MÜSAHİBƏLƏR
Heydər Əliyev aqrar islahatları sosial-iqtisadi inkişafımızın strateji istiqamətlərindəndir
- Qərib müəllim, bildiyimiz kimi Azərbaycanın müasir tarixinin böyuk bir dövrü Ümummilli liderimiz Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətləri, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarını ümumi şəkildə necə xarakterizə edərdiniz?
- XX əsrin son 30 ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın iqtisadiyyatı hər zaman möhkəmlənmiş, şöhrəti, nüfuzu yüksəklərə qalxmış, milli mənafeyi, milli mentaliteti, mədəniyyət və mənəviyyatı qorunmuş və inkişaf etmişdir. Ümummilli lider sovet hakimiyyəti dövründə respublikamızı bütün sahələrdə keçmiş SSRİ məkanında öncül yerlərdən birinə yüksəltmiş, sosial-iqtisadi və mədəni sahələr üzrə həyata keçirilən tədbirlər və uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır.
Azərbaycanın müasir tarixinin 45 ildən artıq bir dövrü Ümummilli lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlara imzasını atan Heydər Əliyev fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə həmişə cəsarətlə addımlayaraq müasir dövlətçiliyimizin banisi və qurucusu olaraq ulu öndər kimi yüksək zirvəyə ucalmışdır.
Ulu öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.
1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi.
Ulu öndər özünəməxsus fəhm və məntiqlə elə həmin dövrdə Azərbaycanın gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdu. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən - Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır. 1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxt Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Ulu öndər Heydər Əliyev Bakıda tarixi ənənələri qoruyub saxlamaqla yanaşı, onun ərazisində dövrün tələblərinə cavab verən yeni çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılırdı.
- Sovetlər hakimiyyəti dövründə də respublikamızda aqrar sahənin inkişafı istiqamətində sistemli işlər həyata keçirilmişdi. Bu işlər nə kimi uğurlarla muşayiət olundu?
- 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Sov.İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul etdi. Bu qərarı qəbul etdirmək həmin zaman üçün, təbii ki çox nadir hadisə idi. Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd əməkçiləri 1971-1975-ci illərdə məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazandılar. Kənd təsərrüfatının orta illik ümumi məhsul istehsalının dəyəri 1971-75-ci illərdə 1,4 milyard manata çatdı ki, bu da 1966-1970-ci illərdə olan müvafiq göstəricidən 34 faiz çox idi. Bütün kənd təsərrüfatı məhsulları istehsalı üzrə nəticələr nəzərdə tutulduğundan xeyli artıq oldu. 5 il ərzində taxıl və tütün istehsalı hətta gələcək 2 ilin əvəzinə, pambıq və meyvə istehsalı gələcək 1 ilin əvəzinə də yerinə yetirildi. 1975-ci ildə kənd təsərrüfatında ümumi məhsul istehsalı 1969-cu ildəki 999 milyon manatlıq əvəzinə 1 milyard 572 milyon manatlıq oldu, başqa sözlə, 57 faiz artdı.
1976-80-ci illərin yekunları göstərir ki, böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın kənd təsərrüfatı yeni, daha yüksək pilləyə qalxmışdır. 5 il üçün nəzərdə tutulan istehsal 1978-ci ildə vaxtından 2 il əvvəl yerinə yetirilmişdir. 1980-81-ci illərdə respublikamızda istehsal olunan kənd təsərrüfatı üzrə ümumi məhsulun dəyəri 2,4 milyard manatdan çox olmuşdur ki, bu da o zaman üçün olduqca böyük göstərici idi. Təsadüfi deyil ki, kənd təsərrüfatının inkişaf sürətinə görə o dövrlərdə Azərbaycan keçmiş sovet respublikaları arasında birincilər sırasına çıxmışdır. Əgər 1966-70-ci illərdə respublikamızın payına Sovet İttifaqı üzrə kənd təsərrüfatının ümumi məhsulunun 1 faizi düşürdüsə, 1976-80-ci illərdə bu, 1,5 faiz təşkil etmişdir. İlk baxışdan az görünən bu artımın arxasında 1970-80-ci illərdə kənd təsərrüfatının ümumi məhsulunun təxminən 2 dəfə çoxalması dururdu. Hesablamalardan aydın görünür ki, Sovet İttifaqı üzrə 1976-79-cu illərdə 1966-70-ci illərə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalının orta illik artımı 23,8 milyard manat olmuşdur ki, bunun da 3,8 faizi respublikamızın payına düşmüşdür. 1980-ci ilin yekunları göstərdi ki, ölkə üzrə kənd təsərrüfatının ümumi məhsulunun mütləq artımında respublikamızın rolu daha da yüksəlmişdir.
