YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan beynəlxalq müstəvidə mühüm diplomatik paytaxt statusu qazanmaqdadır

   Milli Məclisin deputatı Zahid Oruc

- Zahid müəllim, Azərbaycanın xarici siyasətinin əsas xəttini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təşkil edir. Bu yaxınlarda Krakovda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən  görüşü haqqında nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, 2017-ci ildə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. Həmsədrlərin və xarici işlərinin Krakov görüşü bu görüşdən sonrakı vəziyyətin təhlili kimi xarakterizə oluna bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurətdir.  Bu baxımdan, Azərbaycanın xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır.
Ötən il ərzində də Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe sərgiləyib və hücum diplomatiyasını davam etdirib. Azərbaycanın prinsipial mövqeyi və fəal diplomatiyası nəticəsində ölkəmizin ərazi bütövlüyü məsələsi, Dağlıq Qarabağ münaqişəsinin həlli problemi beynəlxalq miqyasda diqqət mərkəzində olub. Hazırda da ölkəmiz diplomatik müstəvidə fəal səylərini davam etdirir.

Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllini tapması üçün Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkməsi lazımdır. İşğalçı Ermənistan bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməkdən əl çəkməli, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə əməl edilməlidir. Bunun üçün münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu da öz fəaliyyətinin səmərəlilik səviyyəsini artırmalıdır.

Hesab edirəm ki, Krakov görüşü prezidentlərin nöbəti görüşü üçün hazırlıq ola bilər. Bununla yanaşı xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, münaqişənin həlli prosesində  yeni yanaşmalar var. Ehtimal etmək olar ki, artıq ermənilər əvvəlki qədər şərtli mövqe göstərmirlər. Digər tərəfdən, mümkündür ki, Kasprişikin ofisinin təmsilçilərinin sayının artırılmasında anlaşma tapılır. Amma kimsə düşünürüsə ki, bu təmsilçilər az qala sülhməramlı qüvvələri özündə ehtiva edir, bu, yanlış yanaşmadır. Kasprişik peşəkardır, o, bu bölgədə qocalıb. Bundan sonra onun ətrafına yüzlərlə adamın  toplanması real deyil. Sadəcə, ofisdə çalışanların 10 nəfər artırılması imkan verməyəcək ki, onlar Ağdərədən başlayaraq Füzuliyə qədər təmas xəttində bütün gün monitorinq aparsınlar. Əlbəttə, biz bilirik ki, erməni tərəfi münaqişənin həllində  hərbi variantı istisna etməyə çalışır. Amma bunun üçün sülh yolu ilə torpaqlarımızdan çıxmalıdır.

 Bütövlükdə, düşünmürəm ki, Krakov danışıqları özündə münaqişənin həllini əks etdirən sənəd, real həll planı üzərində gedib. Fikrimcə, bu görüş daha çox təmas xəttində gərginliyin azaldılmasına xidmət edir.

- Necə hesab edirsiniz, bu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi bir irəliləyiş mümkün ola bilərmi?

- 2018-ci ildə hər iki ölkədə seçkilər keçiriləcək.  Beynəlxalq ekspertlər də hesab edirlər ki, seçki ilində münaqişənin həlli istiqamətində  kardinal addımlar atılması istisna təşkil edir. Artıq Ermənistanda  seçki marafonu başlayıb, mart ayında burada prezident seçkiləri keçiriləcək. Amma işğalçı ölkədə idarəçilik sistemi də dəyişdiriləcək. Əgər Sarkisyan baş nazir olsa, daxili vəziyyət gərginləşə bilər. Təbii ki, gərginlik münaqişənin həlli prosesinə təsir edə bilər.

Azərbaycan isə heç bir amilə görə torpaqlarının işğalda qalmasına razı ola bilməz. Bizim mövqeyimiz bundan ibarətdir ki, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Əgər Ermənistan təxribatlar törədərsə və  Azərbaycan hansısa nöqtələrdə özünə qarşı təhdid hiss edərsə tutarlı cavab  zərbəsi vuracaq. Belə hallarda, Minsk qrupu təmas xəttinə gəlib prosesə mane ola bilmir. Artıq hərbi komponent siyasi prosesdə aparıcı rol oynayır. Yəni elə bilin ki, ordu danışıqlarda iştirak edir. Ona görə də, 2018-ci il Dağlıq Qarabağ münaqişəsinin çözümü üçün mühüm istiqamətlər də yarada bilər, proses müəyyən bir toqquşmadan fərqli fazaya da keçə bilər.

