YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dövlət müstəqilliyinin bərpasına aparan yol

   Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli

- Əli müəllim,  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 ili tamam olur. İlk dəfə  olaraq bu tarixi  Vətən müharibəsində əldə edilmiş Zəfər Günü ərəfəsində, ərazi bütövlüyümüzün bərpa olunduğu şəraitdə qeyd edirik. Ümumilikdə müstəqillik tariximizə  nəzər salaq...

- 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. 1991-ci il oktyabrın 18-də isə "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi həyata vəsiqə aldı və Azərbaycan tarixinin yeni bir dövrü - müstəqil inkişaf dövrü başlandı.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında bu günlərdə Milli Məclisin qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanunda deyilir ki: “2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir”.

XX əsrin sonlarında SSRİ-nin süqutu nəticəsində yaranmış tarixi şəraitdən istifadə edən bütün digər keçmiş sovet respublikalarında olduğu kimi, Azərbaycan da öz dövlət müstəqilliyini dünyaya bəyan etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi mərhələyə münasibət bildirərkən Sovetlər Birliyinin məhz milli siyasət fonunda dağıldığını söyləmişdir: “SSRİ böyük dövlət qismində düzgün aparılan milli siyasət hesabına mövcud oldu. Amma 1985-ci ildən SSRİ-yə rəhbərlik edən şəxslər ya öz məsuliyyətlərini başa düşmürdülər, ya da bilərəkdən zərərli addımlar atırdılar ki, bunların arasında separatçıların vaxtlı-vaxtında cəzalandırılmaması da var idi”.

Proseslər ictimai-siyasi şəraitdən, mental xüsusiyyətlərdən asılı olaraq və proseslərə təsir göstərə bilən tarixi şəxsiyyətlərin mövqeyi baxımından  hər bir ölkədə fərqli cəhətləri ilə seçilir.  Azərbaycanda da müstəqilliyə aparan yolun konkret tarixi mərhələləri və özünəməxsus xüsusiyyətləri vardır.  Əsl tarixi həqiqət odur ki, Heydər Əliyev 1987-ci ildə SSRİ kimi nəhəng bir dövlətin ali hakimiyyət orqanlarında tutduğu yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra ona qarşı bu ədalətsiz münasibətdən məyus olmuş Azərbaycan xalqının Sovetlər Birliyinə inamı sarsıldı və məhz bu hadisə onun müstəqillik düşüncələrinə ilk təkan oldu. Çünki Heydər Əliyev Sovet Azərbaycanına rəhbərliyinin birinci dönəmində (1969-1982-ci illər) qurucu  lider kimi xalqın böyük rəğbətini qazanmışdı. 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı sayəsində həmin tarixdən sonra elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdi. Respublikanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, azərbaycançılıq ideologiyasının formalaşması istiqamətində atılan addımlar, peşəkar hərbçilərin hazırlanması işinə xüsusi diqqət yetirilməsi və bir çox digər məsələlər Heydər Əliyevin milli azadlıq ideyasına söykənirdi. Bu baxımdan inamla demək olar ki, həmin dövr, eyni zamanda milli özünüdərkin möhkəmlənməsi mərhələsidir. Təsadüfi deyil ki, o zaman İttifaq miqyasında iqtisadi cəhətdən özünü tam təmin edə bilən iki respublikadan biri məhz Azərbaycan olmuşdur ki, bu da heç kimdən asılı olmadan müstəqil yaşamaq imkanı deməkdir. Sonralar həmin dövrdə həyata keçirilmiş tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.                                   

1990-cı il qanlı yanvar hadisələrindən bir neçə ay sonra  gizli yollarla Naxçıvana gedən Heydər Əliyev noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi və sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. Beləliklə də o, hələ Azərbaycan Respublikasının suverenliyinin hələ rəsmi bəyan olunmadığı bir vaxtda, SSRİ-nin saxlanması ilə bağlı referendumun Naxçıvan ərazisində keçirilməsinə imkan verməyərək Naxçıvanda sovet rejiminın sonuna çıxdı və üçrəngli bayrağımızı qaldırmaqla Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolun təməlini qoymuş oldu.

Nəhayət, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Bu sənəddə 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

- Müstəqilliyimizin bərpasının ilk illərini necə xarakterizə edərdiniz?

