sisteminin, habelə məlumat açıqlığının, şəffaflığın təmin olunması kimi prinsiplərin əsas götürülməsi zəruridir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının uğurlu icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsini təmin etməklə yanaşı, müasir çağırışlara cavab verən çevik sosial müdafiə mexanizmlərini formalaşdırmaqdadır.