YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib

   Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu

-Hikmət müəllim, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri tarixi hadisələrlə yadda qaldı. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

-Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əslində, “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi. Bu isə mühüm tarixi hadisədir. Çünki iki dövlət arasında strateji müttəfiqlik münasibətlərinə təhlükəsizlik və işbirliyi kontekstində yeni keyfiyyət qazandırır. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Bəyannaməsi imzalanarkən tarixi Qars Müqaviləsinə istinad etməsi də bununla əlaqədar idi. Çünki Qars Müqaviləsinə əsasən, onun təhlükəsizliyinin təminatçısı həm də Türkiyə Cümhuriyyəti hesab edilir.

İkinci mühüm bir məsələ odur ki, Şuşa Bəyannaməsinin təhlükəsizliklə bağlı olan hissəsi BMT Nizamnaməsinə istinad edilərək hazırlanıb, bu müqavilənin hüquqi əsasları beynəlxalq hüquqa söykənir və beynəlxalq hüquq tərəfindən dəstəklənir. Yəni Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən bunu üçüncü tərəfə qarşı deyil, sadəcə öz təhlükəsizlikləri baxımından zəruri hesab edərək qərarlaşdırırlar.

-Sənəddə hərbi və təhlükəsizlik sahələrində birgə əməkdaşlıq məsələləri böyük önəm kəsb edir...

-Bəli, iki qardaş ölkə müqavilədən irəli gələn öhdəçiliyi və öz təhlükəsizliklərini təmin etmək üçün hərbi institusional qurumların mövcud olması reallığından və zərurətindən çıxış edərək bu istiqamətdə də müştərək addımlar atmaqla bağlı qərar qəbul edirlər. Yəni Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki qardaş ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətlərinin birlikdə artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda, bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi də vurğulanır. Bu isə əslində, müdafiə güclərimizə birgə sinxron hərəkət qabiliyyəti tanıyır.

Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti Milli Ordumuz haqqında danışarkən Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq barədə öz fikirlərini səsləndirmişdi. Türkiyə Ordusu isə dünyanın ən döyüşqabiliyyətli və modern ordularından biridir. İmzalanan Şuşa Bəyannaməsi həm də bu istiqamətdə real addımların atılmasını təmin edəcək.

Başqa bir mühüm məqam isə regional inteqrasiya ilə bağlıdır. Bu, Cənubi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bütün bunlarla yanaşı media, diaspor, xarici siyasətdə birgə hərəkətetmə, təhsil, iqtisadiyyat, müasir texnologiyalar, birgə investisiya planları və s. sahələrdə də əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur ki, bu da iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfüqlər açmaqla həm də regional əməkdaşlığı və qarşılıqlı inteqrasiyanı təşviq edir.

-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan  parlamentində çıxışı haqqında da düşüncələrinizi bölüşməyinizi istərdik...

-Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentində çıxışı tarixi bir çıxış idi. Hər şeydən öncə bu, iki qardaş ölkənin münasibətlərinin bundan sonrakı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edirdi. İkincisi,  xalqlarımızın keçmişindən, ortaq mədəniyyətindən, etnik-dini köklərindən gələn birlik və həmrəyliyinin bundan sonrakı münasibətlərimiz üçün də əsaslar yaratdığına söykənən bir çıxış dinlədik.

Qardaş ölkənin Prezidenti Azərbaycanın Dövlət Himninin müəllifi Əhməd Cavadın Osmanlı əsgərləri ilə bərabər Balkanlarda savaşdığını qeyd etdi, Çanaqqala savaşında Azərbaycandan gedən döyüşçülərin ortaq Vətən, ortaq dəyərlər, ortaq mədəniyyət üçün savaşaraq öz canlarını qurban verdiklərini söylədi. Həmçinin Nuru Paşanın Qafqaza gəlişi ilə Bakının işğaldan azad olunduğunu xatırlatdı. Bütün bunlar əslində, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsini, bugünkü keyfiyyətini təyin edən hadisələrdir. Bunların hamısı “Bir millət, iki dövlət” fəlsəfəsi kontekstində  baş verən hadisələrdir. Amma cənab Ərdoğan bununla bərabər, mənəvi, ideoloji kontekstdə də münasibətlərimizə toxundu və qeyd etdi ki, Əhməd bəy Ağaoğlunun düşüncələri, fikirləri, Türk dünyasının gələcəyi ilə bağlı səsləndirdiyi ideoloji tezislər təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün bu gün də aktualdır.

Digər tərəfdən, Türkiyə Prezidenti çıxışında ortaq kimliyimizi, ortaq mədəniyyətimizi formalaşdıran poeziya nümunələrinə də toxundu. Şuşa mədəni və ədəbi mühitinin  yetişdirdiyi Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın və digər  fikir, düşüncə adamlarının adlarını çəkdi. Eləcə də qeyd etdi ki, təkcə Şuşa və ya Qarabağ deyil, Azərbaycanın və Türk dünyasının hər yeri böyük şairlər yetişdirib və buna nümunə olaraq Nizami Gəncəvinin adını çəkib. Həmçinin Nizami Gəncəviyə ithafən Osmanlı sultanı Fateh Sultan Mehmet xanın şerini səsləndirdi. Bütün bunlar onun göstəricisidir ki, Türkiyə-Azərbaycan münasibətləri xalqlarımızın tarixdən gələn ənənələri üzərində bərqərar olub və bu, birliyimizi, qardaşlığımızı gələcəyə daşımağa imkan yaradan birlikdir. Ən əsası odur ki, iki qardaş ölkənin prezidentlərinin dostluğu və qardaşlığı   Türkiyə-Azərbaycan qardaşlığının, mədəni, mənəvi birliyinin simvoluna çevrilib. Bu amil əslində, Türkiyə Prezidentinin aşağıdakı fikirləri ilə tamamlandı. Cənab Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, “müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq”. Düşünürəm ki, bu, bütün dünyaya verilən mesaj idi.

Cənab Rəcəb Tayyib Ərdoğan onu da dedi ki, “Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir”. Hesab edirəm ki, Türkiyə Prezidentinin bu fikirləri əslində, iki qardaş ölkənin münasibətlərinin hazırkı yüksək səviyyəsinin təntənəsinin ifadəsidir. Beləliklə, bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir.