YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Heydər Əliyev liderlik əzmini bütün dünyaya nümayiş etdirdi

Müsahibimiz YAP Siyasi Şurasının üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev

- Abdin müəllim, Milli Qurtuluş Günü ərəfəsindəyik. Öncə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yoluna nəzər salmağınızı xahiş edirik. Partiyanın yaradılmasını bugünkü uğurlarımızın təməli, Qurtuluşa gedən yolun başlanğıcı kimi necə şərh edərdiniz? 

- Aradan ötən 22 il bizə daha əsaslı təhlil aparıb, konkret nəticələrdən bəhs etməyə tam şərait yaradır. Həqiqətin müqayisədə meydana çıxması ilə bağlı mülahizəyə əsaslanaraq, deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası ümumiyyətlə dövlətçilik tariximizdə ümummilli mənafeləri tam əks etdirən, bütün xalqın səfərbərəedici siyasi gücünə çevrilən, birbaşa demokratiya və müstəqillik ideyaları ilə çıxış edən yeganə partiyadır. Yəni, indiyədək və elə bu gün də YAP qədər Azərbaycançılıq ideyalarına bağlı olan, siyasi prsoselərdə əsl xalq partiyası kimi iştirak edən təşkilat olmayıb, hazırda da yoxdur və gəlcəkdə də mümkün deyil. Çünki ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bu günün və sabahın partiyasıdır.
Bu gün Yeni Azərbaycan Partiyasına haqlı olaraq Heydər Əliyev partiyası da deyirlər. Mən bu yanaşmanı tam düzgün sayıram və hesab edirəm ki, bu məsələyə iki aspektdə – siyasi və mənəvi konteksdə yanaşmaq lazımdır. Əgər dövlətimizin fəaliyyət kursu məhz Heydər Əliyev siyasi kursuna əsaslanırsa, Heydər Əliyev ideoloji xətti ölkədə yeganə istinad mənbəyidirsə, onda Azərbaycanın alternativsiz siyasi gücünə çevrilən, ulu öndərin ideyalarının tərənnümçüsü olan YAP da haqlı olaraq Heydər Əliyev partiyası adlanmalıdır. 
Mənəvi tərəfə gəlincə isə, - bu, mənim üçün daha əsasdır, - daim 1990-1992-ci illəri xatırlayıram. Siyasi və iqtisadi böhran içində olan, müstəqilliyindən bəhrələnə bilməyən, Qarabağda erməni separatçılarının işğalı, şimal və cənubda isə etnik yönümlü təxribatlarla üzləşən, vətəndaş müharibəsi ərəfəsində olan respublikamızda əhali ümuidsizlik ovqatında, bədbin əhvalda, sabaha inamsızlıq ruhunda idi. Vətəndaşlarımız birmənalı olaraq, belə hesab edirdilər ki, Azərbaycanı məhvolma təhlükəsindən xilas edəcək yeganə amil məhz Heydər Əliyev faktorudur. Hələ 1991-ci ilin ortalarından etibarən ölkəmizin müxtəlfi bölgələrində insanların kütləvi şəkildə toplantıları keçirilir və Heydər Əliyevin fəal siyasətə qayıtması tələb olunurdu. Yüz minlərlə insan məhz ulu öndərin yaradaraq, rəhbərlik edəcəyi təşkilatda yeni siyasi gücdə – Heydər Əliyev Partiyasında təmsil olunmağı arzulayırdılar. O zaman heç Heydər Əliyevin özünün fəal siyasətdə iştirak etmək və partiya yaratmaq istəyi yox idi. Amma insanlar artıq bu arzularını israrla gündəmə gətirirdilər.
Yeni Azərbaycan Partiyasının fəaliyyət salnaməsi əslində, elə məhz müstəqil Azərbaycan dövlətinin tarixidir. YAP-ın yaranması xalqın və zamanın tələbi idi. Partiyamızın yaranmasının ilk rəsmi çağırışı «91-lər»in müraciəti idi. Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladıqları «Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir» müraciətində də həmin dövrün acınacaqlı mənzərəsi öz əksini tapırdı: «Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün dəyərləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir… İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz».
Ümummilli lider Heydər Əliyev müraciətə cavabında «Əgər belə partiya yaradılmışsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram» söyləməklə Azərbaycanın düşdüyü ağır vəziyyətə biganə qalmadığını, hər zaman xalqla bir olduğunu təsdiqlədi. 
 Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 600 mindən artıq üzvün birləşməsi, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilməsi ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi və hər zaman partiyanın fəaliyyətinə bələdçilik etdiyi «Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə, hörmətə malik olan siyasi partiyadır» fikrinin təsdiqidir. 