Əkinçilik məhsullarının belə sürətli artımı həlledici dərəcədə məhsuldarlığın yüksəlməsi ilə bağlı olmuşdur. 5 il ərzində taxılın məhsuldarlığı 48, pambığın məhsuldarlığı 29, üzümün məhsuldarlığı 51, tərəvəzin məhsuldarlığı 37, meyvənin məhsuldarlığı 45 faiz artmışdır.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" 1975-ci il 9 iyul tarixli, həmçinin Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, habelə irriqasiya-meliorasiya obyektlərinin layihələşdirilməsi və tikilməsi tədbirləri haqqında qərarlar qəbul edilmişdir. Bu qərarların 1970-80-ci illərdə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyəti olmuşdur. Həmin illərdə respublikanın iqtisadi və sosial sahələrinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində respublikada irriqasiya-meliorasiya işləri, eləcə də üzümçülükdə çox böyük uğurlar əldə edilmişdir. 1969-80-ci illərdə üzümçülüyün ərazi strukturu xeyli dəyişdirilmiş, yeni üzümçülük rayonları yaradılmışdır. Xüsusən dağ rayonlarında üzümçülük inkişaf etdirilmişdir ki, bu da onların iqtisadiyyatının möhkəmləndirilməsinə, mövcud əmək ehtiyatlarından daha səmərəli istifadə olunmasına müsbət təsir göstərmişdir.
Daha bir neçə fakta diqqət yetirək: 1969-cu ildə Azərbaycanda 299 min ton pambıq istehsal olunmuşdur. 1982-ci ildə isə pambıq istehsalı təqribən 1 milyon tona çatdırılmışdır. Bundan əlavə, 1980-ci ildə respublikamızda üzüm istehsalı 1,4 milyon ton olmuşdur ki, bu da Azərbaycan üçün rekord göstərici idi. Yığılan üzümün keyfiyyəti də xeyli yaxşılaşdırılmış, şəkərliyi 1979-cu ilə nisbətən 17 faiz qalxmışdır. Üzümlüklərin məhsuldarlığı orta hesabla 91 sentnerə çatdırılmışdır ki, bu da 1975-ci ildəkindən 26 sentner çox idi.
Üzümçülüyün intensiv inkişafı əlbəttə ki, həm şərabçılıq sənayesinin, həm də Azərbaycan kəndinin sosial iqtisadi inkişafına təkan vermişdir. Həmin illərdə şərabçılıq sənayesinin istehsal həcmi 6 dəfədən çox artmış və respublikadakı bütün sənaye istehsalı həcminin altıda bir hissəsini təşkil etmişdir. Şərabçılıq sənayesi müəssisələrinin gücü 1969-cu ildə 106 min ton idisə, 1982-ci ildə 1 milyon 80 min tona çatmış və ya 10,2 dəfə artmışdır.
Ümumiyyətlə, 1976-80-ci illərdə dövlətə 5 milyon tona yaxın üzüm satılmışdır. Keçmiş postsovet məkanında Azərbaycanda istehsal olunan üzümün miqdarı Moldovanın, Şimali Qafqazın, Ermənistanın, Gürcüstanın, Orta Asiya respublikalarının və Ukraynanın birgə istehsal etdikləri üzümün ümumi həcmindən cox idi. Təsadüfi deyil ki, iqtisadi göstəricilərinə görə Azərbaycan məhz bu illərdə ardıcıl olaraq 13 dəfə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin keçici Qırmızı Bayrağı ilə təltif edilmişdir.
Ulu öndər totalitar rejimin məngənəsində sıxılan respublikamızda torpağın sahibinə qaytarılma yollarını özünəməxsus tərzdə düşünüb Kremlin siyasətindən, qadağalar çərçivəsindən kənara çıxmaqla bu imperiyanın verdiyi cüzi imkanlardan həssaslıqla istifadə edərək torpaqdan əldə edilən gəlirlərin əsas hissəsini kənd adamlarına qaytarılmasına nail olmağa çalışırdı.
Keçmiş ittifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də ümummilli lider mənsub olduğu xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosial-iqtisadi inkişafı naminə hər cür fədakarlıq göstərmiş, buradakı quruculuq işlərinin davam etməsinə hərtərəfli dəstək vermişdir.
Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi.
- Qərib müəllim, ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra torpaq islahatları həyata keçirildi ki, bu islahatlar da Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sizcə, torpaq islahatları öz başlanğıcını hardan götürdü?
- 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan məhv olmaq təhlükəsi qarşısında qalanda yenidən böyük siyasətə qayıdan Heydər Əliyev fenomenal istedadını, zəngin dövlətçilik təcrübəsini Tanrının və tarixin xalqımıza bəxşişi olan kövrək istiqlalımızın qorunmasına və möhkəmlənməsinə yönəltdi.
İttifaq rəhbərliyindən istefa verdikdən sonra Naxçıvana qayıtmış Heydər Əliyev xalqının bu ağır günündə onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi. Belə bir vaxtda 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın Ali qanunvericilik orqanında Onun təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı. Elə o vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı. Sərhəd məftillərinin söküldüyü gün – dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Qonşu Türkiyə və İranla münasibətlər normallaşdırıldı, əlaqələr genişləndirildi, Sədərəkdə "Ümid körpüsü" adlı həyati əhəmiyyətli körpü salındı. İranla sərhəddə keçid və ticarət məntəqələri yaradıldı.
Torpaq islahatının təməlinidə Ulu öndər məhz Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyulmuşdu. Torpaq-vətəndaş münasibətlərində həyata keçirilən tarixi və inqilabi hadisənin birinci mərhələsinin yekunlarını Ulu öndər olduqca yüksək qiymətləndirərək demişdir: "Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır".
