YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Vətəndaşların dövlətimizə bağlılığı sarsılmazdır və insanlar Prezidentimizin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirlər

   Milli Məclisin deputatı Sona Əliyeva

- Sona xanım, bu yaxınlarda Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edildi. Sizcə, bu dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?

- 2016-cı ilin dövlət büdcəsinə edilən dəyişikliklər çox vacib və əhəmiyyətlidir. Dünyada baş verən iqtisadi böhran və neftin qiymətinin kəskin aşağı düşməsi fonunda belə bir dəyişikliklərin edilməsi zəruri idi. Bir sıra ölkələr hazırki mürəkkəb vəziyyətlə əlaqədar öz büdcələrinə yeniliklər edirlər. Bilirsiniz ki, 2008-ci ildən dünyada başlayan iqtisadi böhran ölkəmizə uzun müddət təsir etmədi. Bu böhranı biz indi müəyyən qədər hiss edirik. Ona görə də, hökumət tərəfindən zəruri addımlar atılır ki, dünya iqtsadi böhranından minimum itkilərlə çıxaq. Eləcə də, sosial proqramların heç bir ixtisar olmadan həyata keçirilməsi dövlətin hər zaman vətəndaşların yanında olduğunu göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin hazırki şəraitdə həyata keçirdiyi siyasət onu deməyə əsas  verir ki, iqtisadi cəhətdən yeni inkişaf mərhələsi başlanır. Əslində qarşılaşdığımız problemlər qeyri-neft sektorununun potensialını yenidən dəyərləndirməyə, bu sahədə daha çevik və səmərəli fəaliyyətə başlamağa sövq edir. Bu gün qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli addımlar atılır və görülən işlər iqtisadiyyatın neftdən asılılığını götürmək üçün çox böyük əhəmiyyət kəsb edir. Kənd təsərrüfatını daha da inkişaf etdirmək, yerli isthesalı artırmaq, ixrac potensialını yüksəltmək bu baxımdan önəmlidir. Mən Şəmkir rayonunu təmsil etdiyim üçün deyə bilərəm ki, aqrar rayon olaraq kənd təsərrüfatı sahəsində öz ənənələri formalaşmış bir rayondur  və gələcək bütün fəaliyyətlər də bu sahənin inkişaf etdirilməsinə yönəlib. Rayonumuzda  meyvə-tərəvəz,  bostan bitkiləri yetişdirilir, heyvandarlıq da geniş yayılmış məşğulluq növüdür.

Məlumat üçün deyim ki, respublikada 3000 hektar istxana altında torpaq var, onun da 1600 hektara  yaxını Şəmkirdədir. İstehsal etdiyi məhsullarla rayon  nəinki özünü təmin edir, həm respublika, həm də Rusiya bazarlarına da məhsullarımız ixrac olunur.

- Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair Dövlət  proqramlarının icrasının nəticəsi olaraq bölgələrimizdə böyük quruculuq işləri həyata keçirilir. Eyni zamanda, bölgələrdə yerli istehsalın stimullaşdırılması, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi aktual məsələdir. Bu baxımdan, təmsil etdiyiniz Şəmkir rayonunun potensialı haqqında və rayonda bu istiqamətdə görülən işlər barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, ölkəmizin regionların inkişafı fonunda Şəmkir rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Dövlət proqramları çərçivəsində yeni sosial obyektlər tikilib, yollar çəkilib, parklar salınıb. Eləcə də, kəndlərimiz qazlaşdırılır, elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırılır və s. Bütün görülən işlər rayon əhalisi tərəfindən dəstəklənir, insanlar da bu quruculuq işlərpində yaxından iştirak edirlər.

Şəmkir rayonu respublikada böyük rayonlardan biridir. 1 şəhər, 4 qəsəbə və 61 kənddən ibarətdir, əhalisi isə 210 minə qədərdir. Hər il artan demoqrafik göstəriciləri də nəzərə alsaq əhalinin məşğulluğunun  təmin olunması istiqamətində addımlar atılması zəruridir. Rayonumuzda bununla bağlı müsbət göstəricilər var.  Belə ki,  rayonda davamlı olaraq yeni müəssisələr yaradılır və bu da yerli istehsalın stimullaşdırılmasında, əhalinin işlə təminatında vacib rol oynayır. Bu prosesdə Şəmkir bələdiyyələrinin fəaliyyəti təqdirəlayiqdir. Şəmkir rayonunda 42 bələdiyyə fəaliyyət göstərir ki, hər bir bələdiyyədə tədarük məntəqəsi və bələdiyyənin nəzdində Məhdud Məsuliyyətli Cəmiyyət təsis edilmişdir. Hazırda bələdiyyələr nəzdində 45 MMC təsis olunmuşdur.

