MÜSAHİBƏLƏR
Müstəqil Azərbaycan dövləti Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir
- Fəttah müəlllim, mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü tamam olur. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Sizin Ulu öndərlə bağlı xatirələrinizi bizimlə bölüşməyinizi istərdik...
- İllər ötdükcə müstəqil Azərbaycanımız, dövlətçiliyimiz daha da güclənir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik güclənir, sosial-iqtisadi sahələr inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün bunların nəticəsində də ölkəmiz yeni-yeni uğurlar qazanır. Əlbəttə, bu nailiyyətlər xalqımızın, dövlətimizin Heydər Əlyev yolunu böyük inamla davam etdirməsi nəticəsində qazanılır.
Həqiqətən də, bizim bu gün yaşadığımız müstəqil Azərbaycan dövləti Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bu əsər elə zamanda yarandı ki, illər boyu insanların qəlbində müstəqillik ideyaları hələ arzu səviyyəsində idi. Ulu öndər bu arzunu gerçəkliyə çevirdi. Mən həmişə demişəm və bir daha təkarar edirəm ki, Heydər Əliyev müstəqil dövlətimizin əsaslarını hələ Azərbaycan Sovetlər ittifaqının tərkibində oldğu vaxt yaratmışdı. 1969-cu ildə Ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələndə təkcə Sovet rəhbərliyinin qərarları ilə respublikanı idarə etmirdi, O eyni zamanda, yeni bir ruhla, əzəmətlə Azərbaycanı azərbaycançılıq ideologiyası ilə yüksəltməyə başladı. İnsanların torpağına, Vətəninə bağlılığı bu ideologiya sayəsində daha da gücləndi.
- Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının müstəqilliyimizin əldə olunması və qorunmasında rolu nədən ibarətdir?
- Mən uzun illər Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. İndi həmin dövrə geriyə baxdıqda Ulu öndərin Azərbaycanı müstəqilliyə aparan yolda özünəməxsus addımlar atdığının hələ o zaman şahidi olmuşam və bu gün də onların təsdiqini görürəm. Hamımıza məlumdur ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasının müəllifidir. Hər bir xalq müstəqilliyini qurarkən müəyyən ideyalara əsaslanır. Bəziləri, öz xalqının tarixini, ənənəsini, məfkurəsini, məşğulluğunu, hətta iqlimini nəzərə alaraq dövlətlər qurub. Elə xalqlar var ki, onun dövlətçilik tarixi minilliklərə gedib çıxır. Azərbaycan xalqı da qədim, zəngin tarixə, milli adət-ənələlərə, şirin dilə məxsus olan xalqdır. Heydər Əliyev azərbaycançılıq ideyasını yaradarkən bu amilləri əsas kimi götürdü. Təbii ki, bu cür yüksək keyfiyyətlərə malik bir xalqın müstəqil dövləti olmalı idi.
Məhz sovet dövründə respublika rəhbəri olmaqla bərabər Heydər Əliyevin mənəviyyat, təhsil, mədəniyyət, əxlaq və milli adət-ənənələrin qorunması və inkişafı sahəsində gördüyü işlər müstəqil dövlətimizin yaradılması ilə nəticələndi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır. Bu ideologiya ölkəmizdə yaşayan xalqları bir amal uğrunda birləşdirir: Hamımızın Vətəni Azərbaycandır və biz bu müstəqil dövlətimizi qoruyub inkişaf etdirməliyik. Hələ 1978-ci ildə Azərbaycan sovet respublikasının konstitusiyası qəbul edilərkən Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili Azərbaycan dili kimi təsdiq olundu. Eyni zamanda, o dövrdə iqtisadiyyatı, sənayeni inkişaf etdirməklə, bu sahədə güclü baza yaratmaqla, bütün sahələr üzrə peşəkar milli kadrlar yetişdirməklə Heydər Əliyev müstəqilliyin əsasını qoymuşdu.