Yaxın Şərq hadisələrindən çıxış edərək deyə bilərəm ki, Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin yüksək səviyyədə olması imkan verir ki, biz də Afrindəki  kimi lokal ərazilərdə hərbi əməliyyat keçirək. Söhbət münaqişənin tam alovlanmasından getmir. Məsələn, Azərbaycan  Cəbrayıl və Füzulidə hərbisizləşdirmə işi apara bilər. Türkiyənin hazırkı addımı bu baxımdan nümunə ola bilər. Düşünürəm ki, hazırki şəraitdə  2018-ci ildə müharibənin başlamayacağı haqda mesajlar, yanaşmalar  doğru deyil.

- Hazırda dünyanın gündəmində olan məsələlərdən biri Dünya İqtisadi Forumudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib, toplantılarda iştirak edib. Sizcə, Azərbaycanın təqdimatı baxımından Davos Forumunun əhəmiyyəti nədən ibarətdir? 

- Davosda keçirilən Dünya İqtisadi  Forumu beynəlxalq aləmdə uzun illər nəinki iqtisadi, həmçinin siyasi müstəvidə dövlətlərin elitasında əsas baxışları, aparıcı iqtisadi tendensiyaları müəyyənləşdirmək üçün böyük imkandır. Son 100 il ərzində  siyasi transformasiyalar dəyişib, artıq dördüncü sənaye inqilabından söhbət gedir. Bu Forumda müzakirələr dünyanın beyin mərkəzlərinin, siyasi instiututların, elm mərkəzlərinin, əsas iqtisadi korporasiyaların nümayəndələrinin iştirakı ilə baş verir. Prezident İlham Əliyev hər il Davos Forumunda iştirak etməklə  Azərbaycanın uğurlarını dünyaya çatdırır. Bununla da, biz ilk növbədə Azərbaycanın beynəlxalq aləmdə təqdimatının şahidi oluruq.

Bilirsiniz ki, Forumda iştirak edən minlərlə media təmsilçisi aparıcı çıxışları işıqlandırırlar. Prezident  İlham Əliyev bu tədbirlərdə sadəcə çıxış etmir, həmçinin iqtisadiyyatımızın daha da inkişaf etdirilməsi, yeni investisiyaların cəlb olunması üçün beynəlxalq  korporasiyaların rəhbərləri ilə görüşlər keçirir. Bu  görüşlər ölkədə sənayeləşmə prosesinə önəmli təsir göstərə biləcək bir addımlardır ki, nəticə etibarilə iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.

Prezident İlham Əliyev Forum çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşür və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunur. İsveçrənin Prezidenti, İsrailin Baş naziri ilə görüşlərin nümunəsində biz belə görüşlərin böyük əhəmiyyətini vurğulamalıyıq.

Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkələr bu  təbii sərvətdən necə istifadə edir? Bu mövzuda biz cənab Prezidentin Forumda   mükəmməl çıxışının şahidi olduq. Prezidentimiz keçirilən tədbirlərdə bir çox sualları da cavablandırıb. Bizi regionda müxtəlif qarşıdurmalara çəkən qüvvələr olsa da, buna getməmişik. Azərbaycan müstəqil siyasət həyata keçirir və buna görə də xaricdən müəyyən hücumlara məruz qalır. Hücumlar müxtəlif dairələrin  əli ilə reallaşdırılır. Amma belə cəhdlər həmişə iflasa uğrayır.