Həmin dövr respublikamızda rəhbərlik naşı AXC-Müsavat cütlüyünün əlinə keçdiyindən qəbul edilən siyasi qərarlar kağız parçası xarakteri daşıyırdı. O illər Azərbaycan nəinki öz təbii sərvətlərinin sahibi oldu, əksinə, bu sərvətlər sapı özümüzdən olan baltaların köməyi ilə sərhədlərimizdən kənara daşınırdı. Özbaşınalıq, rəhbərsizlik, demokratiya pərdəsi altında aparılan işlər, xüsusən də erməni şovinistlərinin torpaq iddiası nəticəsində başlanmış müharibə Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Xarici dövlətlərin kəşfiyyat idarələri daxildəki hərc-mərclikdən istifadə etməyə çalışırdı. Azərbaycanda süni şəkildə etnik-milli qarşıdurma yaratmaq istəyənlər şimalda "Sadval" hərəkatının, cənubda qanunsuz "Talış-Muğan Respublikası" elan etmiş Əlikram Hümbətovun həyata keçirmək istədikləri separatçı hərəkatı, torpaqlarımızın 20 faizinin işğal olunması, faktiki olaraq ölkə daxilində vətəndaş müharibəsinin (Gəncə qiyamı) yaranması və başqa bu kimi qanunsuz əməlləri böyük uzaqgörənliklə təhlil edib müdrik qərarlar qəbul edən Ulu öndər təkcə xalqı və respublikamızı ölüm-dirim mübarizəsindən xilas etmədi, həm də Azərbaycan xalqının mənliyini, varlığını özünə qaytara bildi.
"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" - söyləyən Ulu öndər ölkədə sabitliyi yaratmağa müvəffəq oldu. Atəşkəs imzalandı, ölkədə baş alıb gedən anarxiyaya son qoyuldu. Məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda dünya təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq bütün parametrləri nəzərə alaraq yeni layihələr və dövlət proqramları hazırlanmasına başlanıldı. Ölkəmizdə yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşdı. Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi dövlət quruculuğu sahəsində islahatlar genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: "Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk".
Bəli, aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyil. Bu, cox ciddi, həssas bir prosesdir. Nə qədər ki Azərbaycanda müxtəlif mülkiyyət formaları (dövlət, bələdiyyə, xüsusi) mövcuddur, bu proses davam etməlidir. Ulu öndər böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı aparılacaq torpaq islahatlarının nəticələrindən asılı olacaq.
Beləliklə, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və həmin proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı.
Qeyd edim ki, tarixin heç bir dönəmində Azərbaycanda torpaq kəndlinin mülkiyyətində olmamışdır. Feodalizm dövründə feodalların, ərəb işğalı dövründə məscidlərin, yerli mülkədarların və ərəb hərbi qarnizonlarının rəisləri kimi iqtidar sahiblərinin, sonra yenə yerli xanların və bəylərin, rus işğalı dövründə ayrı-ayrı xanların və sahibkarların və s. 1918-20-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyəti Torpaq islahatları aparmaq istəsə də buna imkan tapmamış, SSRİ dövründə isə torpaq kolxoz və sovxozlara verilmişdir. Torpağın kəndliyə verilməsi ilə bağlı siyasi şərait yalnız Azərbaycan Respublikası XX əsrdə 2-ci dəfə müstəqillik əldə etdikdən sonra yaranmışdır.
- Necə hesab edirsiniz, "Heydər Əliyevin torpaq islahatları" modelinin tariximizdəki rolu nədən ibarətdir? Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər qazanmasına səbəb olan bu islahatların digər dövlətlərdə həyata keçirilən analoji islahatlardan fərqləndirən prinsiplər nədir?
- Bu gün Ulu öndərin ölkəmizə bəxş etdiyi aqrar torpaq islahatları həm vətəndaşların, həm də respublikamızın iqtisadi, siyasi həyatında təkzib olunmaz nailiyyətlərə yol açdı ki, məhz bu səbəbdən ölkəmizin siyasi iqtisadi tarixində "Heydər Əliyevin torpaq islahatları" modeli qızıl hərflərlə öz əksini tapdı. Aqrar-torpaq islahatı ulu öndərin şah əsəridir. Çünki məhz müstəqillik qazandıqdan sonra torpaq öz sahibinə verildi və bununla da Azərbaycanda vətəndaşlar torpaq mülkiyyətçisinə çevrildilər.
Qəbul edilmiş 52-dən çox fərman, qanun və digər hüquqi normativ aktlar Azərbaycanda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı və Heydər Əliyevin Naxçıvan MR-ə rəhbərlik etdiyi dövrdə bünövrəsini qoyduğu torpaq islahatları bütün ölkəyə tətbiq edilməyə başlandı. "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsinə start verildi. Nəticədə respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinə yararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi. Həmçinin torpaq islahatları nəticəsində torpaq üzərində 3 mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 milyon 641 min 506 hektar torpaq sahəsindən 4 milyon 913 min 639 hektarı, başqa sözlə, 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı, 2 milyon 032 min 744 hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə verildi, 1 milyon 695 min 123 hektarı (19,6 faizi) isə xüsusi mülkiyyətə ayrıldı.
Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər qazanmasına səbəb olan bu islahatlar digər dövlətlərdə həyata keçirilən analoji islahatlardan Heydər Əliyevin müəyyənləşdirdiyi 4 mühüm prinsip fərqləndirirdi.
Birincisi, Azərbaycanda torpaqlar məhz Ümummilli liderin təşəbbüsü ilə vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. Nəticədə 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi. Bu isə yeni, güclü mülkiyyətçilər sinfi yaratmaqla yeni torpaq əkinçi münasibətləri formalaşdıraraq torpaqdan səmərəli və məhsuldar istifadəetməni şərtləndirdi, torpağa qayğı və doğma münasibəti zəruri etdi.
