YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

“Azərsu” ASC Prezident İlham Əliyevin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını təmin etmək üçün yaradılmış imkanlardan maksimum faydalanmağa çalışır

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov

- Qorxmaz müəllim, bu yaxınlarda Azərbaycanın su təsərrüfatı tarixində mühüm bir hadisə baş verdi. Dünyanın ən böyük ultrasüzgəc texnologiyasına əsaslanan sutəmizləyici qurğular kompleksi istismara verildi. Bu layihənin sosial və iqtisadi əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan vətəndaşlarının fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər içməli su və kanalizasiya sektorunda  görülmüş işlər daha da sürətlənmişdir. Qeyd edim ki, yeni iqtisadi şəraitdə bu sahədə icrasına əvvəlki illərdə başlanılmış layihələr davam etdirilməklə  yanaşı, yeni layihələrə də start verilmişdir ki, bu da ölkə rəhbərliyinin  infrastrukturun inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmasından xəbər verir.

Təsdiq olunmuş dövlət proqramlarına uyğun olaraq  “Azərsu” ASC tərəfindən Bakı şəhəri və regionlarda layihələrin icrası  uğurla davam etdirilir. Həyata keçirilən layihələr çərçivəsində sutəmizləyici qurğular, anbarlar, magistral və şəbəkə xətləri tikilir, yeni kanalizasiya sistemləri yaradılır. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə gördüyümüz bütün işlər vətəndaşların sağlamlığı və sosial rifahının yaxşılaşdırılmasına hesablanmışdır.

Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin iştirakı ilə 28 oktyabr 2015-ci ildə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir. Dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusunun məhz Azərbaycanda tikilməsi  su təsərrüfatı tariximizin ən böyük nailiyyətlərindən biridir.

Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin daha keyfiyyətli içməli su ilə təmin edilməsi, Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin içməli suya olan tələbatının ödənilməsi, Kür sutəmizləyici qurğusunda emal olunan suyun bir hissəsinin Aran və Muğan bölgəsinə yönəldilməsi, Ceyranbatan sutəmizləyici qurğusunun 3-cü növbəsinin köhnəlməsi yeni qurğunun inşasını zəruri edirdi. Üstəlik Taxtakörpü su anbarının və Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi nəticəsində Ceyranbatan gölündə kifayət həcmdə su ehtiyatının yaranması bu layihənin reallaşdırılmasına imkan verdi.

Kompleksin tikintisində dünyanın inkişaf etmiş ölkələrinin və şirkətlərin təcrübəsi nəzərə alınmış, layihə hazırlanarkən onun mövcud mənbələrlə əlaqələndirilməsi, hazırda istismar olunan magistral xətlərin təmiri və ya qəzalar zamanı su təchizatında dayanıqlığın təmin edilməsi əsas götürülmüşdür.

Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su ultrasüzgəc texnologiyasına uyğun ən yüksək səviyyədə, heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla emal olunur və onun təbii mineral tərkibi tam qorunub saxlanılır. Ultrasüzgəclərdə aparılan təmizləmə zamanı su bütün yad cisimlərdən, bakteriya, virus və ağır metallardan təmizlənir, bulanıqlıq, xoşagəlməz iy və dad tam aradan qaldırılır. Tam qapalı, avtomatik rejimdə təmizlənən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi  standartlara tam cavab verir. Qurğuda quraşdırılmış 5280 süzgəc modulunda saniyədə 6,6 kubmetr su emal olunur. Gələcəkdə qurğunun emal gücünü saniyədə 7,5 kubmetrə çatdırmaq mümkündür. Kompleksdə bütün texnoloji proseslər tam avtomatlaşdırılmış, SCADA mərkəzi idarəetmə sistemi yaradılmışdır.  Yeri gəlmişkən, istismara verildikdən sonra kompleksə xarici mütəxəssislər davamlı səfərlər edir və onlar yeni qurğunun imkanlarını yüksək qiymətləndirirlər.

