YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Məqsədimiz yeni hədəfləri fəth etməkdir

   Milli Məclisin deputatlığına namizəd, MM-in deputatı, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli

- Hadi müəllim, Uzun müddətdir ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədrisiniz. Komitənin ötən beş il ərzində fəaliyyəti haqqında qısa olaraq hesabat verə bilərsinizmi?

- Qeyd edim ki, Milli Məclisin Sosial siyasət komitəsinin fəaliyyət dairəsi də “sosial” sözünün daşıdığı məna yükü qədər əhatəlidir. Sosial qanun yaradıcılığı ilə yanaşı, vətəndaşların sosial problemlərinin həllinə yardımçı olmaq komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Milli Məclisə daxil olan məktubların 60 faizinin – yarıdan çoxunun birbaşa bu komitəyə ünvanlanır. Statistik məlumat kimi qeyd edim ki, komitəyə vətəndaşlardan 5226 ərizə daxil olmuş və komitə sədrinin qəbulunda 3599 nəfər olmuşdur.

Mən  ölkəmizdə sosial qanunvericiliyin formalaşdırılması istiqamətində 20 ildən çoxdur ki, fəaliyyət göstərirəm. Hazırda əhatəliliyinə görə daha geniş, faydalılığına görə daha məqsədəuyğun sahə olan sosial siyasətə dair hər parlament sessiyasında, təxminən 5-6 qanun layihəsi Milli Məclisin iş planında yer alır. Bunların hamısı olmasa da, bir neçəsi birbaşa Sosial siyasət komitəsinin məhsulu olur.  2010-2015-ci illərdə Sosial siyasət komitəsinin iclaslarında, bütövlükdə, 168 məsələ müzakirə edilərək,  134 qanun layihəsi qəbul edilmişdir.

Bununla bərabər, Sosial siyasət komitəsi parlament tarixində bir ilkə imza atmışdır. Belə ki, cəmiyyətimizi maraqlandıran, ictimaiyyətin narahatçılığına səbəb olan sosial məsələləri mütəxəssislərin, ziyalıların, elm adamlarının, qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirakı ilə müzakirə edərək, dinləmələr, elmi-praktiki konfranslar  keçirilir. Son 5 ildə bu səpkili 27 dinləmə keçirilmişdir. Son dinləmələrin mövzuları – uşaq hüquqları, bədən tərbiyəsi və idman, şəkərli diabet xəstələrinin sosial müdafiəsi, əlillərin sosial reabilitasiyası, autizm, İİV/HİV-lə yaşayan insanların sosial müdafiəsi və s.

Ümumiyyətlə, son 20 ildə Milli Məclisin Sosial siyasət komitəsinin 227 qanunu qəbul olunmuş, Azərbaycan 234 beynəlxalq sənədə qoşulmuşdur. Bunların hamısının hazırlanmasında mən də bilavasitə iştirak etmişəm. Son 5 ildə Sosial siyasət komitəsində bir neçə çox önəmli və sanballı qanun layihəsi hazırlanmış və artıq qüvvəyə minmişdir. Bunların sırasında “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının  Qanunu, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının  Qanunu, “Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının  Qanunu, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının  Qanununa dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının  Qanunu, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının  Qanunu, “Uşaqların məcburi dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının  Qanunu xatırlatmaq istərdim.

- Qanun yaradıcılığı prosesində beynəlxalq əməkdaşlıq məsələsi də vacibdir. Bu istiqamətdə hansı işlər görmüsünüz?

- Azərbaycan Milli Məclisinin əsas fəaliyyət istiqamətlərindən biri də qanun yaradıcılığı prosesində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdır. Bu gün Azərbaycan parlamenti nəinki nüfuzlu beynəlxalq təşkilatların parlament assambleyalarında təmsil olunur, eyni zamanda, yeni qanun layihələrinin  hazırlanmasında, müvafiq qanunların təkmilləşdirilməsində dünya ölkələrinin təcrübəsini öyrənir, ikitərəfli və çoxtərəfli əlaqələri daha da möhkəmlənir.

Milli Məclisin  son 20 ildə keçdiyi qanunyaradıcılığı fəaliyyəti yoluna nəzər salanda görərik ki, beynəlxalq əməkdaşlığa dair təşəbbüslərin bir çoxu Sosial siyasət komitəsindən gəlib. Komitə BMT və onun yerli nümayəndəlikləri ilə yaxın əməkdaşlıq edir. Sosial siyasət komitəsinin beynəlxalq təşkilatlarda əməkdaşlığının ilk bəhrəsi “Uşaq hüquqları haqqında” Qanununun qəbul olunmasıdır. Sonradan bu əməkdaşlığın nəticəsi silsilə qanunların qəbulu ilə nəticələndi.

“Azərbaycan Respublikasının Ailə Məcəlləsi”nin, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasında Vərəmlə mübarizə haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunların hazırlanmasında beynəlxalq əməkdaşlıq mühüm rol oynamışdır.