Davos Forumu timsalında Azərbaycan ona görə güclüdür ki, ölkəmiz bölgəsəl düzəni dəyişən transmilli layihələrə müəlliflik edir. Orta Asiya, Xəzər regionunda reallaşan layihələrdə Azərbaycan aparıcı rol oynayır. Nəzərə alsaq ki, ötən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi, şübhə yoxdur ki, Davos Forumunda bu yeni xəttdən istifadə olunması  müəyyən şirkətlərin müzakirə mövzusuna çevrilib. Yəni,  Davos Forumu bu kimi layihələri təqdim etmək  imkanı yaradır. Bütövlükdə, Davos İqtisadi Forumu  Azərbaycanın iqtisadi-siyasi maraqları baxımından çox böyük imkanlar açır. Dövlətimiz Forumda fəal təmsil olunmaqla  iqtisadi və siyasi dividentlər qazanır.

- Zahid müəllim, ABŞ silahlı qüvvələrinin generalı, NATO-nun Avropadakı birləşmiş qoşunlarının komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakı görüşü haqqında da fikirlərinizi bilmək istərdik. Görüşün Bakıda keçirilməsində hansı amillər əsas rol oynayır?

- İlk növbədə, belə bir görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir. Ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun Bakı görüşünü bəziləri bunu təsadüf adlandıra bilərdilər. Lakin ondan sonra NATO-nun yüksək çinli nümayəndəsi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüş üçün Bakını seçməsi, indi də bu görüş sübut edir ki, Azərbaycanın beynəlxalq məkanda etibarlı bir siyasi imici formalaşmaqdadır. Bu fakt onu göstərir ki, Azərbaycan beynəlxalq müstəvidə mühüm diplomatik paytaxt statusu qazanmaqdadır. Bu, sadə və asan bir məsələ deyil.  Çünki müxtəlif vuruşan tərəflər üçün bərabər məsafələrin saxlanması kiçik coğrafiyalar üçün çətindir. Biz ötən illər ərzində münaqişələri kürükləməməmişik. Əksinə, daha çox tərəflərin yaxınlaşmasına çalışmışıq. Yaxın tariximizə nəzər salanda deyə bilərik ki, ABŞ-la İran arasında vəziyyət gərginləşəndə biz hansısa tərəfin forpostuna çevrilmədik. Həmçinin, 2015-ci i ldə Türkiyə tərəfindən Rusiyanın hərbi təyyarəsinin vurulandan sonra bu ölkələrin arasında münasibətlər kəskinləşmişdi. Məhz Azərbaycan tərəfi onların münasibətələrinin normallaşması üçün vasitəçilik etdi və müsbət nəticə əldə olundu. Deməli, bu illər ərzində Azərbaycan bu regionda müstəqil məkan formalaşdırmaq  imkanı qazanıb ki, heç bir tərəf tərəddüd etmədən bu məkanı görüş yerinə çevirir.

Azərbaycan tərəflərə danışıqlar meydanı verməklə, əslində beynəlxalq müstəvidə sülhə töhfə verməyə çalışır. Biz həm də burada seçilən mövzuların düzgün nəticə verməsində maraqlıyıq.  Azərbaycan çox maraqlıdır ki, ABŞ və Rusiya Bakıda razılaşsınlar. Yəqin ki, bu görüşün əsas mövzusu Yaxın Şərq məsələsi və Ukraynadır. NATO-nu narahat edən məsələlər var. Onlar bura gəlirlər ki, bu kimi ciddi məsələləri danışsınlar. Ən önəmli məsələ odur biz çox arzulayırıq ki, Bakıda kompromislər tapılsın və qərarlar beynəlxalq məkanda vəziyyətə təsir eləsin. Biz istəyirik ki, Bakıdan onlar nəticə ilə qayıtsınlar.

Həmçinin, biz arzu edirik ki, tərəflər arasında belə görüşlər Qarabağ məsələsi ilə bağlı keçirilsin və nəticə əldə olunsun. Azərbaycan  beynəlxalq məkanda diplomatik ünvana çevrilirsə buna sevinmək lazımdır və bu mövqeyi gələcəkdə daha da  gücləndirməliyik.  Bütün bunlar təsdiqləyir ki, Azərbaycan qitələr, regionlar, sivilizasiyalar və dinlərlərarası bir körpüyə çevrilir.