Abşeronda içməli su təchizatının yenidən qurulması məqsədilə 2100 km-dən artıq magistral və şəbəkə su xətti, 350 km kanalizasiya kollektoru və xətti tikilmiş, 39 ədəd anbar istifadəyə verilmişdir

Kompleksin tikintisi ilə paralel suyun istehlakçılara çatdırılması üçün infrastrukturun yaradılması da diqqətdə saxlanılmışdır.  Bu məqsədlə dəniz səviyyəsindən 118 metr hündürlükdə anbar kompleksi tikilmiş, buradan Abşeron yarımadasının şərq hissəsinə doğru 83,5 km uzunluğunda Ceyranbatan-Zirə magistral kəməri inşa olunmuşdur. Yaşayış məntəqələrinə verilən içməli suyun dayanıqlığını təmin etmək üçün ümumi həcmi 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları istismara verilmişdir. Mövcud infrastrukturlar vasitəsilə Abşeron yarımadasının bir sıra yaşayış məntəqələri yüksək keyfiyyətli içməli su ilə təmin olunur. Bu yaxınlarda indiyədək mərkəzləşdirilmiş su təchizatı sistemləri olmayan   Türkan və Zirə qəsəbələrinə bu mənbədən suyun verilməsinə başlanılmışdır.

-  Son illər Bakı  şəhəri və Abşeron yarımadasında həyata keçirilmiş layihələr hansı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur?

- Bildiyiniz kimi, “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqram”larında istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Bu vəzifələrdən irəli gələn məsələlərin həlli  2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla hazırlanmış “Abşeron yarımadasının su təchizatı,  kanalizasiya sistemləri və yağış suları sistemlərinin  Master Plan”ı çərçivəsində həyata keçirilir.

2010-2015-ci illər ərazində Abşeron yarımadasında içməli su təchizatının yenidən qurulması məqsədilə çoxsaylı layihələr həyata keçirilmişdir. Bu layihələr çərçivəsində 2100 km-dən artıq magistral və şəbəkə su xətti, 350 km kanalizasiya kollektoru və xətti tikilmiş, 39 ədəd anbar istifadəyə verilmişdir. Eyni zamanda 1100-dən artıq çoxmənzilli yaşayış binasının içməli su şəbəkəsi, 4550-dən artıq binanın zirzəmisində kanalizasiya xətləri yenilənmiş,  265 min smart sayğac quraşdırılmışdır. Görülmüş işlər nəticəsində ilk dəfə mərkəzləşdirilmiş qaydada su ilə təmin olunmuş əhalinin sayı 270 min nəfər, fasiləsiz rejimdə içməli su ilə təmin olunanların sayı 1 mln 550 min nəfər artmışdır. Yeri gəlmişkən, hazırda Bakı şəhəri üzrə xidmət göstərilən əhalinin 80 %-ə yaxını fasiləsiz rejimdə içməli su ilə təmin olunur.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində Kürdəxanı qəsəbəsində içməli su şəbəkəsinin tikintisi yekunlaşmışdır. Layihə çərçivəsində sayğaclaşma işləri də  aparılmış,  4 minə yaxın abonent fasiləsiz içməli su ilə təmin olunmuşdur.

Ceyranbatan-Zirə kəmərinin  inşası, həmçinin bir sıra yaşayış məntəqələrində yeni su təchizatı sistemlərinin yaradılması nəticəsində  tarixən yeraltı və daşınan sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri, həmçinin Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərinin su təminatı ciddi şəkildə yaxşılaşmışdır.

Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ötən müddətdə yeni kollektor və xətlərin, çirkab sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin rekonstruksiyası, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi  istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Yeni qazma texnologiyalarından istifadə etməklə Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Zığ, Bayıl-Bibiheybət-Lökbatan  tunel tipli kanalizasiya kollektorlarının tikintisinə qərar verilmişdir. Artıq 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya tunelinin inşası yekunlaşıb. Lökbatan çirkab su təmizləyici qurğular kompleksinin ərazisində yeni nasos stansiyası quraşdırılmış, dənizə çıxış xətlərinin  tikintisi  başa çatdırılmışdır.

Yeri gəlmişkən, Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğuları layihələri üzrə texniki-iqtisadi əsaslandırma və digər araşdırma işlərinin aparılması məqsədilə bu yaxınlarda  Böyük Britaniyanın Biwater və onun yerli tərəfdaşı Nobel Oil şirkətləri ilə Əməkdaşlıq Haqqında Memorandum imzalanmışdır.  

Ötən müddətdə Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi, Bakı şəhərindəki mövcud kanalizasiya kollektorlarının rekonstruksiyası nəticəsində Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı suların həcmi əhəmiyyətli dərəcədə azalmış, Bakı buxtasına axıdılan tullantı sularının qarşısı tam alınmışdır.  