Dövlət dili məsələsinə toxunarkən, onu da qeyd edim ki, o zaman ittifaqın tərkibində olan respublikaların əksəriyyətində öz ana dillərinin dövlət dili kimi qəbul olunmasına əhəmiyyət verilmədi. Ulu öndər Heydər Əliyev bu məsələyə ona görə xüsusi əhəmiyyət verdi ki, Onun varlığında gələcək müstəqil Azərbaycan var idi. Ulu öndərimiz hələ sovetlər dövründə Azərbaycanı qarış-qarış gəzməyə də üstünlük verirdi. Bununla da O, əsl azərbaycanlı-rəhbər obrazını yaratdı. Respublikanın hər bir guşəsinə səfər edən, inkişafla maraqlanan, insanların həyat tərzi ilə tanış olan Heydər Əliyev bu siyasəti yorulmadan həyata keçirirdi. Bununla da, O, Azərbaycan insanını daha yaxından tanıdı, onların ənənələrini, mənəvi dəyərlərini və digər milli keyfiyyətlərini ümumiləşdirərək toplayb bu ideologiyanın əsasını qoydu. Sovetlər hakimiyyəti dövründə Heydər Əliyev, həmçinin, sənətdə uğurlar qazanan yaradıcı insanlarımızı, şairləri, yazıçıları, elm adamlarını dövlət yüksək mükafatları ilə təltif etdirməklə Azərbaycan və azərbaycanlının kim olduğunu göstərdi. Təbii ki, bunların hamısı Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı.
- Ulu öndər Heydər Əliyev xalqımızın çətin anlarında hər zaman xilaskarlıq missiyasını yerinə yetirib. 1990-cı illərin əvvəlində də xalqımız Heydər Əliyevdən yenidən xilaskar qismində dövlətin qurulması üçün ağır bir missiyanı yerinə yetirməyi xahiş etdi...
- Dəfələrlə qeyd etdiyim bir fikri bir daha vurğulamaq istəyirəm ki, Heydər Əliyev Azərbaycanı özünün şah əsəri kimi yaratdı. Amma tale elə gətirdi ki, O, qurub yaratdığı Azərbaycandan bir müddət uzaq düşdü, Moskvada ittifaq rəhbərliyində bir müddət çalışsa da, sonra vəzifədən uzaqlaşdırıldı. Mən Onun hakimiyyətdə olmadığı dövrü Heydər Əliyevsiz Azərbaycan adlandırıram. Onunla respublikamız sovet dövründə də inkişafın və azərbaycançılığın parlaq nümunəsi olub. İnsanlar fəlakətlərə, məhrumyyətlərə Heydər Əliyevsiz dövrdə üzləşib. Ulu öndər 1970-ci illərdən sovetlər hakimiyyəti zamanı respublikamızın böyük inkişafına nail olmuşdusa, Azərbaycan insanının nüfuzunu qaldıra bildirmişdisə, təəssüflər olsun ki, Ümummilli lider Heydər Əliyev siyasi arenada olmadığı dövrdə Azərbaycan özünün faciəli həyatını, mərhumiyyətlər dövrünü yaşamışdı. O zamanlar Azərbaycan torpaqlarının beşdə birini itirdi, müharibədə 20 min nəfərdən çox şəhid verdik, Dağlıq Qarabağ problemi Ulu öndər Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yarandı.
1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmaqla, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın başına gələ biləcək yeni fəlakətlərdən, parçalanmaqdan, yeni işğallardan qorudu. Biz bugünkü Azərbaycanımızla fəxr edirik ki, onun da qurucusu Ümummilli lider Heydər Əliyevdir. O şah əsərini ilahi vergi ilə elə yaradıb ki, Azərbaycan hər bir sahədə sürətlə inkişaf edir və bu inkişaf prosesində Heydər Əliyevin nurlu siması, parlaq şəxsiyyəti, dərin zəkası görünür. Ulu öndər Heydər Əliyev ömrünün son 10 ilini müstəqil dövlətimizin yaranmasına, qorunmasına və inkişafına həsr etdi. Bu dövlət hələ Onun həyatda olduğu vaxtda müstəqilliyinin əbədiliyini, dönməzliyini təsdiq etdi. Biz bütün bunları Ulu öndərin dilindən eşitdik. O, bütün dünyaya bəyan etmişdi: Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir.