Cənab Prezidentin bu sahədə  tövsiyələrini nəzərə alaraq, yerli özünü idarəetmə orqanları  artıq öz hədəf və istiqamətlərini müəyyənləşdirmişdir. Məqsəd isə ondan ibarətdir ki, bələdiyyələrin icmanın həyatında aktivliyi artsın, eyni zamanda bələdiyyə özü maddi gəlir əldə etsin  və öz  büdcəsini formalaşdırsın, dövlətin dotasiyasından asılılğını götürsün və icmanın sosial problemlərini həll etsin. Eyni zamanda yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında,  rayonda və respublikada ərzaq təhlükəsizliyinin təminatında  bu fəaliyyətlər önəmli rol oynaya bilər.

Artıq bir neçə bələdiyyənin nəzdində MMC-lər fəaliyyətə başlayıb. Məsələn, Şəmkir şəhərinin  “Ağ dağlar”  adlanan ərazisində Şəmkir Bələdiyyəsi tərəfindən təsis edilmiş “Abad Şəmkir”  MMC-nin nəzdində 2015-ci ildə “Natural” su və konserv istehsalı zavodu  tikilib istifadəyə verilmişdir. Müəssisədə  qazlı və qazsız su, cem, mürəbbə, kampot və turşu istehsal olunur. Müəssisədə quraşdırılmış avadanlıqlar Türkiyə və İtaliya Respublikalarından gətirilmişdir. Zavodda 50 yeni iş yeri yaradılmışdır. Məqsədimiz rayonun təbii potensialindan istifadə etməklə bazara  tam təbii,  orqanik məhsul təqdim etməkdir. Bu zavodun istehsal etdiyi məhsulların Şəmkirdə kifayət qədər  alıcısı var və gələcəkdə istehsal olunan məhsulların daha böyük bazarlara çıxarılması nəzərdə tutulur.

Yenə də Şəmkir bələdiyyəsinin təsis etdiyi “Morul Tikinti” MMC-nin nəzdində tikinti materialları istehsalı müəssisəsi fəaliyyətə başlamışdır. Müəssisədə rayon əhalisinin tikinti materiallarına artan təlabatının ödənilməsi məqsədilə yerli xammal materiallarından istifadə etməklə qum-çınqıl, tamet və digər bəzək daşları istehsal olunur. Müəssisədə 30 nəfərlik yeni iş yeri yaradılmışdır.

Çinarlı bələdiyyəsinin nəzdində təsis edilmiş “Çinarlı qəsəbə” MMC-nin nəzdində “Şəmkir Səbəti” brendi altında kənd təsərrüfatı məhsullarının satışı üzrə yaşıl market bazarının tikintisinə 2015-ci ildə başlanılmlışdır. Layihəyə uyğun olaraq bazarın tikintisi üçün Bakı-Qazax avtomobil yolunun 399-cu km-də müəssisəyə məxsus olan 5 hektar torpaq sahəsində əhalinin kənd təsərrüfatı məhsulları faraş meyvə tərəvəz və bütün növ ərzaq məhsulları  ilə təmin etmək üçün milli memarlıq ənənələrinə uyğun olaraq 147 ədəd ağac konstruksiyadan ibarət olmaqla pərakəndə ticarətin təşkili üçün butiklər hazırlanmışdır. Ərazinin baş planına uyğun olaraq ümumi sahəsi 500 kv.m-dən ibarət  kafe “Şəmburq”,  sahəsi 2000 kv.m-ə yaxın müasir dizaynla “Super market”, 5 ədəd soyuducu anbarlar və 3 ədəd sanitariya qovşağı inşa olunmuşdur.  “Şəmkir Səbəti” bazarında 150 ədəd orta tonnajlı yük avtomaşınlarının dayanması və topdan satış ticarətin təşkili üçün xüsusi sahə yaradılmış və ətrafı abadlaşdırılmışdır. Yeni yaradılmış “Yaşıl market” bazarında təqribən 350-ə yaxın yeni iş yeri yaradılması nəzərdə tutulmuşdur. Hal-hazırda abadlıq işləri davam edir.