İkincisi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının digər ölkələrindən fərqli olaraq Azərbaycanda vətəndaşa yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları verildi. Eyni zamanda, Azərbaycanın fiziki və hüquqi şəxslərinə mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verildi ki, bu da ölkəmizdə torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.
Üçüncüsü, respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi, eyni zamanda Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququ əldə etdi. Başqa sözlə, torpaq əmlakçısına çevrilmiş 3 milyon 5 yüz min nəfər subyektdən başqa respublika əhalisinin yerdə qalan hissəsi də torpaq-vətəndaş münasibətlərindən kənarlaşdırılmadı. Yəni hər bir Azərbaycan vətəndaşı respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı olma hüququ qazandı.
Dördüncüsü, məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Azərbaycan vətəndaşı olmayan fiziki və hüquqi şəxslərə torpağa mülkiyyətçilik hüququ verilmədi ki, bu da nəinki mühüm iqtisadi, həmçinin ciddi siyasi əhəmiyyət daşıyırdı.
Məhz ölkənin aqrar-iqtisadi siyasətinin müəllifi Heydər Əliyevin sosial ədalətə söykənən bu prinsipləri əsasında formalaşdırılan və 1993-2003-cü illərdə onun 52-dən artıq fərman və sərəncamları ilə qanuniləşdirilən, düzgün icra mexanizmləri ilə həyata keçirilən aqrar siyasətin nəticəsi Azərbaycanda aqrar sahənin gündən-günə inkişafına səbəb oldu.
Qeyd etmək lazımdır ki, qəbul edilən kifayət qədər mükəmməl qanunlar sayəsində bu gün dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən torpaqlar da son nəticədə Azərbaycan vətəndaşlarının rifahı üçün istifadə edilir. Belə ki, bələdiyyə mülkiyyətinə verilən torpaqlar alqı-satqı, istifadə, icarə və s. qaydalarda, dövlət mülkiyyətində olan torpaqlar da yenə icarə və istifadə qaydasında əhalinin xidmətinə verilir. Nəticə etibarı ilə bütün qanunlar ölkədə aqrar sahənin inkişafına hüquqi əsas yaratmaqla xalqın maddi rifahının yaxşılaşdırılmasına zəmin yaradır.
Torpaq islahatları həmişə inkişafda olan dinamik bir prosesdir ki, bu da digər proseslərlə kompleks şəkildə həyata keçirilir. İslahatların birinci mərhələsi kimi torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı, ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən bu işlərin nizama salınmasının hüquqi əsaslarını tənzimləyən "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" 12 mart 1999-cu ildə Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq, "Torpaq-kadastr sənədlərinin aparılması qaydaları", eləcə də "Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında", "Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında", "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında" əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli qərarı ilə təsdiq edilmişdir. Bunlardan əlavə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.
Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, əsasən də keçid dövründə sosial-iqtisadi inkişafa mane olan hallara qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, cinayətkarlığa, o cümlədən korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına yönəldilən əməli tədbirlər gücləndirilmişdir. Ümummilli liderin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" 1994-cü il 9 avqust, "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il 17 iyun, "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli fərmanları, eləcə də "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" 1998-ci il 27 yanvar tarixli sərəncamı cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab etmiş, onun daha da məqsədyönlü aparılmasına şərait yaratmışdır. Ulu öndərin 28 noyabr 2000-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında" Əsasnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti işinin komitəmizin müfəttişləri tərəfindən həyata keçirilməsi də torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılması işlərində öz növbəsində şəffaflığı təmin etmiş, torpaq sahəsinin ayrılması zamanı korrupsiyaya gətirib çıxara bilən halların qarşısı alınmışdır. Bunun nəticəsi olaraq 1996-cı ildə ümumi daxili məhsul istehsalı 1,3 faiz artmış, 1997-ci ildə həmin rəqəm 5,8, 1998-ci ildə isə 10 faiz təşkil etmişdir. Məqsədyönlü şəkildə həyata keçirilən səmərəli tədbirlər nəticəsində ölkədə ümumi daxili məhsul 2002-ci ildə 21,2 faiz artmışdır ki, onun da 59,8 faizi istehsal, 32,4 faizi xidmət sahələrində olmuşdur.
Ümumiyyətlə, Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə hər zaman maraq göstərilmiş və bu prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində "Heydər Əliyevin torpaq islahatı" məktəbi yaradılmışdır. Hazırda bu məktəbdə mütəmadi olaraq mütəxəssislərin bilik səviyyəsinin artırılması istiqamətində treninqlər və seminar-məşğələlər davam edir.
Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq olunacaq. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza işıq salaraq bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcək.
- Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və mahiyyət etibarilə yeni mərhələyə qədəm qoymuşdur. Sizcə, hazirki islahatlar həyata keçirilən dövlət proqramlarında özünün əksini hansı səviyyədə tapır? Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bu proqramların icrasında iştirakı haqqında nə deyə bilərsiniz?
- Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev də Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu öndər tərəfindən fundamental formada bünövrəsi qoyulan regionların və aqrar sektorun inkişafına xüsusi diqqət yetirir. Prezidentin bu sahələrə diqqəti dövlət proqramlarında öz əksini tapır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2003-2013-cü illər ərzində imzalanmış Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin iştirak etdiyi bir neçə dövlət proqramlarına nəzər salaq:
1. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)"
2. "Azərbaycan Respublikasında yay və qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmasının qarşısının alınmasına dair Dövlət Proqramı"
3. "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı"
4. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"
5. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
6. "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair 2008-2015-ci illər"
7. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı"
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)"nın tədbirlər planına müvafiq olaraq, 956156 hektar torpaq sahəsində, o cümlədən 594964 hektar bələdiyyənin kəndətrafı örüş sahəsində və xüsusi mülkiyyətə verilmiş torpaq sahələrində, dövlət mülkiyyətində olan 301865 hektar qış otlağı və 42877 hektar yay otlağı torpaqlarında və 16450 hektar xüsusi qorunan təbiət əraziləri torpaqlarında tədqiqat işləri aparılmışdır.
"Azərbaycan Respublikasında yay və qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmasının qarşısının alınmasına dair Dövlət Proqramı"nın tədbirlər planına müvafiq olaraq, 1174574 hektar təbii yem sahələrinin (yay və qış otlaqları, kiçik fermerlərin istifadəsindəki otlaqlar) yaxşılaşdırılmasına dair layihə-axtarış işləri həyata keçirilmişdir.
"Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın tədbirlər planına əsasən, 36306 hektar turizmin inkişafı və istirahət məqsədləri üçün yararlı hesab olunan ərazilər müəyyənləşdirilmiş və xəritələşdirilmişdir. Bununla yanaşı, həmin dövlət proqramı çərçivəsində turizm məlumatlarını əks etdirən turist atlasları hazırlanmışdır.
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın tədbirlər planının icrası çərçivəsində məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə qəsəbələrin salınması, həyətyanı və kənd təsərrüfatı ilə məşğul olmaq üçün indiyədək Bərdə, Ağcabədi, İmişli, Saatlı, Sabirabad, Goranboy, Ağdam, Yevlax, Beyləqan, Füzuli, Qəbələ, Abşeron, Göygöl, Şabran, Hacıqabul, Şəki, İsmayıllı, Ucar, Xaçmaz, Balakən, Qobustan, Zaqatala, Oğuz, Ağdaş, Kürdəmir, Tərtər, Cəlilabad, Samux, Qax, Salyan, Daşkəsən, Masallı rayonlarının və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərinin ərazilərindən 10763,41 hektar (bundan 10 min 213,1 hektarı dövlət mülkiyyətinə aid və 50,31 hektarı isə bələdiyyə mülkiyyətinə aid) torpaq sahələrinin yerquruluşu qaydasında ilkin torpaqayırma işlərinin aparılaraq sənədləşdirilməsi və naturada sahələrin təhkim edilməsi komitə tərəfindən aidiyyəti orqanlarla birlikdə təmin edilmişdir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın tədbirlər planına uyğun olaraq torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə, torpaqların bonitirovkasının elektron formatda işlənib xəritələşdirilməsi üzrə 27 rayon və şəhərdə 619 min 200 hektar sahədə, torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənib xəritələşdirilməsi üzrə 28 rayonda 421 obyektdə işlər yerinə yetirilmişdir. 4.2.8 yarımbəndinə uyğun olaraq isə Hövsan və Binə qəsəbələrində 7 min 700 həyətyanı sahələrin özəlləşdirilməsi üçün kompleks yerquruluşu işləri aparılmışdır.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 5.1.1 yarımbəndinə uyğun olaraq 13 rayonun ərazisində 156 min 320 hektar sahədə suvarılan torpaqların inventarlaşdırılması işləri, 8 rayonun 197 inzibati ərazi dairəsində 264 min 700 hektar sahədə torpaqların bonitirovkası işləri, 14 rayonun 165 inzibati ərazi dairəsində 484 min 400 hektar sahədə isə torpaqların iqtisadi qiymətləndirilməsi işlərinin yerinə yetirilməsi, 5.1.3 yarımbəndinə uyğun olaraq 5 rayonda 421 min 553 hektar sahədə torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyənləşdirilməsi işlərinin aparılması və torpaq xəritələrinin tərtib edilməsi, 5.1.4 yarımbəndinə uyğun olaraq 9 rayonda 38 min 746 hektar sahədə kənd təsərrüfatına yararlı xüsusi mülkiyyətdə olan torpaqların istifadə vəziyyətinin müəyyən edilməsi üçün inventarlaşdırma və xəritələşdirmə işlərinin aparılması, 5.1.5 yarımbəndinə uyğun olaraq Qaradağ rayonunda 186 hektar sahədə antropogen çirklənmiş və pozulmuş torpaqlarda topoqrafik planalma işlərinin aparılması, 5.1.6 yarımbəndinə uyğun olaraq 10 rayonda 491 min 221 hektar sahədə qış otlağı və bələdiyyə torpaqlarının münbitlik göstəricilərinin müəyyən edilməsi məqsədilə irimiqyaslı torpaq tədqiqatının və xəritələşdirmə işlərinin aparılması, 5.1.8 yarımbəndinə uyğun olaraq isə 16 rayonda 54 inzibati ərazi dairəsi üzrə elektron torpaq-kadastr xəritələrinin tərtibi üçün planalma işlərinin aparılması işləri həyata keçirilmişdir.