 - Yeni müstəqil dövlətlərlə bərabər  Azərbaycan Respublikasının da dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması isə, sadəcə formal olaraq, beynəlxalq hüquq normalarının qanuni təzahürü idi. Yenidən müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının qarşısında bu tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi taleyüklü, mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət kursunun hazırlanıb həyata keçirilməsini və bu məqsədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə heç bir iş aparılmadı. O dövrdə ölkə daxilindəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Digər tərəfdən də təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları ilə müşayiət olunan Dağlıq Qarabağ problemi ağır yük kimi  Azərbaycanın başı üzərində dururdu.  Hər kəsin var gücü ilə xarici düşmənə qarşı həmrəylik nümayiş etdirməli olduğu belə bir şəraitdə ayri-ayri mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər.   1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxartdı. Bir-birinin ardınca strateji cəhətdən ən əhəmiyyətli  ərazilərin itirilməsi ilə müşayiət olunan  bu olaylar daha çox AXC-Müsavat cütlüyünün Azərbaycan dövlətinə qarşı xəyanətkar mövqeyi ilə əlaqəli idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin hadisələrə siyasi qiymət verərkən bunu hakimiyyət uğrunda gedən çirkin mübarizənin nəticəsi kimi dəyərləndirmişdir: “Kəlbəcərin, Şuşanın və Laçının  işğal altına düşməsində AXC-Müsavat tandeminin çox böyük mənfi rolu olmuşdur… O vaxt onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi…Öz doğma torpaqlarını ermənilərə təhvil verərək AXC-Müsavat satqın cütlüyü 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldi”.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında bu hadisələrin dolğun siyasi qiyməti verilmişdir: “Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı. Bu dövrdə hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət aydın, ardıcıl və prinsipial bir kursun olmaması idi. Dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında deyil, məsul vəzifə sahiblərinin qrup maraqlarını ifadə edən təsadüfi bəyanatlar, əksər hallarda bir-birini inkar edən, ziddiyyətli və emosional çıxışlar üzərində qurulurdu”.                  

Cəbhəçilərin əsl siması Azərbaycanın dövlət müstəqilliyinin formal olaraq bərpa olunduğu ilk dövrlərdə  hakimiyyətdə olduqları bir il ərzində bəlli oldu. Daxili və xarici  siyasətdə buraxılan səhvlər  onsuz da mürəkkəb olan  vəziyyəti  daha da gərginləşdirdi. Xalq aclıq və səfalət içində idi. Ölkənin maliyyə imkanları tamamıilə tükənmişdi.  Cəbhəçilər Heydər Əliyevin ötən əsrin 70-80-ci illəri ərzində yaratdığı fundamental maddi  və mədəni  nailiyyətləri qısa müddətdə  məhv etmiş, sərvətlər talan edilmiş, işbazlar tərəfindən xaricə satılmışdı. Ümumiyyətlə, ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr tərəfindən idarə olunurdu.  İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik hökm sürürdü. Belə düşünülməmiş və səriştəsiz siyasət milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə, hakimiyyətin ölkə daxilində öz nüfuzunu itirməsinə gətirib çıxartdı. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı. 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz səriştəsiz siyasət nəticəsində süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldı. 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin əmələ gəldiyi bir dövr kimi səciyyələndirilə bilər. Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında Prezident İlham Əliyev o illəri xarakterizə edərkən ölkənin tamamilə idarəolunmaz vəziyyətdə olduğunu xatırladıb: "Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı...” 

- Böyük inamla və qürur hissi ilə  qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir…

- Bu, tamamilə mübaliğəsiz bir tarixi reallıqdır. Çünki dövlətimizin formal müstəqillikdən qurtularaq real müstəqillik yoluna qədəm qoyması məhz Heydər Əliyev fenomeni ilə bağlıdır. O dövrdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqilliyini bərpa etmiş ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıtması ilə hakimiyyət vakuumu aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyunə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq üçün təxirəsalınmaz vəzifələrdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı qəti addımların atılmasından ibarət idi. Milli Ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün geniş miqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yarandı. Cəbhə bölgələrindəki yeni vəziyyət, uğurlu Horadiz əməliyyatından sonra təşəbbüsün ələ alınması  erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma əldə olundu, münaqişənin dinc yolla aradan qaldırılması üçün ilkin şərait yarandı. Müharibənin dayandırılması, ölkədaxili vəziyyətin nizamlanması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, regionda qonşu dövlətlərlə yaranmış gərginliyin aradan qaldırılması və münasibətlərin normal məcraya salınması Azərbaycanın müstəqil dövlət kimi yaşaması və sonrakı inkişafını şərtləndirən amillərdən oldu.

Azərbaycan daxildə yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ona münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlandırılan ilk neft kontraktlarını imzaladı. Ölkənin çoxsaylı sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı.

