YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması elmi və ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

   Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu

– Möhsün müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsini necə dəyərləndirirsiniz?

– Əvvəlcə qeyd edim ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev ana dilimizin və elmimizin inkişafı ilə bağlı bir sıra mühüm addımlar atıb. Bu addımlardan biri də Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli Sərəncamı idi. Ona görə ki, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir-şairimiz İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir.  Məhz bu nöqteyi-nəzərdən çıxış edən Prezident İlham Əliyev böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinin ölkəmizdə daha yüksək səviyyədə, layiqincə qeyd olunması məqsədilə 11 yanvar 2019-cu il tarixində “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi” haqqında daha bir Sərəncam imzaladı. Hər iki Sərəncamı Prezidentin ədəbiyyatımıza xüsusi diqqət göstərməsinin əyani sübutu kimi qiymətləndirmək olar.

Prezident İlham Əliyevin ədəbiyyatımızın ən görkəmli nümayəndəsi İmadəddin Nəsimi irsinə bu qədər böyük diqqət və qayğısı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə hesab olunur. Eyni zamanda  Azərbaycan ədəbi dilinin inkişafında misilsiz xidmətləri olan böyük sənətkarın şərəfinə Prezidentin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması Azərbaycanın elmi və ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

– Möhsün müəllim, görkəmli şairimiz İmadəddin Nəsiminin 600 illik yubileyi Ümummilli lider  Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edib. Bu haqda nə deyə bilərsiniz?

– Birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Ulu öndər hələ respublikaya rəhbərliyinin birinci dönəmində elmə, mədəniyyətə, ədəbiyyata və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşıb, bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Nəsimi yaradıcılığının dilimizdə və ədəbiyyatımızda oynadığı rolu nəzərə alan Ümumimilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda Nəsiminin 600 illik yubileyi qeyd edilib.

Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətə 1969-ci ilin 14 iyulunda gəlib. Nəsiminin anadan olduğu tarix isə 1369-cu ilə təsadüf etdiyindən əslində onun 600 illik yubileyi 1969-cu ildə qeyd olunmalıydı. Təbii ki, Ulu öndər rəhbərliyə gələn kimi Nəsiminin adının əbədiləşdirilməsi yönündə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi mümkünsüz idi. Bu səbəbdən Nəsiminin 600 illik yubileyinin təntənəli şəkildə qeyd olunması 1973-cü ildə baş tutub.

Beləliklə, məhz Ümummilli lider Heydər Əlliyevin təşəbbüsü və təkidi sayəsində İmadəddin Nəsiminin 600 illik yubileyi Azərbaycanda təntənəli surətdə qeyd edilib. Bununla yanaşı, Ulu öndər 1973-cü ildə böyük söz ustadının 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsinə nail olub. Həmin tədbirlər zamanı şairin yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Yubiley çərçivəsində Azərbaycanda şairin əsərləri ərəb, fars, ingilis və başqa dillərə tərcümə olunub, onun ərəbcə və farsca yazdığı bəzi əsərləri isə doğma ana dilimizə tərcümə edilərək nəşr olunub. Həmçinin mənim ustadım, görkəmli alim Cahangir Qəhrəmanovun redaktəsi ilə Nəsiminin əsərlərinin 3 cilddə elmi-tənqidi mətni çap olunub.

Bundan əlavə, 600 illik yubiley çərçivəsində Nəsiminin adının o vaxt Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna verilməsi də təsadüfi deyil. Çünki Nəsimi irsinin araşdırılması yönündə aparılan bütün tədqiqatlar sübut edir ki, Azərbaycan ədəbi dilinin tarixində, onun zənginləşməsində dahi şairin böyük xidmətləri olub. Buna görə onun adının əbədiləşdirilməsi məqsədilə 1973-cü ildə bizim İnstituta Nəsiminin adı verilib. Bununla yanaşı, 1973-cü ildə “Nəsimi” bədii filmi çəkilib. Yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində şairin möhtəşəm heykəli ucaldılıb.