 

Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin iyununda ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz bugünki müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə, Cənubi Qafqazın parlayan ulduzuna, dünyanın 10 xoşbəxt ölkəsindən birinə çevrilən Azərbaycandan danışa bilməzdik

YAP müxalifət partiyası kimi fəaliyyət başladı. Amma bizim müxalifətçiliyimiz sivill, prinsipial və azərbaycançılıq amalına xidmət edən siyasət idi. Hesab edirəm ki, bu barədə danışarkən, möhtərəm Prezidentimiz, cənab sədrimiz İlham Əliyevin fikirləri mülahizəmi daha da əsaslandırar: «…Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq. Azərbaycan xalqı hər şeyi görürdü, o vaxt da belə idi, bu gün də belədir. Ulu öndərin hakimiyyətə gəlməsi, Azərbaycanın rəhbərliyinə gəlməsi, Yeni Azərbaycan Partiyasının ölkədə siyasi proseslərə başçılıq etməsi Azərbaycanın uğurunu təmin edən ən başlıca şərt olmuşdur. 1993-2003-cü illər Azərbaycan üçün dirçəliş illəri olmuşdur».
 Yeni Azərbaycan Partiyası yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkənin, eyni zamanda onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələninin əsasını qoydu. Bu fikri böyük inam və qətiyyətlə qeyd edirəm ki, dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli istəyi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz bugünki müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə, Cənubi Qafqazın parlayan ulduzuna, dünyanın 10 xoşbəxt ölkəsindən birinə çevrilən Azərbaycandan danışa bilməzdik. 

- Yeni Azərbaycan Partiyası Azərbaycan siyasətinə hansı yenilikləri, töhfələri gətirdi?