Turizm sahəsinin inkişafı məqsədilə rayonun Çənlibel kəndində isə maralçılıq təsərrüfatı fəalyyətə başlayıb. Çənlibel bələdiyyəsi tərəfindən təsis edilmiş “Maral” MMC-nin nəzdində istirahət mərkəzinin və maralçılıq təsərrüfatının yaradılmışdır.  Burada “Nəcib” maralı kimi tanınan maralların yetişdirilməsi, saxlanması ilə bağlı kənd təsərrüfatı  fəaliyyətini həyata keçirilir və  insanların istirahəti üçün xüsusi şərait yaradılmışdır. Layihənin həyata keçirilməsində məqsəd respublikamızın ərazisində maralçılığın inkişaf etdirilməsi, ondan həm ekzotik xidmət növü kimi istifadəsini yaymaq, həmçinin də qida rasionuna daxil etmək, eyni zamanda müxtəlif yüksək müalicəvi qabiliyyətə malik olan cəhətlərindən tibbi sahədə yararlana bilməkdir. Bu sahədə göstəriləcək xidmətlərə rayon və region bazarlarında kifayət qədər təlabat mövcuddur. Azərbaycan təbiəti zəngindir və eko-turizmin inkişafı üçün böyük imkanlar var. Bu mənada dağlıq ərazi olan Çənlibel kəndində də  “Maral” MMC-nin fəaliyyəti ekoturizmin inkişafına da öz tohfələrini verəcək.  “Maral” MMC-nin  istifadəsində olan ərazidə həm də  60 ədəd müxtəlif ölçüdə bisetkalar quraşdırılmış və orada əhaliyə Pik-Nik xidmətləri göstərilir. “Maral” MMC-də mövsümü işlə 75 nəfər, daimi işlə isə 35 nəfər təmin olunub.

Həmçinin Rayonun Qaracəmirli kəndində də bələdiyyə nəzdində  quşçuluq təsərrüfatı fəaliyyət göstərir. Bələdiyyələr tərəfindən aparılan bu fəaliyyətlər  həm insanlara xidmət edir, həm də öz bələdiyyənin  büdcəsinin  formalaşmasına xidmət edir.

Bələdiyyə tərəfindən irəli sürülən çox maraqlı bir layihəni də sizin nəzərinizə çatdırmaq istəyirəm. Şəmkir bələdiyyəsi nəzdində yol təmir-tikinti işləri ilə məşğul olan MMC-nin  yaradılması ilə bağlı təklif irəli sürüb və icma tərəfindən də layihə maraqla qarşılanıb. Şəmkir Bələdiyyəsi özünün və icmanın imkanlarından istifadə etməklə rayon ərazisində olan şəhər, qəsəbə, kəndarası və kənd daxili yolların ilkin təmirini həyata keçirməyi planlaşdırır. Ümumlikdə 1314km yolun 36 ay ərzində tikintisininin başa çatdırılması nəzərdə tutulur. Hətta bələdiyyə təmir olunmuş yolların asfaltlanması üçün güzəştli qiymətlərlə bitumun alınması məqsədilə aidiyyatı qurumlara müraciət etmək üçün təkliflər paketi hazırlayır.

Digər görülən vacib işlərdən biri də rayonun Ceyrançöl adlanan ərazisində torpaqların əkinə yararlı vəziyyətə gətirilməsidir. Uzun müddət bu ərazidə su olmadığına görə, yalnız mala-qara otlağı üçün istiafdə olunurdu. Amma artıq bu əraziyə su çəkilib və ötən il 2000 hektar sahdə nümunəvi taxılçılıq və bitkiçilik təsərrüfatı yaradılmışdır.  Bu  il isə  əkin sahələrinin 5000 hektara qədər artırılması nəzərdə tutulur və hal hazırda həmin sahədə pivod –suvarma sistemi qurulur. Hesab edirəm ki, bu fəaliyyət respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcəkdir.

- Bəs rayonda ictimai fəallıq hansı səviyyədədir?

