YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yaradılmış güclü iqtisadi potensial və çevik islahatlar Azərbaycanın xarici təsirlərə qarşı dayanıqlığının təminatıdır

   İqtisadiyyat naziri Şahin Mustafayev

 

“Əgər vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə də iqtisadi sahədə əsas prioritet olacaqdır”.

İlham Əliyev

 

- Şahin müəllim, Azərbaycan hazırkı mürəkkəb vəziyyətdən ən az itkilərlə çıxan ölkələrdəndir. Bunu şərtləndirən amillər hansılardır?

- Hər bir ölkədə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və tərəfdaş ölkələrdə milli valyutaların dəyərdən düşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bir daha göstərdi ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir.

Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti və vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaratmışdır. Azərbaycandakı siyasi sabitlik, güclü iqtisadi potensial, iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin sistemli olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində görülmüş tədbirlər ölkə iqtisadiyyatının xarici təsirlərə qarşı dayanıqlılığını şərtləndirən başlıca amillərdir.

Qeyd etmək istərdim ki, Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında ölkəmizdə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən dövlət proqramları müstəsna əhəmiyyət kəsb edir.

Görülmüş işlərin nəticəsidir ki, 2004-cü ildən etibarən ÜDM 3 dəfə, o cümlədən qeyri-neft ÜDM-i 2,5 dəfə artmış, 71 min yeni müəssisə yaradılmış, sahibkarlığa müxtəlif dövlət dəstəyi tədbirləri həyata keçirilmiş, 1,7 mlrd. manatdan çox güzəştli kredit verilmiş, özəl sektorun ÜDM-də payı 81,2%-ə çatmışdır. Bu dövrdə iqtisadiyyatın müxtəlif sahələrində 1 mln. 470 min iş yeri açılmışdır. Həmçinin, bu illər ərzində 25 yeni elektrik stansiyası istismara verilmiş, 50 min km qaz xətti çəkilmiş və bərpa olunmuş, ölkə üzrə qazlaşdırma səviyyəsi 84,5%-ə çatdırılmışdır. 10,2 min km yolda təmir tikinti işləri aparılmış, 8590 km içməli su xətti, 3870 km kanalizasiya xətti çəkilmiş, Samur-Abşeron suvarma sistemi, Taxtakörpü və Şəmkirçay su anbarları istifadəyə verilmiş, 266 min ha sahədə torpaqların su təminatı yaxşılaşdırılmışdır. 2004-2015-ci illərdə 2923 məktəb, 587 tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neftin qiymətinin 4 dəfəyə yaxın aşağı düşdüyü, dünyada maliyyə-iqtisadi böhranın daha da dərinləşdiyi 2015-ci ildə də ölkəmizin iqtisadi inkişafı davam etmiş, ümumi daxili məhsul 1,1% artmış və bu iqtisadi artım qeyri-neft sektoru hesabına təmin edilmişdir. Belə ki, ötən il əsas sahələr olan sənaye 2,4%, qeyri-neft sənayesi 8,4%, kənd təsərrüfatı 6,6% artmış, ölkə iqtisadiyyatına təqribən 20 mlrd. dollar investisiya yatırılmışdır.

Bütün bunlar ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl olmaqla yanaşı, xarici mənfi təsirlərə dayanıqlığın təmin olunmasına imkan yaratmışdır.

Dünya iqtisadiyyatında baş verən proseslərə qarşı ölkə iqtisadiyyatının dayanıqlılığının daha da möhkəmləndirilməsi üçün Prezident İlham Əliyevin islahatlar siyasəti çərçivəsində çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul edilmişdir.

Yeni iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən bu iqtisadi islahatlar beynəlxalq maliyyə institutları – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycanın mövcud iqtisadi şəraitdə atdığı addımlar dəstəklənir.

- Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edə biləcək sahələr hansılardır?

- Məlum olduğu kimi, neftin qiymətinin kəskin aşağı düşməsi gəlirlərin azalmasına səbəb olmuşdur. Azərbaycan iqtisadiyyatının hazırkı mənzərəsi bir daha göstərir ki, ölkəmiz təkcə neft gəlirlərindən asılı deyil. Hazırda ölkə iqtisadiyyatının 70%-ə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür.

Bu sahənin əsas istiqamətlərindən biri qeyri-neft sənayesidir. Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, 2015-ci ildə də müasir sənaye müəssisələrinin yaradılması dəstəklənmiş, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilmiş, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılmış, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılmışdır.