- Bir zəruri məqamı qeyd edim ki, YAP-ın 22 illik fəaliyyət dövrünü məhz Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətləri çərçivəsində təhlil etmək lazımdır. Çünki ulu öndər Azərbaycanın dövlət quruculuğu prosesində, həmçinin Prezident İlham Əliyev ölkəmizi dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək strategiyasının icrasında həm də YAP-ın sədri kimi iştirak edirdilər və edirlər. Bu baxımdan, bu gün Azərbaycan dövlətinin inkişafında əldə olunan misilsiz nailiyyətlər, siyasi proseslərdə bərqərar olan mühüm təkmilləşmələr və demokratikləşmə də qüdrətli sədrlərimizin – ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyytlərinin nəticəsi və həm də YAP-ın siyasi töhfələri kimi səciyyələnməlidir.
Ümumiyyətlə isə, tarixə qayıdaraq qeyd etmək istərdim ki, Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə vəsiqə alması hələ 1988-ci ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanda siyasi qurumların formalaşması prosesi ötən əsrin 80-cı illərinin sonundan başlanan xalq hərəkatı dövrünə təsadüf etmiş, 90-cı illərin əvvəlində bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin müəyyən konyuktur məqsədlər naminə yaradılan bu qurumlar respublikanı üzləşdiyi ağır iqtisadi, siyasi, hüquqi, mənəvi böhrandan nəinki qurtara bilmədilər, əksinə, mövcud vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Xüsusən də, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. 
Yuxarıda səsləndirdiyim fikri bir qədər də genişləndirərək, vurğulamaq istərdim ki, məhz bu səbəblərdən Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edir, xalqın lideri Heydər Əliyevin ətrafında birləşirdilər. Bunun digər obyektiv səbəbləri də var idi: əvvəla, hələ keçmiş ittifaq dövründə respublikaya inamla rəhbərlik edən Heydər Əliyevin necə böyük strateq, peşəkar siyasətçi və lider olduğu ölkə vətəndaşlarına yaxşı məlum idi. İkincisi, 1991-cı ilin iyul ayında böyük dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin Moskvadan Naxçıvana dönüşü ilə ölkənin ağır böhrandan çıxarılması yolunda mühüm mərhələ başlanmışdı. Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ümummilli liderin belə bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən bu, tarixin diktə etdiyi qaçılmaz, qarşısıalınmaz tarixi zərurət idi. Həmin dövrdə Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası daha çətin, ağır və acınacaqlı günlərini yaşayırdı. Lakin ulu öndərin Naxçıvana qayıdışı sabaha ümidini itirən, acınacaqlı vəziyyətdə yaşayan biz gənclərdə müəyyən nikbinlik yaratmışdı. 
Ümumiyyətlə, Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, hakimiyyətdə xalqın etimad göstərdiyi, dəstəklədiyi siyasi qüvvənin olmaması ilkin mərhələdə özünü ciddi problem kimi göstərirdi, ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün dərinləşməsinə, vətəndaşların hüquq və azadlıqlarının addımbaşı pozulmasına, dövlətçiliyə potensial təhdid olan cinayətkar qruplaşmaların baş qaldırmasına gətirib çıxarırdı. Həmin illərdə respublikanın günbəgün uçuruma yuvarlandığı, insanların çörəklə imtahana çəkildiyi bir vaxtda Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatlar, qonşu dövlətlərlə qurulan iqtisadi-siyasi münasibətlər, iqtisadiyyatda əldə edilən müsbət dəyişikliklər fonunda Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gəlməsi ölkə vətəndaşlarının ümumi arzusuna çevrilmişdi. 
O zamankı böhranlı və ağır şəraitdə respublikanın gələcəyini düşünən, reallığı adekvat qiymətləndirməyi bacaran nüfuzlu ziyalılarla yanaşı, biz gənclər də xalqın düçar olduğu bəlalardan qurtulması üçün çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdük. Heç şübhəsiz, Heydər Əliyevin cəmiyyətdə artan nüfuzu hakimiyyətdə olan qüvvələri ciddi narahat edirdi. Onlar ulu öndərin ən qısa zamanda ümumxalq dəstəyi qazanmasından, hakimiyyətə gəlməyə ən real namizəd olmasından ciddi təşvişə düşmüşdülər. Məhz bu səbəbdən də o illərdə Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi üçün Konstitusiyaya yaş senzi ilə bağlı qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Eyni zamanda, biz mübariz ruhlu gənclər, ziyalılarla birgə Azərbaycan Respubllikası Ali Sovetinin qarşısında 13 gün davam edən mitinq keçirərək konstitusiyadan yaş senzi ilə bağlı qondarma maddənin çıxarılmasını, Heydər Əliyevin prezident seçkilərində namizədliyinin qeydə alınmasını tələb edirdik. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq ulu öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün ondan kömək istəyir, Azərbaycanın müxtəlif bölgələrində mitinqlər keçirməklə müdrik siyasətçinin respublika rəhbərliyinə qayıtmasını tələb edirdilər. 

 

Vaxtilə yeni, müstəqil Azərbaycan uğrunda mübarizə aparan Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallaşması istiqamətində görülən işlərə öz töhfəsini verir

Həmin illərdə müəyyən səbəblərdən Naxçıvana gedə bilməyənlər isə MR Ali Məclisinin sədri Heydər Əliyevin ünvanına minlərlə müraciət, teleqram göndərərək xalqı düşdüyü bu bəlalardan qurtarmağı xahiş edirdilər. Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları, o cümlədən gənclər 1992-ci ilin ortalarından etibarən yeni siyasi mübarizə yolu seçərək ümummilli liderin rəhbərliyi ilə partiya yaratmaq qərarına gəldilər. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası bu məqsədlə yaranmış və 22 ilə yaxın dövr ərzində atdığı addımları ilə siyasi xəttinə, yoluna sadiqliyini təsdiqləmişdir. Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri partiyanın nüfuzunun, siyasi çəkisinin açıqlanmasında yardımçı rolunu oynayır. Hər bir seçki prosesindən qələbə ilə çıxan partiyaya milyonların sevgisi şəksizdir. Ulu öndər Heydər Əliyevin partiyası kimi nufuz qazanan Yeni Azərbaycan Partiyasının gələcəyinə inam sıralarında birləşən üzvlərin sayından da aydın görünür. 
Bu gün partiyanın sıralarında 600 mindən artıq üzv birləşir. Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisi olan bu fakt eyni zamanda bir reallığı da ortaya qoyur ki, YAP populizmdən uzaq olan partiyadır. Hər bir vəd konkret əməli işdə öz təsdiqini tapır. Vaxtilə yeni, müstəqil Azərbaycan uğrunda mübarizə aparan Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallaşması istiqamətində görülən işlərə öz töhfəsini verir. Dövlətin möhkəmlənməsi, qüdrətlənməsi, xalqın rifah halının daha da yaxşılaşması partiyanın həyata keçirdiyi siyasətin əsasını təşkil edir. 
Ötən il tarixə prezident seçkiləri ili kimi daxil oldu. Təkcə Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvünün deyil, xalqın böyük əksəriyyətinin namizədi olan cənab İlham Əliyevin prezident seçkilərində növbəti dəfə qələbəsi xalqın Prezidentinə inamını və etimadını bir daha ortaya qoydu. Xalq-Prezident birliyinin, həmrəyliyinin möhkəm olması uğurların əldə olunmasında açar rolunu oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman çıxışlarında xalqa arxalandığını, atılan hər addımın əsasında vətəndaş amilinin dayandığını bəyan edir və bu amil əldə olunan nəticələrdə özünü qadarıq şəkildə büruzə verir. Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək, dövlətə, xalqa xidmət etmək deməkdir. Milyonların sevgisini qazanan, ulu öndər Heydər Əliyevin yaradıcısı olan, Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyən Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan böyük qürur hissi keçirirəm. 