I Avropa Oyunları ilə əlaqədar Dövlət Bayrağı Meydanı ərazisində, Böyükşor gölünün, Su idman sarayının ətrafında və digər ərazilərdə, həmçinin Mingəçevir şəhərində su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması işləri görülmüşdür. Ölkəmizi dünyada tanıdan bu mötəbər idman yarışına “Azərsu” ASC-nin kollektivi də öz töhfəsini vermiş, oyunların davam etdiyi günlərdə Ba­kı və Min­gə­çe­vir şə­hər­lə­rin­də­ ya­rış­la­rın ke­çi­ri­ldiyi id­man ob­yekt­lə­ri­nin, olim­pi­ya kən­di, mehman­xa­na­la­r,  ictimai-iaşə və tu­rizm ob­yekt­lə­ri­nin dayanıqlı su təchiza­tı təmin edilmiş, bu obyektlər üzrə tullantı sularının idarə edilməsində hər hansı problem yaranmamışdır.

Su təchizatının  və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr 46 şəhər və rayon mərkəzini əhatə edir

Böyük idman tədbiri ərəfəsində Bakı şəhərində Olim­pi­ya Sta­dionu­nun  ti­kin­ti­si, yol inf­rast­ruk­tu­ru­nun ye­ni­dən qurulma­sı, Bö­yük­şor gö­lü­nün tə­miz­lən­mə­si la­yi­hə­lə­ri­nin ic­ra­sı ilə əla­qə­dar əra­zi­dən ke­çən ma­gist­ral su xət­lə­ri­ və ka­na­li­za­si­ya kol­lek­tor­la­rı­ yenidən qurulub, yeni xətlər və şə­bə­kə­lər tikilmişdir. Bö­yük­şor gö­lü­nə axı­dı­lan tul­lan­tı su­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı və op­ti­mal ida­rə edil­mə­si məq­sə­di­lə 2000 mm diametr­li bo­ru­lar­la 1,5 km uzun­lu­ğun­da ye­ni ka­na­li­za­si­ya kol­lek­to­ru in­şa edilmiş, bu­nun­la da tul­lan­tı sula­rı­nın gö­lə axı­dıl­ma­sı­nın qar­şı­sı tam alın­mışdır.

Ötən müddətdə  “Ağ Şəhər”  layihəsi və “Yeni Bulvar”ın tikintisi ilə əlaqədar ərazidən keçən su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılmışdır.

- Regionların sosial-iqtisadi inkişaf proqramlarında içməli su təchizatı infrastrukturlarının yenidən qurulması mühüm sosial-iqtisadi siyasətin tərkib hissəsi kimi göstərilmişdir. Proqramda nəzərdə tutulan tələblərdən irəli gələrək ötən müddətdə bir sıra layihələr həyata keçirilmişdir. Ümumiyyətlə, bölgələrdə görülən işlərin ümumi mənzərəsi necədir?

- Diqqətinizə çatdırmaq istərdim ki, istehlakçıların içməli su təchizatının  və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr Azərbaycanın 46 şəhər və rayon mərkəzini əhatə edir. İndiyədək 43 şəhərdə işlərə başlanılmış, 3 şəhərdə - Ağcabədi, Qazax, Samux şəhərlərində layihələrin icrasına hazırlıq görülür. Tikinti-quraşdırma işlərinin həyata keçirildiyi 46 şəhərin 17-də layihələr dövlət büdcəsi, 26-da isə  isə beynəlxalq maliyyə qurumları ilə birlikdə maliyyələşdirilir. Bu şəhərlərin 29-da işlər “Azərsu” ASC-nin, 8-də Meliorasiya və Su Təsərrüfatı ASC-nin, 6-da Ərazilərin Bərpası üzrə Dövlət Agentliyinin sifarişi ilə icra edilir.

Ayrı-ayrı layihələr barədə məlumat verməzdən öncə qeyd etmək istərdim ki, artıq 14 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin inşası tam başa çatmışdır. 8 şəhərdə su təchizatı sistemlərinin tikintisi yekunlaşmış, işlərin davam etdiyi 22 şəhərin 7-nə isə yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir. Bu ilin oktyabrın 6-da Ucar şəhərində içməli su təchizatı, Göyçayda isə su və kanalizasiya sistemlərinin yekunlaşması münasibəti ilə keçirilmiş mərasimlərdə cənab Prezident iştirak etmişdir.