Ümumilli liderin həmin təşəbbüsünü sözün əsl mənasında Ulu öndərin xalqımızın şairinə sahib çıxması baxımından da yüksək dəyərləndirmək olar. Çünki o dövrdə Nəsimini öz adlarına çıxmaq istəyənlər vardı. Məsələn, Türkmənistanda, İraqda, həmçinin Suriyanın Hələb şəhərində Nəsimini öz şairləri hesab edirdilər, hətta indi də belə cəhdlər olur. Bu da təsadüfi deyil. Nəsimi yaradıcılığı elə yüksək zirvədədir ki, ona göz dikənlər olduqca çoxdur. Məhz bu baxımdan, Nəsiminin Azərbaycan şairi, ədəbiyyatımızın görkəmli nümayəndəsi olmasının UNESCO xətti ilə bütün dünyaya elan edilməsi, tanıdılması Ulu öndərin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi.

Beləliklə, Nəsiminin yubileyinin ona layiq şəkildə qeyd edilməsi Ulu öndərin ədəbiyyatımıza nə dərəcədə böyük dəyər verdiyinin əyani sübutudur. Onun layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarını da həmin müdrik ənənənin davamı kimi qiymətləndirimək olar.

– Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından irəli gələn tədbirlərin keçirilməsi və müvafiq işlərin görülməsi yönündə rəhbərlik etdiyiniz İnstitutun qarşısında hansı mühüm vəzifələr durur?

– Təbii ki, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması ustadın adını daşıyan Dilçilik İnstitutunda böyük şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi yönündə planlaşdırılan tədbirlər üzrə məsuliyyətimizi daha da artırır. Belə ki, möhtərəm Prezidentimizin “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamından əvvəl imzaladığı 15 noyabr 2018-ci il tarixli Sərəncamı bizim, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) humanitar sahə üzrə fəaliyyət göstərən institutlarının bütün əməkdaşları, o cümlədən şərqşünaslar, dilçilər, ədəbiyyatşünaslar qarşısında mühüm vəzifələr qoyur. Ona görə də 15 noyabr 2019-cu il tarixli Sərəncam imzalanan kimi biz Nəsimi irsinin araşdırılması yönündə hazırlıq işlərinə başladıq. 

Bizim İnstitut, əsasən, dilçilik üzrə araşdırmalar apardığı üçün Nəsiminin ana dilində yazdığı bütün əsərləri üzrə Azərbaycan dilində mükəmməl və geniş izahlı lüğətinin hazırlanması işlərinə başlamışıq. Onu da deyim ki, Nəsimi yaradıcılığında hər hansı bir sözün sufi, hürufi, fəlsəfi mənalarda işlədilməsi təcrübəsinə rast gəlinir. Ona görə də belə bir izahlı lüğətin nəşr olunmasına ehtiyac var. Azərbaycanda ilk dəfədir hazırlanması nəzərdə tutulan həmin lüğətdə sözlərin bütün mənalarını əks etdirməyə çalışacağıq.

Digər hazırlıq işlərə gəlincə, İnstitutumuzda Nəsiminin dilini hərtərəfli tədqiq etmək üçün “Nəsimi dil araşdırmaları qrupu” yaradılması nəzərdə tutulub. Nəsiminin əsərlərini hərtərəfli, geniş şəkildə araşdırmaq və bu işlərin əsasında Nəsimi haqqında ayrıca araşdırmalar toplusu nəşr etdirmək planlarımız var. Bununla yanaşı, İnstitutumuzda Nəsiminin əsərlərinin dili üzrə müxtəlif mövzularda tədqiqatlar aparılıb. Bu tədqiqatların əks olunduğu monoqrafiyanın çap olunması nəzərdə tutulur.

Nəsmini daha geniş şəkildə təbliğ etmək üçün ilk növbədə şairin 600 illik yubileyi çərçivəsində ərəb əlifbası ilə nəşr olunan əsərlərinin elmi-tənqidi mətninin 3 cildliyinin yeni əlavələrlə tam şəkildə latın qrafikasında nəşri də nəzərdə tutulur. Çünki Nəsiminin elə əlyazmaları var ki, onları 1973-cü ildə əldə etmək mümkün olmayıb. Sevindirici hal odur ki, hazırda Nəsiminin dünyanın müxtəlif kitabxanalarında saxlanılan əlyazmaları aşkarlanıb və indi onları əldə etmək imkanımız var. Onları tədqiq edib, Nəsimi əsərlərinin yeni elmi-tənqidi mətninin çoxcildliyinə əlavə etmək olar. Digər tərəfdən, Nəsiminin yaşadığı dövrdə və sonradan “Nəsimi” təxəllüsü ilə yazanlar çox olub. Buna görə də həm ədəbiyyatşünasların, həm də mətnşünasların qarşısında tələblər qoyulmalıdır ki, müxtəlif variantları olan qəzəllərin əlyazmalarının kimə məxsusluğunu diqqətlə araşdırsınlar və mübahisəli mətnlərin Nəsimiyə aid olub-olmamasını dəqiq müəyyən etsinlər.