- Tarixə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun ölkəmizin həyatında oynadığı rolu necə şərh edərdiniz? Bugünün reallıqları, inkişaf tempi, perspektivlər həmin günün Azərbaycan tarixində yerini necə müəyyənləşdirir?

- Bu günlərdə 28 may - Respubilka Cününü qeyd etdik. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəsmi qəbulda söylədiyi fikirləri bir daha qeyd etmək istərdim: «...Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və Ulu Öndərə üz tutub, onu hakimiyyətə dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Ona görə 1993-cü il əslində real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı… 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi, regionl dövlət kimi artıq dünyaya təqdim edir.»
Bir faktı unutmayaq ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı. 
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra seçdiyi düzgün yolla Azərbaycanı xaosdan sabitliyə, iqtisadi tənəzzüldən tərəqqiyə doğru apardı. Heydər Əliyev bildirirdi: «Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli insanları, hörmətli adamları ilə, xalqın irəli çəkdiyi nümayəndələri ilə birlikdə edə bilərəm.»
Ümummilli lider iyunun 9-da Naxçıvandan Bakıya gəldi, sonra isə qanlı hadisələrin mahiyyətini öyrənib vətəndaş müharibəsinin alovlanmasının qarşısını almaq üçün Gəncəyə getdi. Heydər Əliyevin həm Bakıda, həm də Gəncədə əhali ilə görüşlərinin, AXC-Müsavat hakimiyyəti üzərinə qalxmış Surət Hüseynovla apardığı danışıqların nəticəsi bu oldu ki, Bakıya yürüş edən silahlı dəstələr geri qaytarıldı, vətəndaş müharibəsi təhlükəsi sovuşdu, xalqda sabaha inam yarandı. Xalqına arxalanan ulu öndər Heydər Əliyev bu birlik sayəsində bugünkü inkişafın təməlini qoydu. 
 İnkişafa yol açan əsas amillərdən biri 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması oldu. Azərbaycan dövləti bu addımı ilə həm ölkəmizin sonrakı inkişafına zəmin yaratdı, həm də ermənilərin əsassız torpaq iddiası nəticəsində yaradılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verdiyini, problemin danışıqlar əsasında cözülməsinin vacibliyini bəyan etdi. Qeyd etdiyimiz kimi, atəşkəs sazişinin imzalanması ilk növbədə ölkəmizdə sabitliyi möhkəmləndirdi. Hərtərəfli inkişaf üçün bu amilin rolu inkaredilməzdir. «Sabitlik bütün inkişafın əsasıdır» söyləyən ulu öndər Heydər Əliyev bildirirdi ki, heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.
Ulu öndər Heydər Əliyevin düşünülmüş daxili siyasəti nəticəsində Azərbaycan çox qısa zamanda sabitlik diyarına çevrildi ki, bu da əlverişli biznes mühitinin yaradılmasına stimul oldu. Daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycana müstəqilliyimizin ilk illərində maraq az olsa da, 1994-cü ildən bəri ölkədə yaradılan sabitlik bu diqqətin artmasında əhəmiyyətli rol oynadı. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər ölkədə ictimai-siyasi durumun gərginliyindən qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkədə daxili sabitliyin yaradılması bu tərəddüdləri aradan qaldırdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün böyük fəxr hissi ilə qeyd ediriksə ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 160 milyard dolları ötüb, bu məhz həmin dövrdə əsası qoyulan sabitliyə əsaslanır. 1994-cü ilin sentyabarın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə interasiyaya yol açdı. «Əsrin müqaviləsi»nin imzalanması mərasimində çıxış edən ulu öndər Heydər Əliyev bildirmişdir: «Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir.»
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiyalara son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ümummilli liderin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prisiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Ümummilli lider bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. 
Daxili siyasətin davamı kimi dəyərləndirilən xarici siyasət sahəsində də uğurlu addımların əsası məhz ümummilli liderin hakimiyyətə qayıdışından sonra qoyulub. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Onun xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Ümummilli liderin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demkoratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Dövlətimizin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərinə ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edir. Ulu öndərin dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
İqtisadi tərəqqi demokratik islahatların sürətini artırdı. Demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə bərqərar olundu. Qeyd etdiyim kimi, 1995-ci ilin noyabrın 12-də müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulu Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yoluna işıq saldı. Konstitusiyada əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ölkədə vətəndaşlara bütün azadlıqlar verilib. Sərbəst toplaşmaq azadlığı yüksək səviyyədə təmin edilir. Çoxpartiyalı sistem yaradılıb. Bu gün ölkəmizdə 40-dan artıq siyasi partiyanın, 3 minə yaxın qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün təkmil qanunvericilik bazasının yaradılması da demokratik inkişafın əsas göstəricilərindəndir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Ölkədə seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi üçün təkmil seçki sistemi formalaşdırılıb. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində Seçki Məcəlləsi qəbul olunub. Bu sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirir. 
Azad mətbuatın inkişafı dövlətin siyasətinin əsas tərkib hissəsinə çevrildi. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunu gücləndirdi, Azərbaycan dünyanın nüfuzlu təşkilatlarına üzv qəbul edildi. 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması dövlətimizin demokratik prinsiplərə sadiqliyinin bariz nümunəsi idi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. 
Sonrakı mərhələlərdə Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadığı duruma bir daha diqqət yönəldən ulu öndər Heydər Əliyev bildirirdi: «Biz bütün bu çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq!»