Azərbaycanda başlanmış bu işlər dövlətçiliyimizin əleyhinə olan daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlər göstərildi. Azərbaycan dövlətinin qətiyyəti,  xalqın  dəstəyi ilə bu təhlükəli cəhdlərin qarşısı alındı. Görülmüş tədbirlər nəticəsində Azerbaycanda zor gücünə, silahlı dəstələrdən istifadə etməklə hakimiyyətə gəlmək ənənəsinə və separatizm meyllərinə son qoyuldu. Bununla da Azərbaycan dövlət müstəqilliyinin keyfiyyətcə yeni bir mərhələsinə daxil oldu, dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq üçün ictimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edildiyi ölkəyə çevrildi.

1995-ci il noyabrın 12-də müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu və yeni müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi. Müstəqil Azərbaycan Konstitusiyası ölkəmizdə yeni dövlət quruculuğu üçün, dövlət fəaliyyətinin və cəmiyyətin inkişafının gələcək modeli üçün hüquqi əsas yaratdı. Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu. Ölkədə demokratik islahatlar kursu müəyyən edildi və bu istiqamətdə ardıcıl iş həyata keçirilməyə başlandı. Milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda demokratik dövlət yaradılması üçün yeni iqtisadi sistemin formalaşması, iqtisadiyyat sahəsində demokratik islahatların həyata keçirilməsi zərurəti ön plana çəkildi. Bazar iqtisadiyyatının formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması, neft strategiyasının ardıcıl surətdə həyata keçirilməsi yolunda böyük iş aparıldı. Prezident İlham Əliyev Ulu öndərin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında onun Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi fəaliyyətə siyasi qiymət verərkən demişdir: ”1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir... Məhz o illərdə bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etsin”.

Beləliklə, müstəqilliyin gerçək əlamətlərini Azərbaycan dövləti və xalqı 1991-ci ilin oktyabrından yox, 1993-cü ilin iyunundan sonra dadmağa başladı. Bu tarixi yollara nəzər saldıqca bir daha əmin olursan ki, Heydər Əliyevin dediyi “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün aktuallığını qoruyub saxlayır. Ona görə də real müstəqilliyin məhz həmin dövrdən başlandığını nəzərə alaraq, tarixi ədalət naminə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

- Əli müəllim, Böyük Yolun davamı kimi 2003-cü ildən başlanan mərhələ müstəqillik tariximizin hansı möhtəşəm səhifələrini yazdı?

- 2003-cü ildən etibarən dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirilən siyasi kurs yeni, daha yüksək mərhələyə qədəm qoydu. Heydər Əliyev ideyalarının ən etibarlı və sədaqətli davamçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu.

Müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu ilk növbədə məhz onun bənzərsiz fəaliyyətinin nəticəsidir. Bu gün ölkəmiz müasir və sivil yeni nəsil dövlət modelini dünyaya təqdim edir. İndi Azərbaycan beynəlxalq səviyyədə gedən proseslərdə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. Ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına uğurla sədrlik edir, beynəlxalq tədbirlərin keçirildiyi tolerant məkana çevrilmiş Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ən nüfuzlu mövqelərdən birinə sahibidir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı Dövlət Proqramları əhalinin yüksək sosial rifahını, hüquq və azadlıqlarını  təmin etmişdir. Müstəqil siyasətin təmin edilməsinə xidmət edən milli qanunvericiliyin ən yüksək standartlar  əsasında təkmilləşdirilməsi və dövlət quruculuğunun yeni mütərəqqi ideyalar əsasında qurulması prioritet istiqamətlər sırasındadır.

Ən əsası isə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il ərzində Ermənistanın işğal altında saxladığı Qarabağ torpaqlarının azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində əldə edilmiş və Azərbaycan xalqının iqtidarla birliyinin nümayişinə çevrilmiş böyük tarixi Qələbə dövlət müstəqilliyinin ən vacib elementlərindən biri olan ərazi bütövlüyümüzü təmin etdi. Şübhə yoxdur ki, yeni reallıqlar ölkəmizin dövlət müstəqilliyin toxunulmazlığına və əbədiliyinə daha güclü zəmin yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə gün öncə  İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibə zamanı dövlət müstəqilliyinin ölkəmiz üçün ən böyük dəyər olduğunu bird aha dilə gətirmiş və qalib Sərkərdə kimi siyasi iradəsini ortaya qoyaraq bundan sonra da Azərbaycanı mümkün təhlükələrdən qoruyacağını bəyan etmişdir. Bu fikri onun öz sözləri ilə tamamlamaq istərdim: “Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq...Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik... Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm!”