Ötən dövrdə illəri, ayları tam nəzərdən keçirsək, müstəqillik uğrunda Heydər Əliyevin mübarizəsinə dair xeyli sayda parlaq nümunələr, xatirələr söyləyə bilərik. Təbii ki, anadan olmasının 91-ci ildönümündə Ulu öndəri xatırlayarkən bütün bunlar gözümüzün önündən gəlib keçir. Hər dəfə Azərbaycanın uğurlarını görəndə, Heydər Əliyevin parlaq siması gözümüzün önündə canlanır. Bu gün Azərbaycanda hüquqi, demokratik dövlət qurulub. O cümlədən, demokratik cəmiyyət quruculuğu istiqamətində də böyük nailiyyətlər əldə edilib. O cümlədən, müstəqil Azərbaycanda uğurlu siyasi institutun yaradılması, böyük siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının təsis olunması da Ulu öndər Heydər Əliyevin böyük əməyinin, zəhmətinin, uzaqgörən siyasətinin nəticəsidir. Heydər Əliyevin qurucusu olduğu bu partiya Azərbaycanın həyatının bütün sahələrində fəaliyyətilə, cəmiyyətdəki yeri ilə böyük nüfuz qazanıb. Bu fəaliyyətin nəticəsidir ki, YAP dünya miqyasında nüfuzlu partiya kimi tanınır, onun bir çox nüfuzlu partiyalarla, eləcə də, siyasi partiyaların birləşdiyi təşkilatlarla sıx münasibətləri var. Son illər YAP-ın təşəbbüsü ilə bir çox böyük beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi buna sübutdur. Bütövlükdə isə, YAP dövlətçiliyimizin gələcək inkişafı naminə uğurlu siyasət həyata keçirməkdədir.
- Ulu öndərimizin xalqımızın qarşısındakı ən böyük xidmətlərindən biri də möhkəm təməllər üzərində qurulan bu dövlətin inkişaf siyasətinin davam etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək oldu. Bu gün Heydər Əliyev siyasi kursunun həyata keçirilməsi haqqında nə deyə bilərsiniz?
- Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də gördüyü işləri, açdığı yolu məhz etibarlı əllərə tapşırması idi. Bu gün Azərbaycana Heydər Əliyevin ailəsində dünyaya gəlib Onun tərbiyəsini alan, Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan cənab İlham Əliyev rəhbərlik edir. Hələ 2003-cü ildə «İlham Əliyevə özüm qədər inanıram» deyən Ulu öndərimiz xalqımıza cənab İlham Əliyevin arxasında getməyi tövsiyə etdi. Xalqımız da artıq 11-ci ildir ki, bu tövsiyəyə sadiqlik nümayiş etdirir və öz mövqeyində yanılmadığını göstərir. Məhz bunun nəticəsidir ki, 11-ci ildir ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir.
Möhtərəm Prezidentimiz İlham Əliyev bu gün Heydər Əliyev yolunu uğurla davam etdirir. Hazırda Heydər Əliyevin müəllifi olduğu neft strategiyası gözəl nəticələr verməkdədir. Bu strategiya xalqımızın firəvanlığını təmin etməkdədir. Çünki bu gün hörmətli Prezideimiz neft strategiyasının bəhrələrindən ölkəmizin hər bir sahəsinin inkişafı, o cümlədən qeyri-neft sektorunun inkişafı üçün istifadə edir, bu yöndə səmərəli siyasət həyata keçirir. Neft kapitalının insan kapitalına çevrilməsi ideyasının müəllifi də cənab İlham Əliyevdir.