 

Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Qarşıdakı illərdə ölkəmizi daha böyük uğurlar gözləyir

 Azərbaycanın uğurları dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın da diqqətindən kənarda qalmadı. Ümummilli liderin «Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir» çağırışı bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında sıx birləşdirdi.
Azərbaycanın qazandığı mühüm uğurlardan biri kimi güclü ordunun yaradılmasında da sabitliyin rolu inkaredilməzdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Ordunun maddi-texniki bazası möhkəmləndirilmiş, dünya standartlarına uyğunlaşdırılmışdır. Hazırda hərbi büdcəmiz 3 milyard dollardan çoxdur. Bunu Azərbaycanın suveren hüququ kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycanın tam haqqı var işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Prezident İlham Əliyevin söylədiyi: «Bizə heç kim təzyiq göstərə bilməz, heç kim öz iradəsini bizə qəbul etdirə bilməz» fikri belə bir həqiqəti təsdiq edir ki, Azərbaycan dövlətinin mövqeyi dəyişməzdir, ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Ölkəmiz öz prinsipial mövqeyindən bir addım da olsun geri çəkilməyəcək.
Təbii ki, Qurtuluşun ölkəmizə qazandırdığı uğurları bir müsahibədə qeyd etmək qeyri-mümkündür. Uğurlarımıza qısa baxış bu gerçəkliyi bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Qarşıdakı illərdə ölkəmizi daha böyük uğurlar gözləyir. Bu inama əsas verən əsas amil isə Heydər Əliyev siyasəti və xalqın bu siyasətə böyük dəstəyidir. Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: «Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir.»

- 2003-cü ildən sonrakı dövr tarixdə Böyük Yolun davamı kimi qeyd edilir. Sizcə bu qiymətləndirməni şərtləndirən amillər hansılardır?