Sənayeləşmə siyasətinin başlıca istiqamətlərindən biri də yeni mexanizmlərin tətbiqidir. Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye, Mingəçevir sənaye parklarının təşkili, Neftçala Sənaye Məhəlləsində infrastrukturun yaradılması işləri intensiv şəkildə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılmış və rezidentlər tərəfindən 1 milyard ABŞ dollarından çox investisiyanın yatırılması planlaşdırılır.

Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə “yaşıl biznes”in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkında xarici infrastrukturun qurulması əsasən başa çatdırılmışdır. İlkin olaraq sənaye parkına 4 rezident tərəfindən 10 mln. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.

Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda yeni istehsal sahəsi olan gəmiqayırma sahəsində işlər müasir texnologiyalar əsasında davam etdirilir.

Neftçala Sənaye Məhəlləsində isə yaxın aylarda sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 iş yeri açılacaqdır.

Hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da texnoparkların, sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.

Ölkənin dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Aqrar sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri nəticəsində bir sıra ərzaq məhsullarının istehsalı artmışdır.

Dövlət başçısı tərəfindən sonuncu müşavirələrdə kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, tütünçülüyün, çayçılığın, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində bir sıra tapşırıqlar verilmişdir. Bununla əlaqədar, Kənd Təsərrüfatı Nazirliyinin və digər aidiyyəti qurumların iştirakı ilə İqtisadiyyat Nazirliyində pambıq və tütün istehsalı və emalı ilə məşğul olan müəssisələrlə müzakirələr keçirilmişdir. Aparılmış müzakirələrin nəticəsi olaraq, fermerlərdən pambığın əhəmiyyətli dərəcədə baha qiymətə alınması, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır. Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin genişləndirilməsi bu sahədə çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına və ya 15 mindən çox yeni iş yerinin açılmasına imkan verəcəkdir.

Dövlət başçısının tapşırığına əsasən, tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaqdır. 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcəkdir. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaqdır. Tütünçülüyün inkişafı ilə bağlı aparılmış müzakirələrdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla qəbul ediləcəyini bildirmişlər.

İqtisadiyyat Nazirliyində digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə müzakirələr də aparılmış, onların problemləri və təklifləri öyrənilmişdir. Hazırda bu təkliflərin reallaşdırılması üçün tədbirlər görülür.

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatmışdır və hazırda fəaliyyət göstərən təsərrüfatlarda məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Hazırda digər regionlarda da yeni iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması imkanları araşdırılır.

Azərbaycanın tranzit potensialı genişdir. Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının tikilməsi, müasir avtomobil yolları şəbəkəsinin yaradılması Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir, digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə daha əlverişli şərtlərlə çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır. Ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmış, tranzit daşımaları sahəsində görülən işlər intensivləşdirilmiş, tranzit prosedurları sadələşdirilmişdir. Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə olunması gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisini artıracaq, tranzit yükdaşımaları ölkəmizin dayanıqlı inkişafının təmin olunmasında əhəmiyyətli rol oynayacaqdır.

Turizm və İKT sektorları da ölkəmizin davamlı inkişafının təmin olunması baxımdan geniş imkanlara malikdir.

- Son zamanlar sahibkarlığın inkişafı istiqamətində çox mühüm addımlar atılmışdır... 

- Ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektor xüsusi rol oynayır və bu baxımdan, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə daim özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir, bu sahədə müxtəlif islahatlar aparılır. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 677 mindən çoxdur. Hazırda ÜDM-in həcmində özəl sektorun payı 80%-i, məşğulluqda isə 74%-i ötmüşdür.

2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər 12600-dək yeni iş yerinin açılmasına imkan yaradır. Verilmiş kreditlərin 64%-i regionların, 36%-i Bakı şəhərinin qəsəbələrinin payına düşür. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2016-cı ildə sahibkarlara dövlət maliyyə dəstəyi daha da gücləndiriləcək, ötən ilki səviyyədən daha çox güzəştli kreditin verilməsi təmin ediləcəkdir.

Ötən il sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilmiş, son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunmuşdur.

Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, son zamanlar Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılmış, lisenziyalaşdırma sistemi təkmilləşdirilmiş, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilmişdir. Atılmış addımlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, biznes və investisiya mühitinin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Təkcə lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi nəticəsində lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmış, lisenziyalar müddətsiz müəyyən olunmuş, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə azaldılmışdır. Həmin fəaliyyət növü regionlarda həyata keçirildiyi hallarda isə dövlət rüsumu 4 dəfə az ödəniləcəkdir. Artıq lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir ki, bu da sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və şəffaflığın təmin olunmasında xüsusilə önəmlidir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə “Dövlət satınalmaları haqqında” Qanunda edilmiş dəyişikliyə uyğun olaraq, yerli sahibkarlara güzəştin 20%-dək yüksəldilməsi onların tender layihələrini qazanmaq imkanlarını artırmaqla, yerli istehsalın genişlənməsinə əlavə dəstək verəcəkdir.

Sahibkarlıq sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında Apellyasiya Şuralarının yaradılmasıdır. Sahibkarların şikayətlərinə daha həssas yanaşılması, şəffaf və obyektiv baxılması, hüquqlarının və qanunla qorunan maraqlarının daha etibarlı müdafiəsi məqsədi ilə İqtisadiyyat Nazirliyində də Apellyasiya Şurası yaradılmış, artıq Şuranın birinci iclası keçirilmişdir. Qeyd edim ki, hazırda Apellyasiya Şurasına sahibkarların elektron qaydada da müraciət etməsi üçün texniki imkanların yaradılması işləri aparılır.

Bundan başqa, müvafiq qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunur. Eyni zamanda, sahibkarlar investisiya təşviqi sənədinə əsasən 7 il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50%-nə görə vergidən, həmçinin əmlak və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV-dən azaddır.

- Şahin müəllim, heç şübhəsiz ki, Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi sahəsində görülən işlər rəqabətqabiliyyətli məhsul istehsalının artmasına əlavə stimul verəcəkdir...

- Tamamilə doğrudur. Yeni şəraitdə iqtisadi strategiyanın mühüm istiqamətlərindən biri də məhz qeyri-neft məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması və ixracının genişləndirilməsidir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılmasını, idxaldan asılılığın azaldılmasını gələcək dayanıqlı inkişafın əsas istiqamətləri olduğunu vurğulamış, mühüm vəzifələr müəyyənləşdirmişdir.

Qeyd etmək istəyirəm ki, bu sahədə 2015-ci ildə də bir sıra tədbirlər həyata keçirilmiş, AZPROMO tərəfindən 177-si Azərbaycanda, 84-ü isə xarici ölkələrdə olmaqla 261 tədbir təşkil olunmuşdur. Yerli və xarici iş adamlarının iştirak etdiyi tədbirlərdə ölkəmizin investisiya imkanları təqdim edilmiş, Azərbaycan istehsalı olan məhsulların ixracı təşviq olunmuş, xarici tərəfdaşlarla ixraca dair müqavilələr imzalanmışdır.

İnvestisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına, xarici investisiyaların cəlb edilməsinə və qeyri-neft ixracının artmasına səbəb olacaq, bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcəkdir.

Bundan başqa, ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınmışdır. Qeyd edim ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün müddətində verilirdi.

Həmçinin, ixracda xüsusi önəm kəsb edən qablaşdırmanın əhəmiyyəti nəzərə alınaraq, bu sahədə müəssisələrin yaradılması təşviq olunacaq, dövlət dəstəyi daha da gücləndiriləcəkdir.

Qeyri-neft sektorunun inkişafında, ölkəmizin ixrac və tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyəti nəzərə alınaraq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın ilk logistik mərkəzi yaradılmışdır. Logistik Mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər təqdim edir. Hazırda digər potensial ixrac bazarları ölkələrində də logistik mərkəzlərin yaradılması istiqamətində araşdırmalar aparılır, ixrac məlumat bazasının (elektron portal) yaradılması üçün işlər görülür.

İxrac prosedurunun sadələşdirilməsi, ixracın təşviqi mexanizmləri, o cümlədən xarici bazarlarda təşviqat və brendləşmə və s. tədbirlər də sahibkarlığın inkişafına əlavə stimul verəcəkdir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, dünya ölkələrinin üzləşdiyi mürəkkəb problemlər fonunda Azərbaycanın dayanıqlı inkişafı, bütün sosial proqramların davam etdirilməsi sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsaslanan alternativsiz siyasəti qarşıdakı illərdə də milli iqtisadiyyatı dünyada gedən mənfi proseslərdən qoruyacaq, ölkəmizin davamlı inkişafını təmin edəcəkdir.