Yəni, bu gün dövlətimiz Azərbaycan insanının, xoş, firəvan yaşaması üçün əlindən gələni edir. Xatirinizdədirsə, hələ 1990-cı illərin sonunda ölkəmizdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə torpaq islahatlarının həyata keçirilməsinə başlandı və torpaqlar əvəzsiz olaraq insanlara verildi. Çünki xalqımız torpağa bağlıdır, eyni zamanda, torpağımız da barlı-bərəkətlidir. Hazırda da dövlətimiz tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir, insanlar həmişə bol-bərəkətli məhsullar yetişdirirlər.
İndi Azərbaycanda paytaxt Bakımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bu da məhz Heydər Əliyev yolunun davamı, cənab İlham Əliyevin bu yolu davam etdirməsinin nəticəsidir. Hazırda ölkəmizin şəhərləri Avropanın paytaxtları səviyyəsinə yüksəlib. Eləcə də, quruculuq işləri, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yaradılması, parkların, yaşıllıqların salınması kimi insana xidmət edən işlər görülür. Təbii ki, bütün bunlar insanların firəvan yaşaması üçündür. Azərbaycan bir günəş kimi təkcə, Cənubi Qafqazda deyil, bütün Avropada parlayır. Bir çox ölkələr Azərbaycanın inkişaf modelini öyrənirlər. Ölkəmizdə inkişaf siyasəti o qədər düzgün həyata keçirilir ki, dünyada baş verən hansısa böhranların hansısa təsirinə məruz qalmırıq. Məhz bütün bunlara görə, dünyada bizə həsəd aparanlar çoxdur.
Dediyim kimi paytaxtımız Bakının inkişafı göz qabağındadır, şəhərimiz tamamilə dəyişir. Yeni Bakı gözümüzün önündə canlanır. Cəsarətlə deyə bilərəm ki, bu inkişaf bölgələrdə də çox böyük vüsət alıb. Çünki regionlarda çox böyük quruculuq işləri gedir. Bölgələrin sosial məsələlərinin həlli istiqamətində də genişmiqyaslı işlər görülür. Vətənimiz Azərbaycan çox gözəldir. Ölkəmizin demək olar ki, bütün bölgələrində turizm imkanları var. Bir çox bölgələrdə dünya standartlarına uyğun olan turizm obyektləri fəaliyyət göstərir. Azərbaycanın bütün guşələrində turizmin inkişafı üçün işlər davam edir. Görülən işlərin nəticəsidir ki, artıq Azərbaycan gözəl turizm mərkəzinə çevrilib. İndi Azərbaycanın bölgələrində də böyük beynəlxalq tədbirlər keçirilir və bu tədbirlər dünyanın diqqətini füsunkar Vətənimizə yönəldir.
Mən bütün bunlara Qəbələ rayonunun timsalında da misal gətirə bilərəm. Qəbələ əvvəllər adi kənd rayonu idi, indi dunyanın ən gözəl turizm mərkəzinə çevrilib. Burada həmçinin, müasir istehsal müəssisələri, istirahət mərkəzləri, gələcək nəsillərə xidmət göstərən mərkəzlər yaradılıb. Vaxtilə Ulu öndər Heydər Əliyev Qəbələdə olarkən yaşıl dağ yamaclarına baxaraq «bura Azərbaycanın İsveçrəsidir» deməsi ilə Prezidentimiz İlham Əliyev Qəbələni İsveçrədən də gözəl etdi. Çünki Azərbaycan insanının insana, qonağa münasibəti bəlkə də dünyanın heç bir yerində yoxdur.
- Fəttah müəllim, Ümummilli liderimiz Heydər Əliyevin zəngin irsi vardır. Azərbaycan ağsaqqallarının bu irsin dərindən öyrənilməsi istiqamətində gənc nəslə tövsiyələri nədən ibarətdir?