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın Tədbirlər Planının 1.6.16 yarımbəndinə uyğun olaraq 12 rayonda 231 min 392 hektar sahədə qış otlağı və kəndətrafı örüş sahələrində irimiqyaslı geobotaniki tədqiqat və xəritələşdirmə işləri həyata keçirilmişdir. Həmin Tədbirlər Planının 3.3.3.1 və 3.3.3.2 yarımbəndlərinə uyğun olaraq görülən işlər "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın Tədbirlər Planının müvafiq yarımbəndlərində göstərilən işlərdən ibarətdir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət sahəsi uzunmüddətli proqnozlaşdırılmış və iqtisadi cəhətdən əsaslandırılmış strategiya olmadan mümkün deyil. Yuxarıda qeyd etdiyimiz və son illər ərzində ölkəmizdə uğurla həyata keçirilən islahatlara kompleks şəkildə baxsaq, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strategiyanın əsas mahiyyətini dərk etmək olar: bu, MDB-də aparılmış ən uğurlu torpaq islahatından torpaq inzibatçılığına və məkan məlumatlarının müasir səviyyədə idarəolunmasına keçidin təmin edilməsidir. Torpaq inzibatçılığı ilə bağlı qeyd etmək lazımdır ki, torpaq islahatını onun məqsədi baxımından qısa zaman kəsiyində aparılmış və yekunlaşmış bir tədbir kimi nəzərdən keçirmək mümkün deyil. Torpaq islahatına mürəkkəb fazaları olan çoxmərhələli, ölkənin dayanıqlı iqtisadi inkişafını və ərzaq təhlükəsizliyini təmin edəcək, müasir standartlara və beynəlxalq təcrübəyə əsaslanan torpaq inzibatçılığı sisteminin yaradılmasından keçən dialektik bir proses kimi yanaşmaq lazımdır. Torpaq konsepsiyalarının təkamülünün dəstəklənməsi, hər bir milli yanaşmada nəzərə alınmalı olan torpaq idarəçiliyi paradiqmalarının, hər bir sistemdə mövcud ümumi proseslərin, vasitə və tətbiq seçimləri təklif edən yanaşmanın, torpaq inzibatçılığının dayanıqlı inkişafın dəstəklənməsində rolunun müəyyənləşdirilməsi zərurətinin qavranılması vasitəsilə bu strategiyanın həyata keçirilməsi davam etdirilməlidir. Son 10 ildə istər aqrar-torpaq münasibətləri, istər regionların sosial-iqtisadi inkişafı, istərsə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən islahatların külliyyatı bu strategiyanın dəstəklənməsi üçün olduqca əlverişli mühit formalaşdırmışdır.
Son 10 ildə cənab İlham Əliyevin həyata keçirdiyi islahatların ən böyük özəlliklərindən biri də onların ciddi elmi bazaya söykənməsi və müvafiq sahələrdə elmi tədqiqatların inkişaf etdirilməsidir. Prezidentin "Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə" 3 may 2011-ci il tarixli sərəncamı da mövcud problemlərin elmi əsaslarla həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsini zəruri etmiş və bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasında aqrar bölmənin yaradılması vacib hesab olunmuşdur. Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi barədəki həmin sərəncam Prezidentin tamamilə elmi əsaslara söykənən müasir aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğısından irəli gəlmişdir.
Dövlət başçısının 17 yanvar 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli qərarı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsi yaradılmışdır. Bölməyə daxil olmayan 16 aqrar tədqiqat və təhsil müəssisəsində aparılan elmi-tədqiqat fəaliyyətlərinin də koordinasiyası Aqrar Elmlər Bölməsinə tapşırılmışdır.
"Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə" Prezidentin adıçəkilən sərəncamının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi məsələləri üzrə yaradılmış komissiya müvafiq təkliflər hazırlamış və ölkə rəhbərliyinə təqdim olunmuşdur.
Nəzərə almaq lazımdır ki, müasir torpaq inzibatçılığı sistemi torpaq mülkiyyətçiliyinin müəyyənləşdirilməsi ilə yanaşı, torpaqların qiymətləndirilməsi, torpaqlardan istifadə və onların mühafizəsi kimi funksiyaları da əhatə etməlidir. Beləliklə, qarşıda duran vəzifələr 2003-2013-cü illərdə Prezident İlham Əliyev tərəfindən aparılmış uğurlu islahatlarla müəyyənləşdirilmiş torpaq islahatından torpaq inzibatçılığına keçid strateji inkişaf vektoru ilə təyin olunmuşdur.