Biz bu gün də bütün nüfuzlu təşkilatlarla qanun yaradıcılığı sahəsində əməkdaşlığını davam etdirir. Artıq dünyada sınaqlardan keçmiş, bütün ölkələr üçün nümünə olan hüquq aktları var. Ümumiləşdirilmiş halda bunlara “model qanun” da deyirlər. Bütün ölkələrin parlamentləri özlərinin qanunvericilik bazalarını təkmilləşdirərkən mütləq bu cür qanunlara istinad edirlər. Azərbaycan Respublikasının Milli Məclisində də belə model qanunlara əsaslanan, onların əsas məqsədlərini əks etdirən hüquqi sənədlər işlənib hazırlanmış və qəbul edilmişdir.

Bu sahədə Sosial siyasət komitəsinin geniş təcrübəsi var. Komitənin indiyədək hazırladığı və qəbul edilən bir çox qanunun əsas və inanılmış mənbəyi model qanunlardır. Artıq Azərbaycan öz inkişafının elə bir mərhələsinə gəlib çatmışdır ki, ölkəmizdə hazırlanan və qəbul edilən qanunlar da dünya ölkələri tərəfindən “model qanunlar” kimi qəbul edilir.  Sevindirici haldır ki, Azərbaycan Respublikasının Milli Məclisində hazırlanan və qəbul edilən 2 qanun artıq dünyada BMT tərəfindən “model qanun” kimi qəbul olunmuşdur.  Fərəhli faktdır ki, hər iki qanun Milli Məclisin Sosial siyasət komitəsinin məhsuludur. Bunlardan biri “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, digəri isə “Duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarıdır.

- Bildiyimiz kimi, Milli Məclisdə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bu çərçivədə olan fəaliyyətiniz haqqında da məlumat verməyinizi xahiş edirik...

- Məlumat üçün bildirim ki, mən Milli Məclisdə Azərbaycan – Yunanıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəriyəm. Qrup rəhbəri kimi qarşı tərəflə bir sıra görüşlər keçirmişik.  Xatırladım ki,     2 dekabr 2000-ci il tarixində Milli Məclisdə Azərbaycan-Yunanıstan Parlamentlərarası Dostluq Qrupu yaradılmışdır. Yunanıstan-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri Konstantinos Tsiarasın rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana iki rəsmi səfəri olmuşdur.         Azərbaycan tərəfindən isə Azərbaycan-Yunanıstan Parlamentlərarası Dostluq Qrupunun üzvləri həmçinin, iki dəfə Yunanıstana rəsmi səfər edib.

Səfərlər zamanı nümayəndə heyətlərinin üzvləri iki ölkənin qanunvericilik orqanının strukturu, fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olub, həmkarları ilə bir sıra görüşlər keçirmişlər, parlamentlərarası əlaqələrin inkişafı, ölkələr arasında turizm əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.

İki ölkə arasında elm, təhsil, mədəniyyət, gənclər və idman sahələrində ikitərəfli əməkdaşlıq günü-gündən inkişaf edir. Yunanıstanın Təhsil, Dini İşlər, Mədəniyyət və İdman Nazirliyi tərəfindən hər yay yunan dili və mədəniyyəti üzrə yay təlim kursları keçirilir, bu kurslarda azərbaycanlı tələbələr iştirak edirlər. Gənclər və idman siyasəti  sahəsində də əməkdaşlıq templəri artmaqdadır.

Mən həmçinin, Azərbaycan-Çin, Azərbaycan-İran, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüyəm. Son 10 ildə 50-dən çox xarici səfərdə olmuşam və bu səfərlər zamanı ölkəmi layiqincə təmsil etməyə çalışmışam.

- Millət vəkili olaraq seçicilərinizlə   münasibətləri necə tənzimləyirsiniz? Necə hesab edirsiniz, seçiciləriniz  sizin parlamentdə təmsilçiliyinizdən razıdırmı?

- Bildiyiniz kimi mən 74 saylı Lənkəran kənd Seçki dairəsindən millət vəkili seçilmişəm. Son beş ildə, 2010-2015-ci illərdə tərəfindən  89 dəfə keçrilən qəbulda - 2125 seçici qəbul edilmiş,  22 mətbuat konfransı və brifinq keçrilmişdir. Ümumilikdə, seçicilərlə 105 dəfə görüşüm olub.  Eyni zamanda, imkanım daxilində müraciət edən maddi və mənəvi dəstək göstərmişəm.  

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Lənkəran və onun kəndlərində də böyük abadlıq və quruculuq işləri görülüb və bu işlər hazırda da davam etməkdədir. Yeni  məktəb,  xəstəxanalar, digər sosial obyektlər, yollar, körpülər və s. tikilib istifadəyə verilir. Rayonda elektrik enerjisi problemi yoxdur, kəndlərin böyük əksəriyyəti qazlaşdırılıb. Lənkəranın Xəzər dəniznin sahilində yerləşməsi bu bölgənin böyük turizm potensialını da şərtləndirir. Ümumilikdə, qeyd edə bilərəm ki, rayon əhalisinin sosial rifahı yüksəkdir.  