- Bəli, Ulu öndər Heydər Əliyevin zəngin irsi var. Heydər Əliyev bütün şüurlu həyatını Vətəninə və xalqına həsr edib. 20-ci əsrdə dünyada çox liderlər olub. Amma mən Heydər Əliyev qədər davamlı olaraq öz xalqı yolunda bütün fədakarlıqları edən ikinci şəxsiyyət tanımıram. Bu mənada hesab edirəm ki, yetişən gənc nəsil tariximizi, o cümlədən müasir dövrümüzü dərindən öyrənməlidir. Müsair tariximizi isə Ulu öndər Heydər Əliyev yaradıb. Fikrimcə, ağsaqqallarımız da gənc nəsli bu yöndə maarifləndirməlidirlər. Gənclərimiz bilməlidir ki, Heydər Əliyevsiz Azərbaycan hansı fəlakətlərlə üzləşib. Həmin dövrün çətinliklərini indi də yaşayan insanlar var. Heydər Əliyev rəhbərlikdə olmadığı zaman qaçqınlar ordusunu yarandı ki, dövlətimiz bu gün də onların problemlərinin həlli ilə məşğuldur.
Amma bir həqiqət var ki, Heydər Əliyev yolu davam etdikcə Azərbaycan xoşbəxt olacaq, insanlar dinc həyat sürəcəklər. Ona görə də, yaşlı nəsil də həmşə gənclərin Heydər Əliyevin gəngin irsinin dərindən öyrənmələrinə köməkçi olmalıdır. Gənclərimiz heç zaman Heydər Əliyev siyasətinə qarşı olan qüvvələrin təsir altına düşməməlidir. Çünki Heydər Əliyev siyasəti bizim ən doğru yolumuzdur. Bizə başqa yol lazım deyil. Biz başqalarını da görmüşük, amma həmin yollar ölkəmizi uçuruma aparıb. Yolu yalnız fiziki mənada qəbul etmək lazım deyil. Yol həmişə müqəddəsdir, o cümlədən də mənəvi yol. İnsanlar Heydər Əliyev yoluna daim sadiq olmalıdırlar və bu siyasətin həyata keçirilməsində iştirak etməlidirlər. Bu yol ilə getmək lazımdır ki, müstəqil Vətənimizi qoruyaq. Xoşbəxtlik yalnız maddi sərvətlərə sahib olmaq demək deyil. Keçmişdəki faciələrimizin təkrar olunmaması üçün gənclərimiz ayıq olmalıdır. Onlar bilməlidir ki, bizim uğur yolumuz Heydər Əliyev siyasətidir.
Bu gün Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında olmasıdır ki, bu problem Heydər Əliyev rəhbərimiz olmayanda yaranıb. İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Ulu öndərimiz torpaqlarımızın sülh yolu ilə azad edilməsi siyasətini müəyyənləşdirib. Biz istəyirik ki, köçkünlərimiz sülh yolu ilə öz torpaqlarına qayıtsın. Əlbəttə ki, bu gün dövlətimiz çox güclüdür və müharibə yolu ilə ərazilərimizi geri ala bilərik. Amma müharibə dağıntı, insan itksi, fəlakətə deməkdir. Ona görə də, Prezident İlham Əliyevin siyasətinin məqsədi torpaqlarımızın sülh yolu ilə azad edilməsidir ki, biz bu məqsədə nail olacağıq.
İllər keçəcək, biz Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyev əbədi olaraq Azərbaycanda olacaq, Onun siyasəti uğurla həyata keçiriləcək. Azərbaycanımız Heydər Əliyev siyasəti nəticəsində daha böyük nailiyyətlər qazanaraq dünya üçün nümunə olan bir dövlət kimi daim öz mövqeyini qoruyacaq.