4 şəhərdə -  Astara, Daşkəsən, Tərtər və Qobustanda  layihələrin icrasına  2015-ci ildə başlanılmasına baxmayaraq qısa müddətdə işlərin əhəmiyyətli hissəsi yerinə yetirilmişdir.

Kür Sutəmizləyici Qurğular Kompleksinin imkanlarından yararlanmaqla  Aran bölgəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2013-cü ildə Şirvan-Muğan, 2014-cü ildə isə Sabirabad-Saatlı magistral su kəmərləri  istismara verilmişdir. Hazırda bu kəmərlər vasitəsilə Şirvan, Hacıqabul, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinə su verilir. Gələcəkdə Salyan və Neftçala şəhərləri, həmçinin kəmərin marşrutu boyunca yerləşən kəndlərin sakinləri də bu mənbələrdən içməli su ilə təmin olunmaqla, ümumilikdə 627 min nəfərin içməli su təchizatı yaxşılaşdırılacaqdır.

Şirvan bölgəsinin keyfiyyətli və dayanıqlı su təchizatına hesablanmış Külüllü sugötürücü qurğularından   Ucar, Zərdab, Kürdəmir, Ağsu şəhərləri fasiləsiz içməli su ilə təmin olunur. Bununla paralel olaraq şəhər  mərkəzlərinə yaxın və magistral xətlər üzərində yerləşən 7 kənd də Külüllü mənbəyindən su alır və onların sayı 52-yə çatdırılacaqdır.

Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin edəcək məhsuldarlığı sutkada 55 min kubmetr olan  müasir tipli sutəmizləyici qurğusu da bu il istismara verilmişdir. Hazırda Mingəçevir şəhəri bu mənbədən qidalanır, növbəti mərhələdə  Yevlax şəhərinə və ətraf kəndlərə də içməli  su veriləcəkdir.

Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin etmək üçün Xanbulançay su anbarının yaxınlığında sutəmizləyici qurğu inşa olunmuş, buradan Lənkəran şəhərinə suyun verilməsi təmin edilmişdir.

Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə  16,5 km Şəmkirçay-Şəmkir magistral su kəməri qısa müddətdə tikilib istismara verilmiş, bununla da Şəmkir şəhəri dayanıqlı içməli su ilə təmin olunmuşdur.

Ümumilikdə 43 şəhər və rayonu əhatə edən layihələr çərçivəsində  4800 km içməli su, 2800 km kanalizasiya xətti çəkilmiş, 79 ədəd su anbarı tikilmiş, 77 ədəd artezian və subartezian quyusu qazılmışdır. Regionlarda görülmüş işlər nəticəsində 370 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunmuş, 450 min  nəfərin isə su təchizatı fasiləsiz rejimə keçmişdir.

İri şəhərlərlə yanaşı  kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması diqqətdə saxlanılmışdır. Son illər “Azərsu” ASC tərəfindən 33 rayonun 95 kənd və qəsəbəsində su təchizatı sistemlərinin qurulması işləri həyata keçirilmişdir ki, nəticədə 300 mindən artıq insanın su təminatı əsaslı şəkildə yaxşılaşmışdır.

Burada bir məsələyə diqqət çəkmək istəyirəm ki,  kənd yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılmasında “Azərsu” ASC ilə yanaşı, digər dövlət qurumları da layihələr icra edir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd və qəsəbələrdə modul tipli sutəmizləyici qurğular quraşdıraraq su problemini həll edir. Azərbaycan Respublikası  Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılmış vəsait çərçivəsində 657 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Bütün bu layihələr ölkəmizdə su təchizatı siyasətinə kompleks şəkildə yanaşıldığını bir daha təsdiqləyir.

- Qorxmaz müəllim, mətbuatdan izlədiyimiz kimi bu yaxınlarda Fransanın Marsel şəhərində keçirilmiş Dünya Su Şurasının 7-ci Baş Assambleyasında Azərbaycan qurumun idarə heyətinə üzv seçilmişdir. Bu əlamətdar hadisə münasibəti ilə təbriklərimizi çatdırırıq və bu barədə fikirlərinizi bölüşməyinizi istərdik. 