Ölkə Prezidentinin "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə" 2004-cü il 3 sentyabr və "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 2007-ci il 28 iyul tarixli sərəncamlarına müvafiq olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tədbirlər planları təsdiq olunmuş və zəruri təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə ki, birinci proqramda nəzərdə tutulan digər tədbirlərlə yanaşı, torpaq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsi digər orqanlarla yanaşı, komitənin üzərinə qoyulan funksiyalardan biri idi. Bələdiyyələr tərəfindən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılmasında şəffaflığın yaradılması və nəticədə torpaqdan istifadə üçün ədalətli və bərabər hüquqi imkanların təmin edilməsi üçün bələdiyyələrin fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə torpaqların bilavasitə ayrılmasını tənzimləyən Azərbaycan Respublikasının torpaq qanunvericiliyində zəruri dəyişikliklər edilməklə bələdiyyə torpaqlarının yalnız hərrac və ya müsabiqə vasitəsilə ayrılması barədə komitənin qaldırdığı məsələyə müvafiq dövlət qurumlarında baxılmış və nəticədə həmin mərkəzi icra hakimiyyəti orqanlarının rəyləri də nəzərə alınmaqla Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli qanunu ilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən bələdiyyələrin qərarı ilə torpaqların bilavasitə ayrılması məsələsi çıxarılmışdır.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Açıq Hökumətin əşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında 5 sentyabr 2012-ci il tarixli sərəncamında nəzərdə tutulmuş tədbirlərin icrasını daha yüksək səviyyədə təmin etmək üçün komitənin tabeliyində olan qurumların müstəqil internet informasiya ehtiyatları yaradılmışdır. Eyni zamanda, dövlət başçısının "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 5 sentyabr 2012-ci il tarixli fərmanının icrasının təmin edilməsi məqsədilə bütün "ASAN xidmət" mərkəzlərində (o cümlədən, səyyar xidmətlərdə də) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin fəaliyyəti təmin olunmuşdur.
- Qərib müəllim, məlum olduğu kimi respublikada iri taxılçılıq təsərrüfatları yaradılır. Bunun üçün torpaq sahələrinin seçilərək xəritələşdirilməsi işlərı haqqında fikirlərinizi bilmək istərdik...
- Prezident İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatının yerli istehsal hesabına tam şəkildə tənzimlənməsi məqsədilə xüsusi tapşırığı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məsul işçilərinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə massiv şəklində torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilmişdir.
Bu məqsədlə 20 rayonun (Sabirabad, Saatlı, İmişli, Beyləqan, Şəki, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Kürdəmir, Tovuz, Şəmkir, Samux, Ağstafa, Tərtər, Yevlax, Goranboy, Ağcabədi və Zərdab) inzibati ərazilərində dövlət mülkiyyətinə aid olan qış otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də dövlət müəssisələrinə və bələdiyyə mülkiyyətinə aid torpaqlara yerində (naturada) baxış keçirilərək əkin dövriyyəsinə daxil edilməsi mümkün olan massiv sahələr seçilmişdir. Seçilən torpaq sahələrinin əkinəyararlı vəziyyətə gətirilərək gələcəkdə əkin dövriyyəsinə daxil edilməsi üçün həmin torpaqların keyfiyyət göstəriciləri, habelə su mənbələri və s. vacib amillər nəzərə alınmışdır. Aparılan tədqiqat-axtarış işləri nəticəsində həmin rayonların ərazilərindən 203129, o cümlədən dövlət fondu qış otlaqlarından 127609, dövlət ehtiyat fondundan 58186, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin torpaqlarından 4500 və bələdiyyə mülkiyyətinə aid torpaqlardan 12834 hektar torpaq sahələri seçilmişdir.
Bundan əlavə, "Buğda əkini üçün nəzərdə tutulmuş torpaqların yararlılığının müəyyən edilməsi məqsədilə bu ərazilərdə irimiqyaslı torpaq tədqiqatlarının aparılması və xəritələşdirilməsi" işlərinin yerinə yetirilməsi məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin və "Azdövsulayihə" İnstitutunun nümayəndələrinin iştirakı ilə birinci növbədə əkin dövriyyəsinə daxil ediləcək (mövcud meliorativ layihələrə əsasən) yerlərə baxış keçirilmiş və bu layihələrin əhatə edəcəyi konkret ərazilər müəyyənləşdirilmişdir.
Protokola əsasən birinci növbədə taxılçılıq təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulmuş və meliorativ layihələri hazırda mövcud olan 57 min hektar ərazidə çöl-tədqiqat işləri başa çatdırılmış, Ağcabədi, Beyləqan, Saatlı, Salyan, Sabirabad, Qax və Şəki rayonları üzrə hazırlanan xəritələr, torpaqlardan müvəqqəti istifadə edən icarəçilərin siyahısı və torpaq tədqiqatının nəticələrinə dair lazımi məlumatlar Nazirlər Kabinetinə təqdim olunmuşdur. Protokola əsasən, ikinci növbədə əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulan ərazilərin isə hazırda meliorasiya və irriqasiya tədbirləri ilə bağlı texniki-iqtisadi əsaslandırma və meliorativ layihələrə uyğun olaraq hüdudları müəyyən edilir. İkinci növbədə əkin dövriyyəsinə daxil ediləcək 162,5 min hektar ərazidə irimiqyaslı tədqiqat və xəritələşdirmə işləri mərhələlərlə başa çatdırılaraq Nazirlər Kabinetinə təqdim olunur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş torpaqların əkinəyararlılığı barədə məlumatlara uyğun olaraq, bu ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirildikdən sonra iri taxılçılıq təsərrüfatlarının yaradılması işlərinə başlanılacaq.
Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli qərarına əsasən, taxılçılıq üzrə özəl pilot təsərrüfatlarının yaradılması məqsədilə 4800 hektar qış otlaq sahələrinin (o cümlədən, Ağcabədi rayonunda 3300, Beyləqan rayonunda 1500 hektar) təyinatı dəyişdirilərək ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2013-cü ilin məhsulu üçün payızlıq buğda səpilmiş və bu sahələrin hər hektarından 55 sentnerdən artıq buğda toxumu məhsulu əldə edilmişdir.
