YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

AMEA ötən 70 ildə çox çətin, amma şərəfli bir yol keçib

   AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov

- Cəbi müəllim, bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. AMEA-nın ötən dövr ərzində keçdiyi yol haqqında fikirlərinizi bilmək istərdik...

- Ümumiyyətlə, 1945-ci ilin mart ayında fəaliyyətə başlayan Azərbaycan Milli Elmlər Akademiyası ötən  70 ildə çox çətin,  amma şərəfli bir yol keçib. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi AMEA Azərbaycan xalqının milli sərvətidir və onu qoruyub saxlamaq lazımdır. Çünki Azərbaycan elmi respublikamızı  təkcə sovetlər vaxtında SSRİ məkanında deyil, dünyada təmsil edib. Əgər neft-kimya, geologiya elmini götürsək, Azərbaycan alimləri dünyanın bir sıra ölkələrinin, o cümlədən indiki Rusiya Federasiyasının neft-qaz kompleksinin yaradılmasında müstəsna rol oynayıb. Eləcə də, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın neft-qaz sənayesinin yaradılması bilavasitə Azərbaycan alimlərinin əməyinin nəticəsi sayıla bilər.

Əgər biz tibb elmini götürsək, alimlərimizin bu sahədə də xüsusi fəaliyyətlərini görə bilərik. Görkəmli alimlərimizdən Əziz Əliyevi, Mustafa bəy Topçubaşovu, Mirəsədulla Mirqasımovu, İbrahim Topçubaşovu, Zərifə xanım Əliyevanı, Əhliman Əmiraslanovu və başqalarını göstərmək olar. O cümlədən, dünyanın bir çox ölkələrində tibbi təhsil alıb Azərbaycana qayıdan alimlərin də bu sahədə müstəsna xidmətləri var. Bütövlükdə, biologiya elminin inkişafında da alimlərimizin rolu böyükdür.

- Bəs tarix elmi ötən illər ərzində hansı uğurlara imza atıb?

- AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı hörmətli Prezidentimiz İlham Əliyev bu məsələyə də xüsusi olaraq toxundu və tarix elmi qarşısında duran vəzifələrdən bəhs etdi. Dövlətimizin başçısı, tariximizin tədqiq olunması, dünyaya lazımi səviyyədə çatdırılması ilə əlaqədar dəyərli tövsiyələrini verdi.

Qeyd edim ki,  1945-ci ildən bu yana qədər Azərbaycanın tarixçi alimləri həmişə milli mənafeyimizi qoruyublar. Yəni Azərbaycana qarşı ərazi iddiaları məsələsində AMEA-nın Tarix İnstitutunun əməkdaşları sovet dövrünün ayrı-ayrı illərində də, müasir müstəqillik illərində də həmişə milli mənafeyi üstün tutaraq tarixi ərazilərimizin xalqımıza məxsus olması ilə bağlı çoxsaylı sənədlər ərsəyə gətiriblər. Bu məsələ ilə bağlı hər zaman  respublika rəhbərlərinə çox geniş elmi arayışlar təqdim ediblər, eləcə də vacib sənədlər nəşr olunub. Bu əsərlər bizim ərazi bütövlüyümüzün qorunmasında, Azərbaycanın Cənubi Qafqazda ən böyük ölkə olaraq hansı torpaqların bizə məxsus olmalasının sübutunda, bizə qarşı edilən hücumların, saxtalaşdırılmaların qarşısının alınmasında çox ciddi elmi sənədlərdir. Bir sözlə,   Azərbaycanın tarixçi alimləri bu istiqamətdə çox böyük işlər görüblər.

- Azərbaycanın tarixi torpaqlarının tarixininin tədqiq olunması da daim aktual mövzu olaraq qalır.  Bununla bağlı AMEA-nın Tarix İnstitutunun gördüyü işlər haqqında nə deyə bilərsiniz?

- AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirdə hörmətli Prezidentimiz bütün elm sahələrinin Azərbaycan xalqının tarixində oynadığı rolu, o cümlədən müasir dövrdə bu elm sahələrinin əsas inkişaf istiqamətlərini göstərməklə bərabər tarix elmini xüsusi olaraq qeyd etdi.