Ümumiyyətlə, müasir tələblər əsasında Nəsiminin əsərlərinin nəşrinə, o cümlədən yeni akademik və izahlı nəşrinə ehtiyac var. Belə ki, Nəsimi ana dili ilə yanaşı, farsca və ərəbcə yazıb. Nəsiminin ana dilmizdə və farsca olmaqla iki divanı bizə gəlib çatıb. Azərbaycan dilində olan divanı dəfələrlə nəşr olunub. Farsca divanı ilk dəfə şərqşünas-alim Rüstəm Əliyev tərəfindən İranda aşkar edilib və farsca nəşr edilib. Amma bir neçə şeirindən başqa, farsca divanı Azərbaycan dilinə tərcümə olunmayıb. Eyni zamanda onun farsca yazdığı əsərləri tam araşdırılmayıb, bütövlükdə nəşr edilməyib. Ərəb dilində yazdığı əsərləri indiyə qədər tərcümə edilməyib, çap olunmayıb. Bu il bu işlərin həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, AMEA-nın humanitar sahə üzrə alimləri qarşısında böyük vəzifələr durur. Bu vəzəfələrin bir qismi – Nəsiminin əsərlərini, fəlsəfəsini, Azərbaycan ədəbiyyatı tarixindəki yerini, əhəmiyyətini, dilimizin inkişafında, zənginləşməsində xidmətlərini ictimaiyyətə çatdırmaqdır.

Bundan əlavə, düşünürəm ki, Nəsimini geniş ictimaiyyət arasında təbliğ eləmək üçün ali və orta ixtisas məktəblərində, orta məktəblərdə tədbirlər keçirmək lazımdır. Hətta növbəti tədris ilinin birinci günündə ilk dərsin İmadəddin Nəsimi yaradıcılığına həsr olunması təklifi də gündəmdədir. Bu il Nəsiminin irsi ilə bağlı araşdırmalar aparan alimlərin Azərbaycan rayonlarında yerləşən ali təhsil müəssisələrinin filiallarında və orta məktəblərdə çıxışları da nəzərdə tutulur. 

– Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli Sərəncamında Nazirlər Kabinetinə tədbirlər planı hazırlamaq tapşırılıb. Yəqin ki, həmin planın həyata keçirilməsi çərçivəsində AMEA-nın, habelə rəhbərlik etdiyiniz İnstitutun da üzərinə xeyli iş düşəcək.

– Qeyd olunan işlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli və 11 yanvar 2019-cu il tarixli Sərəncamlarının icrasından irəli gələn məsələlərin həlli və eyni zamanda İmadəddin Nəsiminin 650 illik yubileyinin layiqincə qeyd olunması məqsədilə AMEA-nın Rəyasət Heyətinin 6 fevral 2019-cu il tarixli qərarı ilə müvafiq Tədbirlər planı hazırlanıb. İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması çərçivəsində Nəsimi adına Dilçilik İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Nəsimi dünyası: ədəbi irsi və poetik dili” mövzusunda müştərək konfrans keçirəcək. May ayında keçirilməsi nəzərdə tutulan konfransda həm ədəbiyyat, həm də dil məsələləri işıqlandırılacaq.

Bununla yanaşı, Tədbirlər planı çərçivəsində cari il ərzində Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə “Şərq-müsəlman fəlsəfəsində Nəsiminin rolu” mövzusunda respublika elmi konfransı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ey Nəsimi, cahanı tutdu sözün…” mövzusunda II beynəlxalq konfrans keçiriləcək. Həmçinin M.Füzuli adına Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə “İmadəddin Nəsimi: sələflər və xələflər – orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi konfransı və Folklor İnstitutunun təşkilatçılığı ilə “Nəsimi və folklor” mövzusunda elmi konfrans, habelə A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə iyun ayında Şamaxı şəhərində “İmadəddin Nəsiminin dövrü: Azərbaycanın ictimai-siyasi həyatında onun yeri və rolu” mövzusunda konfransın keçirilməsi planlaşdırılır. Bu konfranslarla yanaşı, digər institutlar və muzeylərdə Nəsiminin yaradıcılığına həsr olunmuş sessiya, dəyirmi masa və gecələr keçirilməsi nəzərdə tutulur.