- Rayonumuzda ictimai fəallıq yüksəkdir. Vətəndaşların  dövlətimizə bağlılığı sarsılmazdır və insanlar Prezidentimizin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirlər. Prezidentimiz hər zaman bəyan edir ki, biz xalqın xidmətçiləriyik. Şəxsən mən millət vəkili olaraq dövlət başçısının bu çağırışına layiqincə əməl etməyə çalışıram. Mənim millət vəkili seçildiyim 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə 2 qəsəbə və 19 kənddə 40 mindən artıq seçici var. Yanvar ayında 4 kənddə, fevralda isə 1 kənddə seçicilərlə görüşlər keçirərək ümumilikdə 140 müraciət qəbul etdim. İnsanların müraciətlərinin həlli istiqamətində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıram. Biz fəaliyyətimizlə xalqın xidmətçisi olmalıyıq  və vətəndaş məmnunluğunu təmin etməliyik.

Şəmkir ictimaiyyəti də kifayət qədər fəaldır və cəmiyyətimizin  inkişafına öz töhfəsini verməyə çalışırlar. Rayonda ictimai əsaslı təşkilatlar da fəaliyyət göstərir ki, onların bir neçəsini qeyd etmək istəyirəm. Gənc Həkimlər Birliyi bir il öncə yaradılıb. Bu təşkilatın üzvləri olan gənc həkimlər  yerlərdə əhaliyə səyyar xidmət göstərirlər. Qruplar şəklində ay ərzində bir və ya iki kəndə gedib, insanları müayinə edirlər,  gün ərzində ən azı 80 nəfəri qəbul edirlər. Digər bir qurum- Gənc Müəllimlər Birliyinin üzvləri isə 35 yaşa qədər müəllimlərdir və təhsildə müxtəlif istiqamətlər üzrə müəllimlərə təlimlər keçirlər. Məqsəd odur ki, Şəmkirdə təhsilin inkişafına töhfə versinlər.

İctimai fəallıq baxımından Şəmkir rayon Heydər Əliyev Mərkəzinin də fəaliyyətini qeyd etmək istəyirəm. Mərkəzin  elmi-kütləvi kitabxanasında  25 dildə 17 min kitab var. Eyni zamanda, mərkəzin nəzdində elektron kitabxana da fəaliyyət göstərir. Hər bir rayon sakini eləcə də respublikanın istənilən bölgəsindən  insanlar  istədiyi kitabı elektron qaydada sifariş edə bilər. Bununla yanaşı mərkəzin nəzdində  Gənc Yazarlar Klubu fəaaliyyət göstərir ki, bu da gənc yazarlarımız üçün əhəmiyyətlidir.

Bununla yanaşı Şəmkir rayon Heydər Əliyev Mərkəzi   Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Saziş çərçivəsində   Qarabağ müharibəsində iştirak etmiş  Veteranlar və müharibədə həlak olmuş şəhidlərin rayon sakinlərinə daha yaxından tanıdılması istiqamətində onların özləri və ailələri ilə görüşlərin təşkili, müharibə iştirakçılarının  döyuş xatirələri ilə bağlı  memuarın nəşr olunması və  sənədli film çəkilməsi nəzərdə tutulub.

Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb. Bilik Fondu və Heydər Əliyev Mərkəzi arasında imzalanmış Niyyət Protokolu bölgə əhalisinin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkilini və həyata keçirilməsini nəzərdə tutur.

Bütün bunları vurğulamaqla onu demək istəyirəm ki, rayonda ictimai fəallıq yüksəkdir və bu fəallığı artırmaq üçün sadalamadığım bir çox  tədbirlər həyata keçirilir.

- Sona xanım, siz parlamentin  Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüsünüz. Ümumiyyətlə, ölkəmizdə gender bərabərliyini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, ölkəmizdə qadın və kişi hüquqları təkcə qanunlarda deyil, həyatda da bərabərdir. Biz bunu iş yerlərində, ailədə, bütövlükdə cəmiyyət həyatında  hiss edirik. Azərbaycan bu baxımdan, müvafiq  beynəlxalq təsisatlar qarşısında götürdüyü öhdəliklərə əməl edir. Bilirsiniz ki, rayon İcra Hakimiyyətlərinin əksəriyyətində başçı müavinlərinin biri qadındır. Eləcə də, Milli Məclisdə də qadın deputatların sayı artıb. Bu gün bələdiyyələrdə qadınların təmsilçiliyi 30 faizdən çoxdur, həmçinin, sahibkarlığa meyl edən qadınların da sayı artır. Yəni qadınların cəmiyyət həyatında fəallığı artır və bu da gender bərabərliyinin göstəricisidir.