Son 10 il ərzində AMEA-nın Tarix İnstitutu dövlət başçısının çağırışlarına cavab olaraq erməni faşizminin, onların himayədarlarının beynəlxalq aləmdə ifşası üçün lazımi işlər görüb. İstər Qarabağın tarixi, ümumilikdə, qərbi Azərbaycanın, Naxçıvanın, cənubi Azərbaycanın tarixi ilə bağlı ciddi işlər görülüb. Vaxtilə sovet dövründə tədqiqi qadağan edilmiş mövzular var ki, biz indi onları araşdırırıq. Onların içərisində Zəngəzurun tarixini qeyd etmək istəyirəm. Bu məqsədlə institutda ayrıca struktur hazırlanıb. Və bu struktur əsasında qədim Azərbaycan torpağı olan Zəngəzurla bağlı tədqiqat işləri aparılır. Bütövlükdə, İrəvan şəhəri mərkəz olmaqla qərbi Azərbaycanın tarixi geniş tədqiq olunub.

Doğrudur, xanlıq dövrü, xanlıqdan sonrakı dövr, Rusiyanın işğalı və ermənilərin köçürülməsi məsələsi də tədqiq olunub və bu yöndə əsərlər dövlət mükafatına layiq görülüb.  Amma bütövlükdə götürəndə, bizim əsas vəzifəmiz ideoloji müharibədə davam edir. Çünki xarici dairələr tərəfindən də tariximizlə bağlı saxtakarlığa yol verilir. Məsələn, Gürcüstanın  dövlət arxivi tərəfindən 24 cildlik kitab nəşr olunur. Artıq onun 4 nəşri çap olunub və burada orta əsrlərə aid nəşrlərdə Azərbaycan tarixi saxtalaşdırılır. Biz belə hallara qarşı cavab olaraq arxiv sənədlərinə əsasən əsərlər yazırıq.

Bütövlükdə, son 8 ildə AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun rəhbərliyi altında ağrılı problemlərimizlə bağlı çoxsaylı əsərlərimiz nəşr olunub. Bu əsərlər adətən 3 dildə nəşr olunub, amma elə əsərlər var ki, 8 dildə nəşr olunub. Məsələn, «İrəvan xanlığı» əsərinin sonuncu variantı italyan və ərəb dillərinə tərcümə edilib. Bu da bizə qarşı dünyada aparılan ideoloji mübarizədə informasiya blokadasının yarılması baxımından qiymətli əsər kimi istifadə olunur. Eləcə də, institutumuz tərəfindən 1918-1920-ci illərdə xalqımıza qarşı törədilmiş soyqırımla bağlı ciddi əsərlər nəşr edilib. Azərbaycan Prezidenti keçən il Xarici İşlər Nazirliyində diplomatlarla görüşü zamanı çıxışında belə fikir söylədi ki, «İrəvan xanlığı» çox sanballı elmi əsərdir və onun əsasında broşürlər, kitabçalar hazırlasın. AMEA-nın Tarix İnstitutu bu tövsiyəni də yerinə yetirdi.

Qeyd edim ki, İrəvan şəhəri haqqında yeni elmi-tarixi əsər hazırlanır. 1924-cü ildən sonra bu şəhər necə sökülür, orada fotolarla əksini tapır. Azərbaycan şəhərinin necə erməniləşdirildiyi faktlarla göstərilir. Belə əsərlər  güclü ideoloji silahdır. Biz arxiv sənədlərinə, tarixi mənbələrə istinad edərək bu əsərləri hazırlayırıq. Çünki vətəndaşlıq borcumuzdur.

 

- Azərbaycan Prezidenti müstəqillik dövrünə həsr olunmuş sanballı elmi əsərlərin yaradılmasını tövsiyə edib. Necə hesab edirsiniz, AMEA-nın Tarix İnstitutu müstəqilliyimizin bərpa olunmasının 25 illik yubileyi ərəfəsində belə bir əsər ərsəyə gətirə biləcəkmi?

- Müstəqillik dövrünün tarixi 7 cildlik Azərbaycan tarixinin yeddinci cildində, 1991-2003-cü ilədək tədqiq olunub. Ondan əlavə, «Azərbaycan Respublikası  1991-2001-ci illərdə» adlı on illik dövrü əhatə edən əsər də var. Amma biz artıq yeni nəşrin üzərində işləyirik və bu nəşr gələn il dövlət müstəqilliyimizin bərpa olunmasının 25 illlik yubileyinə həsr olunur.

Burada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu işləri, yeni Azərbaycanın əsasının qoyulması və hörmətli Prezidentimiz tərəfindən Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi, Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq arenada təmsil olunması və s. məsələlər öz əksini tapacaq. Hesab edirəm ki, yubiley ərəfəsində biz bu nəşri çap edib cəmiyyətə təqdim edəcəyik.