Nəsiminin yubileyi çərçivəsində nəşr olunacaq kitablara gəlincə,  AMEA-nın müvafiq institutları tərəfindən “Nəsiminin həyat və yaradıcılığı” adlı monoqrafiyanın, “Nəsimi-650” elmi-biblioqrafik göstəricisinin, Nəsiminin indiyə qədər tərcümə olunmayan və nəşr olunmayan “Müqəddimətül-həqayiq”, “Qiyamətnamə” əsərlərinin tərcümə edilməsi və Azərbaycan dilində çap olunması, Nəsiminin farsca divanının sətri tərcüməsi və nəşrinin həyata keçirilməsi planlaşdırılır. Tədbirlər planında, həmçinin Nəsiminin şəxsiyyəti, həyat və yaradıcılığı ilə bağlı dövri mətbuatda məqalələrin nəşri və alimlərin televiziya verilişlərində çıxışlarının, Nəsiminin həyat və yaradıcılığını əhatə edən sərginin, habelə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İmadəddin Nəsimi-650” mövzusunda kitab sərgisinin təşkili də nəzərdə tutulur. Həmçinin Nəsiminin əlyazmaları saxlanılan xarici ölkələrin arxivlərində işləmək və sənədlərin surətlərini əldə etmək məqsədilə AMEA-nın əməkdaşlarının İran, Türkiyə, Fransa, Böyük Britaniya və digər ölkələrə ezamiyyətləri təşkil ediləcək. Nəsimi yaradıcılığının yeni nümunələrinin ictimaiyyətə çatdırılması yönünda bu işlərin mühüm töhfələr verəcəyinə əminik.

Möhsün müəllim, sonda Azərbaycan ədəbiyyatının inkişafında Nəsiminin xidmətlərini qısa şəkildə dəyərləndirə bilərsinizmi?

– Biz Nəsiminin 600 illiyinin qeyd olunması çərçivəsində görülən işlərdən bəhs etdik. Amma onu da deyim ki, sovet ideologiyasının qoyduğu məhdudiyyətlər və çərçivələr Nəsiminin Azərbaycan ədəbiyyatının, fəlsəfəsinin, mədəniyyətinin inkişafında oynadığı rolu vaxtında tam şəkildə geniş ictimaiyyətə çatdırmağa imkan vermirdi. Bu birtərəfli yanaşma isə Nəsiminin az qala ateist kimi təqdim edilməsinə şərait yaradırdı. Amma fakt odur ki, Nəsiminin bütün əsərlərində “Qurani-Kərim”ə və hədislərə istinadlar var. Onun ilk mənbəyi də müqəddəs kitab idi, hətta öz fikirlərini “Qurani-Kərim” əsasında yayırdı. Nəsimi insana böyük dəyər verir, onu ucaltmaqla bir növ gələcək təhlükələrdən qorumaq istəyirdi. Sözsüz ki, Allah-Təalanın yaratdığı ən uca varlıq insandır, ən kamili də insandır. Nəsimi fəlsəfəsinə görə, yalnız kamil insan Allahı dərk edə bilərdi. Buna görə də kamil insanın Allahı dərk edərək ona qovuşacağına inanır, bütün süfilər kimi, Nəsimi də bu dünyanı fani, müvəqqəti hesab edirdi.

Belə bir maraqlı faktı deyim ki, elmi mənbələr və tarixi qaynaqlar sübut edir ki, Nəsimi edam edilməmişdən qabaq, üç dini cərəyanın qaziləri (“Qazi-ul-Quzzat”) onu mühakimə edəndə şairin əsərlərində dinə qarşı çıxış eməsi barədə heç nə tapa bilməyiblər. Bu halda Misir məmlük sultanı əl-Məlik əl-Müəyyədə müraciət ediblər ki, Nəsimi haqqında hökmü onun özü çıxarsın. Əl-Müəyyəd onun edamı haqqında qərarı ona görə çıxarıb ki, əleyhdarları Nəsimini qəbul edir və yaydığı fikirlərdən ona qarşı istifadə edirdilər. Yəni Nəsiminin edam edilməsində nəinki dini, əksinə siyasi məsələ daha çox rol oynayıb.