Amma onu da qeyd etmək istəyirəm ki, dünyanın hər yerində olduğu kimi bu sahədə ölkəmizdə də bəzi problemlər var. Buna misal olaraq məişət zorakılığı, erkən nikahlar problemlərini göstərmək olar. Dünyada gedən qloballaşma milli mənəvi dəyərlərimizə də təsir edir. Bunlar isə yeni, lakin cəmiyyətin inkişafı ilə bağlı  problemlərdir. Məsələn, yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdə  təhlükəsizliyinin təmini valideyinləri və eləcədə də cəmiyyəti narahat edən ciddi problemlərdən biridir. İstəsək də, istəməsək də texnologiyalar həyatımızın bir hissəsinə çevrilib. Övladlarımızın virtual aləmdə ola biləcək təhlükələrdən  qorumaq  vəzifəsi isə bizim üzərimizə düşüb.  Bunlar təbii problemlərdir, çünki  texnologiya inkişaf etdikcə, problemlər də ortaya çıxacaq.

Üzvü olduğum komitədə cəmiyyətin bu mənada narahatlığı, tələb və maraqları nəzərə alınaraq “Uşaqların sağlamlığına və inkişafına ziyan verən informasiyalardan qorunması” haqqında qanun layihəsi hazırlanır. Qanun layihəsi müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlar, yeniyetmələr və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorumaq məqsədi daşıyır.

- Siz, həmiçinin təhsil sahəsində çalışırsınız. Ümumiyyətlə, Azərbaycanda təhsilin inkişafı istiqamətində həyata keçirilən davamlı islahatları və əldə edilən nailiyyətləri necə qiymətləndirirsiniz?

- Bəli, təhsil mənə çox doğma sahədir. Çünki mən təhsil işçisiyəm, Əməkdar müəlliməm, «Ən yaxşı müəllim» müsabiqəsinin qalibi olmuşam. Təhsil elə bir sahədir ki, o hər zaman inkişafa meyllidir və bu sahədə problemlər həmişə olub və olacaq. Bu problemlərin həlli üçün də hər bir cəmiyyətdə islahatlar həyata keçirilir. Azərbaycanda  köklü olaraq təhsil islahatlarının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bununla da təhsilimiz yeni bir inkişaf  mərhələsinə qədəm qoydu. Bunun davamı olaraq   isə cənab Prezident İlham Əliyev tərəfindən təhsil sahəsinin inkişafı ilə əlaqədar bir çox sayda dövlət proqramları təsdiq olundu ki, bu proqramlar da bu sahənin inkişafın a böyük töhfələr verir. Bu gün Azərbaycan təhsili sürətlə dünya təhsilinə inteqrasiya edir. Ali məktəblərimiz Boloniya prosesinə qoşulub, dünyanı nüfuzlu ali məktəbləri ilə sıx əməkdaşlıq edilir, minlərlə gənclərimiz xaricdə yüksək ali təhsil alır.

Eyni zamanda, ötən illər ərzində respublikada müasir standartlara cavab verən məktəb binaları tikilib istifadəyə verilib, onların maddi-texniki bazası yüksək səviyyədədir. Həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən təhsil müəssisələrinin  tikintisi davam etdirilir. Eyni zamanda, müasir texnologiyaların təhsilə inteqrasiyası artıb. Məktəblərin İKT avadanlıqları ilə təminatı yüksək səviyyədədir. Şəmkir rayonunda  78 ümumtəhsil məktəbi var ki, onların da  hər birində ən azı 1elektron lövhə var və istifadəsi təmin olunur. Yəni  təhsil müəssisələrimiz öz fəaliyyətlərini artıq zamanın və cəmiyyətin zərurət və tələbləri üzərinə qurmağı bacarır.

Bilirsiniz ki, Milli Məclisdə məktəbəqədər təhsillə də  bağlı yeni qanun layihəsi hazırlanır. Belə bir qanun MDB-nin bəzi ölkələrində mövcuddur. Biz də dünya ölkələrinin təcrübəsini öyrənərək cəmiyyətə mükəmməl qanun təqdim etməyə çalışırıq. Ümumlikdə isə hesab edirəm ki, təhsil elə bir sahədir ki, burada həmişə işləməyə, yeniliklər etməyə ehtiyac var.