YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dövləti gəncliyin inkişafına xüsusi diqqət göstərir

Müsahibimiz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov

- Seymur müəllim, məlum olduğu kimi  hazırda respublikamızın bütün guşələrində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu əlamətdar hadisə ilə bağlı nə kimi layihələr reallaşdırmağı nəzərdə tutur? 
- Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Respublikada dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Təbii ki, dövlət gənclər siyasəti dedikdə də gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. “Gənclər siyasəti haqqında” Qanunda da bu məqsədlər öz əksini tapıb. Kompleks tədbirlər gənclərin hərtərəfli inkişafını yüksək səviyyədə təmin edir, gələcəyə daha inamla baxmaları üçün stimulverici amil rolunu oynayır.
Tarixə qısa nəzər yetirdikdə bir reallıq öz təsdiqini tapır ki, əgər Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan, daha dəqiq desək, 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Belə ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında dahi liderin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə- 1999, 2003, 2005, 2008 və 2011-ci illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı. 
Hazırda respublikamızın bütün guşələrində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə möhtəşəm tədbirlər keçirilir. YAP Gənclər Birliyi də bu əlamətdar gün ilə bağlı layihələrə start verib. Xatırladım ki, bir neçə gün öncə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin təşkilatçılığı ilə Ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda regional konfrans keçirilib. Yeni Azərbaycan Partiyası Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının gənclər birliklərinin fəallarının iştirak etdikləri tədbirdə Ulu öndərimizin Azərbaycan xalqı, o cümlədən gəncliyin inkişafı naminə göstərdiyi misilsiz xidmətlərdən ətraflı bəhs olunub. Qeyd edim ki, may ayının 10-a qədər YAP Gənclər Birliyinin bu istiqamətdəki tədbirləri davam edəcək.
- Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyəti nədən ibarətdir? 
- Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramını təsdiq edib. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. Cənab Prezidentin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoydu. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktblərində təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır. Bir məqamı da unutmayaq ki, xaricdə təhsil eyni zamanda Azərbaycanın təbliğatçısı olmaq deməkdir. Gənclərimiz həm təhsillərini davam etdirir, həm də ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirak edirlər. Onların təhsil aldıqları ali məktəblərdə keçirdikləri təbliğat xarakterli tədbirlər də bu məqsədə yönəlir.
Gənclərə diqqət və qayğı davamlılığı ilə diqqət çəkir. Yuxarıda qeyd edildiyi kimi, Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət edir. Sərəncamda da bu reallıq öz əksini tapıb ki, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də, cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Qəbul olunan proqramda bütün həlli vacib məsələlər öz əksini tapıb. Ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, eyni zamanda, 2 iyul 2013-cü il tarixli Fərmanı ilə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. 
- Seymur müəllim, Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı fəaliyyət istiqamətləri haqqında nə deyə bilərsiniz?  
- Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu öndərimizin ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Beləliklə, partiyamız gənclərin inkişafı üçün bütün imkanları yaradıb və gənclərlə sıx işləməyi başlıca hədəflərindən biri hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır. Partiyamız gənclərimizə qayğı göstərməklə yanaşı, gənclərdən gələn təklifləri, layihələri diqqətlə qarşılayır və lazımi dəstəyini verir. 
Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən Yay və Qış liderlik məktəblərini xüsusi qeyd etmək istərdik. Bu layihələrin əsas məqsədi ümumilikdə bölgə gənclərinin də ictimai-siyasi fəallığını artırmaq, onlar arasında sıx birlik yaratmaqdır. 
Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmaları, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına, xüsusilə, intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərlə bağlı olduğunu əminliklə söyləmək olar. Bu, o deməkdir ki, YAP gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər. 
Məlum olduğu kimi, hazırda YAP üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir və partiyada birləşən gənclərin sayı 200 min nəfərdən artıqdır. Əlbəttə ki, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gəncliyi də Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətini dəstəkləyir. Onu da bilirsiniz ki, YAP-ın fəaliyyətində başlıca olaraq xalqa xidmət amili dayanır. Sadaladığım bu amillər ölkə gənclərinin partiyamıza qoşulmasının, öz siyasi talelərini YAP-a bağlamasının əsasını təşkil edir. 
- Bu il ölkəmizdə  bələdiyyə seçkiləri keçiriləcək. YAP Gənclər Birliyi bu seçkilərdə hansı səviyyədə iştirak edəcək? 
- YAP Gənclər Birliyinin üzvləri ictimai-siyasi proseslərdə fəaldır, bütün seçkilərdə aktiv iştirak edir. Bu mənada, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP Gənclər Birliyi fəal iştirak etməyi nəzərdə tutur. 
Bilirsiniz ki, hələ 2009-cu il bələdiyyə seçkilərində partiya rəhbərliyinin tövsiyəsi ilə YAP-ın gəncləri həmin seçkilərə çox aktiv şəkildə qoşuldular və bunun nəticəsində də gənclərin bələdiyyələrdə təmsilçiliyi 4-5 faizdən 30 faizə qədər yüksəlib. Qarşıdan gələn bələdiyyə seçkilərinə gəlincə, təbii ki, Gənclər Birliyi partiya rəhbərliyinin qərarına, tövsiyə və tapşırıqlarına uyğun hərəkət edəcək.