Bu hadisənin əhəmiyyəti barədə məlumat verməzdən öncə qeyd etmək istərdim ki, son illər  möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycanda içməli su təchizatı və kanalizasiya sektorunda görülən işlər və həyata keçirilən layihələr beynəlxalq qurumlar, o cümlədən Dünya Su Şurası tərəfindən yaxından izlənilir və yüksək qiymətləndirilir.  Təşkilatın təmsilçiləri keçirdiyimiz görüşlərdə bu məsələni  xüsusi vurğulayırlar. 2013 və 2014-cü illərdə Bakıda keçirilmiş Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfranslarında Dünya Su Şurasının rəhbərliyi də iştirak etmiş və Azərbaycanda su təchizatı sektorunda ciddi irəliləyişlərin olduğunu dilə gətirmişlər. Hesab edirəm ki, Şuranın ali qurumuna seçilməyimizdə bu amillərin böyük rolu olmuşdur.

Həyata keçirilən layihələr beynəlxalq qurumlar, o cümlədən Dünya Su Şurası tərəfindən yaxından izlənilir və yüksək qiymətləndirilir

Dünya Su Şurasının İdarə Heyətinə seçilmək ölkəmizin su təsərrüfatı sektoru üçün əhəmiyyətli hadisədir. Bu uğur gərgin işin və böyük əməyin nəticəsi olaraq qazanılmışdır. Diqqətinizə çatdırım ki, 1996-ci ildə yaradılmış Dünya Su Şurasında “Azərsu” ASC 2013-cü ildən təmsil olunur. Qısa müddətdə İdarə Heyətinə seçilmək Şuranın təcrübəsində çox az hallarda rast gəlinir. 13 noyabr 2015-ci il tarixində təşkilatın İdarə Heyətinə  keçirilmiş seçkilərdə “Azərsu” ASC-nin namizədliyi qeydə alınmış və bu barədə şuraya üzv ölkələrin nümayəndə heyətləri məlumatlandırılmışdır. Ümumilikdə seçkilərdə müxtəlif kateqoriyalar üzrə 60 namizəd təsdiq edilmişdir. “Azərsu” ASC 16 namizədin qərarlaşdığı hökumət təşkilatları bölməsində təmsil olunurdu ki, həmin bölmədən 7 namizədin seçilməsi nəzərdə tutulmuşdu. İdarə Heyətinə gizli səsvermə yolu ilə keçirilmiş seçkilərdə ABŞ, Fransa, Braziliya, Türkiyə, Yaponiya, Koreya, Macarıstan və digər ölkələri təmsil edən dövlət və hökumət  təşkilatları arasında “Azərsu” ASC 76 faiz səs toplayaraq növbəti 3 il müddətinə  Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilmişdir.

Dünya Su Şurasının İdarə Heyətində üzvlük su ehtiyatlarının istifadəsi və qorunması, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərməyə və qarşılıqlı təcrübə mübadilələrinin aparılmasına əlverişli şərait yaradır.

İstehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, yeraltı və yerüstü su ehtiyatlarının dəqiq qiymətləndirilməsi, daha mükəmməl sugötürücü konstruksiyaların tətbiqi, suyun keyfiyyət standartlarının təkmilləşdirilməsi, istifadə olunmuş suların dərin texnologiyalar əsasında təmizlənməsi və s. sahələrdə təcrübə mübadilələrinin aparılması baxımından üzvlüyün əhəmiyyəti böyükdür.

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, 12-17 aprel 2015-ci ildə Koreya Respublikasının Dequ və Gyenju şəhərlərində keçirilmiş  VII Dünya Su Forumunda  Azərbaycan nümayəndə heyəti təmsil olunmuşdur. Forum çərçivəsində su siyasəti üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatların, şirkətlərin nümayəndələri ilə səmərəli görüşlər keçirilmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Koreya Respublikasının su təchizatı və tullantı sularının idarə edilməsi üzrə bir sıra müəssisələrinə səfərlər etmiş, təcrübə mübadiləsi aparmışlar.

- Qorxmaz müəllim, son illər  “Azərsu” ASC-nin bir sıra yeni müəssisələri fəaliyyətə başlamışdır. Həmin müəssisələrin fəaliyyət istiqamətləri, həmçinin kadr hazırlığı işləri  barədə məlumat verməyinizi xahiş edirik.

- Həyata keçirilən layihələrdə yeni texnologiyalar və peşəkar kadrlardan istifadənin yüksək nəticələr verməsi danılmaz faktdır.  Bu baxımdan son illərdə istifadəyə verdiyimiz yeni obyektlər və işçilərin peşəkarlığının yüksəldilməsi  məqsədi ilə görülmüş işlər barədə qısa məlumat vermək istərdim.

Su sayğaclarının yoxlanması, təmiri və onlara texniki qulluq göstərilməsi məqsədilə bu il Bakı şəhərində  Suölçən Cihazların Sınağı və Kalibrlənməsi Laboratoriyası fəaliyyətə başlamışdır. Artıq laboratoriya dövlət akkreditasiyasından da keçmişdir. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada məişətdə və sənayedə istifadə olunan su sayğacları yoxlamadan keçirilir, sayğacların xətaları, texniki göstəricilərə uyğun təzyiqə davamlılığı yoxlanılır və təmir işləri aparılır.

2013-cü ildə istifadəyə verilmiş Mərkəzi Laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi istiqamətində uğurlu addımlar atılmışdır. Latviya Dövlət Akkreditasiya qurumunun əməkdaşları burada aparılan analizlərin beynəlxalq standartlara uyğunluğunu yoxlamış və müsbət rəy vermişlər.

Kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması, təlim-tədris işinin günün tələbləri səviyyəsində qurulması məqsədilə “Azərsu” ASC-nin yeni Təlim-Tədris Mərkəzi yaradılmışdır. Hövsan Aerasiya Stansiyasının ərazisində fəaliyyət göstərən mərkəzdə eyni vaxtda 321 nəfərə təlim keçirilməsinə imkan verir. Müasir standartlar səviyyəsində qurulmuş mərkəzdə regional və beynəlxalq təlimlərin keçirilməsi məqsədilə yüksək səviyyəli şərait yaradılmışdır. Bu təcrübədən yararlanaraq gələcəkdə respublikanın bütün bölgələrini əhatə edən regional təlim-tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur. Beynəlxalq maliyyə  qurumlarının Azərbaycanda və digər ölkələrdə reallaşdırdığı layihələr çərçivəsində bəzi beynəlxalq və regional təlimlərin yeni yaradılmış mərkəzdə keçirilməsi də aktuallıq kəsb edir.

Azərsu” ASC Bakı şəhəri və regionlarda layihələrin icrasını  uğurla davam etdirir

Yeri gəlmişkən,  kadr hazırlığı və işçilərin peşəkarlığının yüksəldilməsi məqsədilə 2012-ci ildən başlayaraq mütəxəssislər yerli və xarici ölkələrdə təşkil olunan təlimlərə cəlb edilir. Ümumilikdə, ötən müddətdə 7 mindən çox əməkdaşımız təlimlərə cəlb olunmuşdur.

Ötən il  “Azərsu" ASC tərəfindən   "Regional Təlim-İnkişaf Proqramı” layihəsinin icrasına başlanılmış və bu il də davam etdirilmişdir. Proqram çərçivəsində regionlarda fəaliyyət göstərən 2300-dək əməkdaş təlimlərdə iştirak etmişdir.

2014-cü ildə Fransanın “Suez Environnement” şirkəti ilə imzalanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” çərçivəsində keçirilən təlimlər də bəhrəsini verir. 5 il ərzində 34 peşə və ixtisas üzrə 4500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq, 250 peşəkar təlimçi hazırlanacaqdır. Qeyd edim ki, bu yaxınlarda bir qrup əməkdaşımız təlimçi kurslarını  müvəffəqiyyətlə başa vurmuş və sertifikatlar almışlar.

Təlim mərkəzlərinin  iş prinsiplərinin öyrənilməsi, interaktiv tədris üsullarının mənimsənilməsi, təlimdə innovasiyaların, yeni metod və yanaşmaların tətbiqi sahəsində xarici təcrübənin öyrənilməsi məqsədi ilə əməkdaşlarımızın bir qismi Fransa, İspaniya, Türkiyə, Çin və digər ölkələrdə təcrübə mübadiləsində iştirak etmişlər.

Sonda onu qeyd etmək istərdim ki, istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması ilə bağlı “Azərsu” ASC-ni yeni vəzifələr və çağırışlar gözləyir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını təmin etmək  üçün “Azərsu” ASC-nin kollektivi yaradılmış imkanlardan maksimum faydalanaraq  qarşıdan gələn 2016-cı ildə Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi naminə daha səylə çalışacaqdır.