- Bu mövzuda danışarkən, bir mühüm məqama nəzər salmalıyıq. Möhtərəm İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Prezidentlik missiyasının əsas məramını belə izah etmişdi: «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.» 
Cənab İlham Əliyev son 10 ildə atdığı biri-birindən əhəmiyyətli addımları ilə bu vədinə sadiqliyini nümayiş etdirdi. Azərbaycan daha böyük uğurları ilə dünyanın diqqət mərkəzində oldu. Azərbaycanın elmi əsaslara söykənən inkişaf modelinin mövcudluğu beynəlxalq səviyyədə təqdir olunur. Neft gəlirlərindən səmərəli istifadə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atılmasına stimul verdi. Minlərlə yeni iş yerinin açılması işsizlik və məşğulluq problemlərinin həllinə öz müsbət təsirini göstərdi. Ölkə iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması Azərbaycanın 2008-ci ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasında özünü qabarıq şəkildə büruzə verdi. 
Bazar iqtisadiyyatının əsas aparıcı qüvvələri olan sahibkarlığın inkişafına dövlət dəstəyi davamlı xarakter alaraq, bu istiqamətdə mühüm uğurların əldə olunmasını şərtləndirdi. Ölkəmiz qısa müddətdə keçid dövrünü başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoydu. Son illərin sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə, həyata keçirilən iqtisadi islahatların zamanın tələbinə yüksək səviyyədə uyğunlaşdırıldığının şahidi olarıq. Bu gün Azərbaycan yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunur və yüksək dəyərləndirilir. Həyata keçirilən iqtisadi islahatların əsasında Azərbaycan vətəndaşının dayandığını nəzərə alsaq, sosial müdafiənin gücləndirilməsi istiqamətində görülən işlərin davamlılığı diqqətçəkəndir. 
İqtisadiyyatın inkişafının əsas göstəricilərindən olan ümumi daxili məhsulun son on ildə 3 dəfə, qeyri-neft sektorunun 2,4 dəfə artması mühüm uğurdur. Son 10 ildə uğurlu islahatların nəticəsində Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub. Regionda inkişaf parametlərinə görə liderliyi ələ alan Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 85 faizdən çoxuna sahibdir. Azərbaycan iqtisadiyyatının dünyada ən yüksək dinamikaya malik iqtisadiyyat olduğunun sübut olunması, iqtisadi göstəricilərin beynəlxalq aləmin diqqətində olması, iqtisadi artımın sürətinə görə ölkəmizin dünyada birinciliyi ələ alması, büdcəmizin 20 dəfədən artıq yüksəlməsi və digər iqtisadi yüksəliş möcüzələrinin nümayiş etdirilməsi məhz yaşadımız son 10 ilin reallıqlarıdır.

 

Ötən 10 il Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni və mənəvi inkişafının əlamətdar bir məhələsi olaraq tariximizə daxil olub

Beləliklə, ötən bu dövr Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik siyasətinin həyata keçirilməsində çox önəmli addımların atılması ilə yadda qalıb. Bu illər ərzində əslində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş konsepsiyanın istinad etdiyi üç sütun əsaslı şəkildə formalaşıb - Güclü dövlət, müasir iqtisadiyyat, azad cəmiyyət. 
Ötən 10 il Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni və mənəvi inkişafının əlamətdar bir məhələsi olaraq tariximizə daxil olub. Azərbaycan dövlətinin qüdrəti bundan sonra daha da artacaq. Ölkəmizin müasir iqtisadiyyatının imkanları daha da yüksələcək, Azərbaycan vətəndaşları özünü daha rahat hiss edəcək. Ayrı-ayrı sahələr üzrə Dövlət Proqramlarının uğurlu icrası Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verir. Bakı və Bakıətrafı qəsəbələrin, regonların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, rayonlar arasasında sağlam rəqabət hərtərəfli inkişafı sürətləndirir. Görülən işlərin ictimaiyyətdə yaratdığı xoş ovqat gələcəyə daha böyük inam hissi formalaşdırır. 
Möhtərəm Prezidentimiz İlham Əliyevin bu tapşırığı hər bir rayon rəhbərliyinin fəaliyyətinin əsasını təşkil edir. «Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir» söyləyən Prezident İlham Əliyev bildirir ki, hər bir icra başçısını vəzifəyə təyin edərkən ona bir neçə əsas istiqamət göstərilir - İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Birgə səylər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır. 
 Müstəqil Azərbaycanımızı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda işlənib hazırlanan və təsdiq olunan «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası, eyni zamanda uğurla başa çatan Dövlət Proqramlarının növbəti sənədlərin qəbuluna stimul verməsi və yeni-yeni hədəflərin müəyyənləşdirilməsi bu inama əsas yaradır.

