YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qarabağda yaşayan ermənilər bilirlər ki, o torpaqlar Azərbaycana məxsusdur, onlar barışığın tərəfdarıdırlar

   Milli Məclisin deputatı Flora Qasımova

- Flora xanım, bildiyimiz kimi Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində bu soyqırımla əlaqədar qanun layihəsi hazırlanır. Sizcə, belə bir qanunun əhəmiyyəti nədən ibarətdir?

- Bilirsiniz ki, soyqırımı – genosid beynəlxalq cinayət hesab olunur. Soyqırımı anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixliqətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən edilir. Soyqırımı hər hansı bir milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən düşünülmüş şəkildə bilərəkdən məhv edilməsidir.

Xocalıda törədilən cinayət hərbi cinayətdir: odlu silahdan, hərbi texnikadan istifadə edildiyindən insanlar məhz azərbaycanlı olduqları üçün xüsusi qəddarlıqla öldürüldülər, öz ata-baba torpaqlarından qovuldular. Onların tarixi torpaqlarını işğal etmək, mənimsəmək məqsədilə heç bir çıxış yolu qoymadan, mühasirəyə alınaraq keçirildiyindən soyqırımıdır.

Ona görə də, soyqırım törədənlər beynəlxalq məhkəməyə verilməli, bu cinayəti törədənlər və onlara havadarlıq edənlər ciddi surətdə cəzalandırılmalıdır. Hətta, bu tipli cinayətlərin törədildiyi ölkənin bu barədə qanunu olmasa belə. Misal olaraq Yuqoslaviyanı, Ruandanı göstərə bilərəm.

Son illər Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması ilə əlaqədar dövlət qurumları ilə bərabər ictimai təşkilatlar tərəfindən də çox işlər görülmüşdür. “Xocalıya Ədalət”kampaniyası nəticəsində artıq 10-dək ölkədə, ABŞ-ın 25 ştatında bu cinayət soyqırımı və ya qətliam kimi tanınaraq qətnamələr qəbul edilmişdir.

“Qüdrətli Azərbaycan naminə” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar yeni qanun layihəsi hazırlanacaq. Yəqin ki, bu “etnik təmizləmək”lə bağlı olacaq. Çünki soyqırımı haqda Konvensiyadan da göründüyü kimi orada etnik təmizləmə termini yoxdur. Bilirsiniz ki, erməni millətçiləri Ermənistanın işğal etdikləri ərazilərdə qətllər, dağıntılar törətməklə yanaşı bütün azərbaycanlıları o torpaqlardan qovmuşlar. Bu qanun heç bir ölkədə yoxdur və bu qanunun qəbulu bir presedent ola bilər.

Mən hesab edirəm ki, Xocalı soyqırımını törədən qatillərin cəzalandırılması yalnız beynəlxalq məhkəmələr tərəfindən aparılmalıdır. Çünki soyqırım beynəlxalq cinayətdir. Bu bir tək azərbaycanlılara qarşı deyil, insanlığa, bəşəriyyətə qarşı törədilən cinayətdir. 

- Ermənistan dövləti işğalçılıq siyasətini hələ də davam etdirir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin tutduğu mövqe haqqında fikirlərinizi bilmık istərdik...

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin tutduğu mövqeni dövlət başçımız, hörmətli Prezidentimiz Cənab İlham Əliyev dəfələrlə açıq şəkildə bildirmişdir. Biz bu münaqişənin sülh yolu ilə həllinə çalışırıq, insanların qanının tökülməsini, azərbaycanlı və erməni analarının gözü yaşlı qalmasını istəmirik. Lakin əgər Ermənistan rəhbərliyi status-kvonun saxlanılmasını davam etdirsə, konstruktiv danışıqları pozsa, istənilən yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Biz imkan vermərik ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Artıq xalqımızın səbri tükənib. Mən əminəm ki, Cənab Prezidentin qətiyyəti və cəsarəti, həmçinin dünyadakı nüfuzu sayəsində biz o torpaqları işğaldan azad edəcəyik.

- Beynəlxalq qurumların, xüsusil ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətindəki fəaliyyəti haqqında nə deyə bilərsiniz? Bütövlükdə, danışıqlar prosesinin hazırki mərhələsi barədə düşüncələriniz nədən ibarətdir?

- Bu illər ərzində ATƏT-in Minsk qrupunun münaqişənin həllində heç bir fəaliyyəti olmadı. Əksinə onlar ermənilərə vaxt qazandırdılar ki, işğal etdikləri torpaqlarda möhkəmlənsinlər. Qeyri-qanuni məskunlaşdırma, azərbaycanlılara məxsus tarixi, mədəni abidələri məhv etmək, saxtalaşdırmaq, təbii sərvətlərimizi talan etmək, nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini, eyni zamanda Dağlıq Qarabağa Ermənistanı birləşdirən Kəlbəcər, Laçın, Zəngəzur, Qubadlı rayonlarının adlarını dəyişdirməklə, o torpaqları özününküləşdirməklə gələcəkdə Ermənistana qatmaq siyasəti aparmaqdadırlar. Mins qrupunun məqsədi Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etməsinin qarşısını almaqdır. Təəssüf ki, Minsk qrupunun həmsədrlərindən biri  olan Rusiya işğalçı dövləti silahlandırır.  Bir növ Ermənistan Rusiyanın quberniyasıdır artıq; silahla da təmin olunur, ordusunu da onun ordusuna qatır. 

- Flora xanım, zaman-zaman Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşü barədə fikirlər səsləndirilir. Bu görüşün baş tutmasına Ermənistan hakimiyyəti mane olur. Sizcə, burada məqsəd nədir?

- Görüşün baş tutmamasının səbəbi Ermənistanın torpaq iddialarından əl çəkməməsidir. Sarkisyan belə bir ifadə işlətmişdir: “Vətən doğulduğun yer deyil, qazandığın yerdir.” Bununla işğal etdikləri ərazini gənc nəsillərə vətən kimi təqdim edirlər. Biz də başa düşməliyik ki, Ermənistan müstəqil deyil və birbaşa Rusiyanın diqtəsi ilə hərəkət edir. Sarkisyanlar, Köçəryanlar,  Azərbaycan xalqının qisas hissindən qorxurlar və gec-tez törətdikləri cinayətlərə görə cavab verəcəklərini bilirlər.

- Bütövlükdə icmaların görüşü, sadə insanların təmasları münaqişənin həllinə nə dərəcədə töhfə verə bilər?

- Nə qədər ki, azərbaycanlılarla birlikdə dinc şəraitdə yaşayan yaşlı insanlar sağdır, bu görüşün töhfəsi ola bilər. Azərbaycanda yaşayan ermənilər qorxusuz, ürküsüz ölkənin istənilən yerinə gedib gəlirdilər, onlarla erməni qızları azərbaycanlılarla ailə qurmuşdular. Qarabağ erməniləri bilirlər ki, o torpaqlar Azərbaycana məxsusdur və biz tezliklər öz ata-baba yurdumuza qayıdacağıq. Onlar barışığın tərəfdarlarıdırlar.