- Hadi müəllim, 2016-cı ilin dövlət büdcəsi zərfi haqqında da fikirlərinizi bilmək istərdik.  Gələn ilin dövlət büdcəsində sosial sahəyə ayırmalar hansı səviyyədədir?

- Qeyd edim ki, 2016-cı il büdcəmizi sosial yönümlü büdcə adlandırardım. Büdcəmizin gəlirlərinin 46.5 faizini qeyri-neft sektoru təşkil edir. Və büdcənin 36, 1 faizi sosial məqsədlərə yönəlib. Sosial məqsədlərə göstəricilər büdcənin azalmasına  nisbətdə faiz olaraq çoxalıb.

Dünyada neftin qiyməti demək olar ki, 2 dəfə azalıb və biz gələn ilin büdcəsində neftin qiymətini 50 dollardan götürmüşük. Ölkəmizdə qeyri-neft sektorunda göstəricilər kifayət qədər artıb. Məsələn, 2014-cü ildə qeyri neft sektorunun gəlirlərinin dövlət büdcəsində payı 34 faiz  idisə, 2016-cı ildə bu 46,5 faiz planlaşdırılır.

Növbəti ilin büdcəsində qeyri-neft sektorundan büdcəyə daxilolmaların xüsusi çəkisi 2015-ci ilin proqnoz göstəricilərinə görə 11,8 faiz, 2014-cü ilin faktiki göstəricilərinə görə isə 12,5 faiz çoxdur. Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 milyard 602 milyon manat planlaşdırılır. Cəmi gəlirlərin 8 milyard 504 milyon manat olması gözlənilir. Neft fondundan da 6 milyard manat transfer nəzərdə tutulub. Əgər 2008-ci ildə Dövlət Neft Fondundan transfert 1 milyard 100 milyon, 2013-cü ildə  11 milyard idisə, gələn ilin büdcəsində bu rəqəm 6 milyard nəzərdə tutulub.

Maraqlı olan məsələ odur ki, sosial məqsədlərə ayırmalar bütövlükdə bütün bölmələr üzrə azalmayıb. Ünvanlı yardım, sosial ipotekaya ayrılan vəsait azalmır. Sosial yönümlü xərclərin keçən ilin büdcəsi ilə müqayisədə faiz olaraq 8,6, cari ilin proqnoz göstəricilərinə nisbətən isə miqdar olaraq 0,7 faiz artımı gözlənilir.

Büdcədə 2015-ci illə müqayisədə elm, təhsil, idman, sosial təminat, mədəniyyət tədbirlərinə 2015-ci illə müqayisədə 2,2 faiz artım nəzərdə tutulub.  Qeyd etdiyim kimi, sosial yönümlü xərclər büdcədə 36,1 faiz təşkil edir, 2015 ci ildə isə bu rəqəm 27,6 faiz idi. Bütövlükdə büdcədən sosial xərclər üçün 5 milyard 867 milyon manat nəzərdə tutulub ki, bu da cari ildəkindən 42 milyon manat çoxdur.

Yaşayış minumu təxminən 136 manat götürülüb, 2015 ci ildə bu rəqəm 131 manat idi. Ehtiyac meyarının məbləği isə dəyişməyib. Nəzərə alsaq ki, 2007-ci ildə ehtiyac meyarı 35 manat idisə, 2016-ci ildə bu rəqəm 105 manat nəzərdə tutulub.

Maraqlı məsələlərdən biri odur ki, ölkəmizdə 5 rayon artıq dotasiyasız işləyir. Yəni özü-özünü dolandırır. Bunlar Mingəçevir, Naftalan, Sumqayıt, Şirvan və İmişlidir. Bu rayonların gəlirləri- çıxarı özünü bağlayır. Qalan rayonlar isə dövlətdən həmişə olduğu kimi yenə də dotasiya alır.

Sosial müdafiə xərclərinə ötən il büdcənin 10,5 faiz nəzərdə tutmuşdusa, bu il 11 faiz nəzərdə  tutulub. Keçən il qaçqın və məcburi köçkünlər üçün büdcə tərkibində 1,2 faiz vəsait nəzərdə tutulubsa, bu il ümumi büdcənin 1,5 faizi ayrılıb, bu da 224,4 milyon manat nəzərdə tutulub. Göstəricilərimiz əsasən bunlardır. Bütövlükdə  götürəndə büdcədə vəsait azalıb. Təsəvvür edin büdcədə 24-25 faiz azalma var, amma sosial məqsədlərə vəsait azalmır, demək olar ki, hətta bəzi istiqamətlərdə artıb.

Sosial Müdafiə Fondunun büdcəsinin rəqəmlərində də artım var.  Fondun 2016-cı il büdcəsinin gəlirlərinin 3 milyard 78 milyon 570 min manatı və ya 98 faizini əhaliyə birbaşa ödənişlər təşkil edəcək. Sosial Müdafiə Fondunun  bir hissəsi dövlət büdcəsindən ayırmalar hesabına olur. Gələn il dövlət büdcəsindən 1 milyard 100 milyon manat Sosial Müdafiə Fonduna  ayrılacaq.