- Abdin müəllim, rəhbərlik etdiyiniz Nərimanov rayonunu bu gün inkişafın hansı mərhələsində görürsünüz? 

- Qeyd etdiyim kimi, cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Bakı və Bakıətrafı qəsəbələrin, regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət Proqramlarını təsdiqlədi. Onların uğurlu icrası göz qabağındadır. Ötən ilin sonunda Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasının yekunlarına həsr olunmuş konfransında dövlət başçısı İlham Əliyev bu inamı ifadə etmişdir ki, 2014-cü ildən icrasına başlanılacaq üçüncü dövlət proqramı nəticəsində bu günə qədər həll olunmayan məsələlər və Bakının, onun qəsəbələrinin bütün infrastrukturu, nəqliyyat, sosial problemləri öz həllini tapacaq. Gözəl Bakımızın gələcək inkişafı və abadlaşması üçün yeni dövr başlayır.
Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə təməli qoyulan, şəxsi nəzarəti altında inşa edilən çoxsaylı obyektlər Nərimanov rayonunun simasını daha da müasirləşdirib, gözəlləşdirib. Dövlət başçısı Nərimanov rayonuna və sakinlərimizə son 10 il ərzində çoxsaylı səhiyyə və təhsil müəssisələri, yol ötürücüləri və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, istehsalat müəssisələri, yeni inzibati binalar bəxş edib. Əlbəttə, rayondakı inkişaf prosesindən danışarkən, Heydər Əliyev Fondunun misilsiz qayğısından, böyük himayədarlığını qeyd etməmək mümkün deyil. Çünki rayonumuzda bu sahədə görülən işlərdə dövlətin ən yaxın yardımçısı məhz ulu öndərin adını şərəflə daşıyan bu Fond olub. Təsadüfi deyil ki, Fondun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyeva Azərbaycan vətəndaşlarının, xüsusən də Nərimanov rayonu sakinlərinin inam ünvanına, mərhəmət və xeyirxahlıq rəmzinə çevrilib.
Görülən işlərin miqyası genişdir və onları sadalamağa ehtiyac duymuram. Çünki müstəqil Azərbaycanımızı inkişaf etmiş ölkələr sırasında görmək istəyiriksə, daha səylə çalışmalı, biri-birindən əhəmiyyətli tədbirlərin gerçəkləşməsinə səy göstərməliyik. Yeniləşmə, müasirləşmə, modernləşmə dövlət siyasətimizin ana xəttini təşkil edir. Dövlət başçısı İlham Əliyevin dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsinin tətbiqini, texnologiyalarının Azərbaycana gətirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. «Biz daim irəliyə baxmalıyıq» söyləyən möhtərəm Prezidentimizin tapşırığına uyğun olaraq, davamlı tədbirlərin həyata keçirilməsinə çalışırıq. Hər il üçün nəzərdə tutulan Tədbirlər Planında qarşıya qoyulan məqsədlərə nail olmaq üçün görüləcək işlər öz əksini tapır. Kompleks tədbirlər uğurlarımızı daha da sürətləndirir. 
Reallıqlar görülən işlərin, inkişafın hansı səviyyədə olmasının göstəricisidir. Rayonumuzun simasında günbəgün nəzərə çarpan yeniliklər, əhalidə xoş əhval-ruhiyyə yaradan quruculuq, abadlıq işləri davamlıdır. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin icrası inkişafı daha da sürətləndirəcək, rayonumuza daha böyük yenilik, müasirlik gətirəcək. Hər zaman qeyd olunduğu kimi, məqsəd inkişaf üçün başlıca amildir. Azərbaycanın 23 ilə yaxın dövr ərzində keçdiyi inkişaf yolunun ayrı-ayrı dövrlərinə diqqət yetirsək, zamanın tələbindən irəli gələn çağırışların yüksək səviyyədə həyata keçirilməsi nəticəsində bugünkü inkişafa gəlib çıxdığımızı görərik. Möhtərəm Prezidentimiz İlham Əliyevin 28 May- Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda ifadə etdiyi bu inamı bir daha qeyd etmək istərdim: «Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq.»
Xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edir, ölkəmizin hərtərəfli inkişafına töhfələrini daha da artırmağı arzulayıram.