Bütün iddialara baxmayaraq, bir daha vurğulamaq istərdim ki, İmadəddin Nəsimi Azərbaycan şairidir, 1369-cu ildə Şamaxıda anadan olub, orada mükəmməl təhsil alıb. Nəsimi “Quran-i Kərim”i yüksək səviyyədə bilib, qədim dini və fəlsəfi təlimlərdən xəbərdar olub, “İncil”i və “Tövrat”ı dərindən mənimsəyib. Çünki onun əsərlərinin hamısında səmavi dinlərə və digər təlimlərə istinadlar var.

Azərbaycanın dərin dini-fəlsəfi biliyə malik olan görkəmli şairi Nəsiminin ədəbiyyatımızın inkişafında ən böyük xidmətlərindən biri Azərbaycan dilində fəlsəfi qəzəlin banisi olmasıdır. Ona qədər Azərbaycan dilində fəlsəfi qəzəl yazan olmayıb. Həmin dövrdə ana dili ilə yanaşı, ərəbcə və farsca əsər yazan ilk Azərbaycan şairi də Nəsimi olub. İnsan zəkasının və gözəlliyinin tərənnümçüsü olan şairin yaradıcılığına xas olan digər xüsusiyyət odur ki, Nəsimi bütün əsərlərini əruz vəznində yazıb. Əruz vəzni bizə ərəb dilindən gəlib. Nəsiminin xidmətlərindən biri odur ki, o, əruz vəznini dilimizə tətbiq edərək Azərbaycan dilinin təkmilləşdirilməsi və türk əruzunun formalaşmasına mühüm töhfələr verib.

Nəsiminin Azərbaycan milli ədəbi dilinin zənginləşdirilməsi, həmçinin saflaşdırılması yönündə mühüm xidmətləri olub. Təkcə bir nümunə deyim: “Düşdü yenə dəli könül gözlərinin xəyalinə, Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə”. Görün nə qədər saf, təmiz və axıcı şəkildə yaradıb. Yəni 600 il keçməsinə baxmayaraq, XIV-XV ərlərdə yaşayan Nəsiminin dili ilə müasir Azərbaycan dili arasında fərq yoxdur, bugünkü oxucu üçün anlaşılandır. Halbuki ingilislər Uilyam  Şekspirin XVI-XVII əsrlərdə yazdığı əsərləri indi başa düşmürlər. Onu da deyim ki, Nəsiminin şeirləri olduqca oynaq və ahəngdardır, qəzəlləri musiqi üzərində köklənib. Mən təəssüf edirəm ki, Nəsiminin əsərlərinə musiqilər az bəstələnib, onun şeirlərinə yeni-yeni musiqilər bəstələmək lazımdı.

Əslində Nəsiminin 650 illik yubileyinin qeyd olunması o dövrün ideologiyasına, fəlsəfəsinə uyğun olaraq Nəsimi ideyalarını elmi cəhətdən əsaslandırmaq, həmçinin əsərlərini elmi şəkildə tədqiq etmək, dərin fəlsəfi məna tutumunu araşdırmaq və olduğu kimi Azərbaycan cəmiyyətinə, o cümlədən elmi ictimaiyyətə çatdırmaq, onu dünyaya tanıtdırmaq üçün bir fürsətdir.

Yekun olaraq qeyd edim ki, olduqca melodik, zəngin, ahəngdar, şəffaf dildə yazan Nəsimini sevmək və sevdirmək lazımdır. Onu sevdirmək elə Azərbaycan dilini sevdirməyə bərabərdir. Nəsiminin böyüklüyü də ondadır ki, o, ana dilimizdə şah əsərlər yaradıb, işlətdiyi söz, ifadə və anlayışlarla bizim dilimizi zənginləşdirib. Məhz bu kontekstdə onu vurğulamaq yerinə düşər ki, ana dilinə böyük dəyər verən Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu fikirdən çıxış edərək deyim ki, ana dili bir millətin varlığı və ən böyük milli-mənəvi sərvətidir. Milləti dünyada tanıdan da onun dilidir. Dilimizin inkişafında Nəsiminin xidmətləri də az deyil, çünki o, sübut etdi ki, Azərbaycan dili həmin dövrdə geniş yayılmış ərəb və fars dilləri ilə eyni səviyyədə dayanan bir dildir. Bu xidmətin özü yüksək dəyərə layiqdir. Məhz buna görə də birmənalı şəkildə, demək olar ki, Azərbaycanda “Nəsimi ili” elan edilməsi elə “Azərbaycan dili ili” elan olunmasına bərabər bir hadisədir. Çünki xalqımızın ən böyük söz ustadlarından olan Nəsimi ana dilimizi yüksək zirvələrə qaldırıb.