Nazirlər Kabinetinin 2013-cü il 3 aprel tarixli sərəncamına əsasən isə Hacıqabul, Füzuli və Ağcabədi rayonlarında 5625,6 hektar torpaq sahəsi iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün ayrılmışdır. Hazırda həmin ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2014-cü ilin məhsulu üçün payızlıq taxıl əkini nəzərdə tutulur.
Bu illər ərzində həmçinin Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi ərazidə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinə dair torpaqayırma sənədləri tərtib edilərək "Azərsu" ASC-yə təhvil verilmişdir.
Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakət və Araz çayının yeni qolunun açılması ilə bağlı isə Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli sərəncamına müvafiq olaraq Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarının 57 yaşayış məntəqəsində 165 min 985 hektar sahədə torpaqların mülkiyyət formalarının və uqodiyalarının müəyyən edilməsi ilə müasir elektron alətlərlə tam inventarlaşdırma işləri aparılmışdır. Bundan əlavə, su altında qalan kəndlərin köçürülməsi ilə əlaqədar salınacaq yeni yaşayış məntəqələrinin yerinin seçilməsi və torpaqayırma sənədlərinin hazırlanması işləri həyata keçirilmişdir. Habelə Araz çayının yeni subasar ərazisində yerləşən torpaqların İmişli, Biləsuvar, Neftçala, Cəlilabad, Lənkəran (Qızılağac qoruğu) və Masallı rayonlarında 75 min 856 hektar sahədə tam inventarlaşdırma işləri aparılmışdır.
"Azərbaycanın şəhər və rayon mərkəzlərində milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində "Azərsu" Səhmdar Cəmiyyəti ilə bağlanılmış müqavilə əsasında 3 mərhələdə Tovuz, Göygöl, Goranboy, Ağstafa, Qazax, Samux, Şəmkir, Yevlax, Naftalan və Bərdə şəhərlərində, eləcə də sifarişçilərin birbaşa müraciətinə əsasən Gədəbəy, Kürdəmir, İsmayıllı, Ucar, Zərdab, Balakən şəhərlərində mühəndis topoqrafiya və geodeziya axtarış işləri aparılmışdır.
- Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası sahəsində nə kimi işlər görülür?
- Ölkə Prezidentinin "Azərbaycan Respublikası ilə Gürcüstan və Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" 2002-ci il 30 iyul tarixli 965 və 966 nömrəli sərəncamlarının və Nazirlər Kabinetinin "Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının ekspert qrupu haqqında" 2002-ci il 23 oktyabr tarixli sərəncamının icrası məqsədilə bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasındakı dövlət sərhədində və Azərbaycan ilə Rusiya Federasiyası arasındakı dövlət sərhədində delimitasiya məqsədləri üçün müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri, habelə Azərbaycan ilə İran arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri aparılmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təxirəsalınmaz tədbirlərdən biri də ölkəmizin digər dövlətlərlə dövlət sərhədlərinin müəyyən edilməsi olmuşdur. Hələ 1995-ci ildə Azərbaycan Prezidenti ölkəmizin Rusiya Federasiyası və Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı dövlət komissiyalarının yaradılmasına dair müvafiq sərəncamlar imzalamışdır. Həmin dövlət komissiyalarının tapşırıqları əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri həm Rusiya, həm də Gürcüstanla sərhəddə böyük həcmdə geodeziya, kartoqrafiya və yerquruluşu işlərini həyata keçirmişlər. Ölkəmizin və digər dövlətlərin arxivlərində sərhədə aid minlərlə sənədlər, xəritələr, sxemlər, torpaqayırma, yerquruluşu, meşəquruluşu və başqa materiallar öyrənilmiş və müvafiq qərarlar qəbul olunmuşdur. Dövlət sərhədi boyu ərazilər yerində dəqiqləşdirilmiş və kimə məxsus olması müəyyən edilmişdir. Təbii ki, bu mövzuda məsələlərin həlli zamanı mübahisələr də yaranmışdır. Buna baxmayaraq, tərəflər ardıcıllıqla bütün sərhəd xəttini müəyyən etmişlər. Delimitasiya ilə bağlı işlərin kifayət qədər bağlı olması həmin məsələlərin uzun müddət ərzində həll olunmasını bir daha təsdiqləyir.
Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 390 km uzunluqda olan dövlət sərhədi delimitasiya olunmuşdur. 2010-cu ilin sentyabr ayının 3-də hər iki ölkənin prezidentləri tərəfindən sərhəd müqaviləsi imzalanmışdır və sərhəd xəttinin keçməsinin yazılı təsviri təsdiq olunmuşdur. Həmin il sentyabrın 27-də isə Həştərxan şəhərində dövlət sərhədlərinin xəritələr toplusu da təsdiqlənmişdir. Beləliklə, Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin keçməsi hər iki dövlət tərəfindən razılaşdırılmışdır. Hər iki ölkənin parlamentləri də sərhəd haqqında müqaviləni ratifikasiya etmişlər. Yaxın vaxtlarda dövlət sərhədinin nişanlar ilə bərkidilməsi prosesinə başlanacaq.
Azərbaycanla Gürcüstan arasında hələ ki delimitasiya işləri tamamlanmamışdır və ekspertlər tərəfindən mütəmadi görüşlər və sərhəd zolağında müvafiq ölçmə işləri həyata keçirilir. Qeyd edək ki, Azərbaycanın Gürcüstan ilə dövlət sərhədinin uzunluğu 480 km təşkil edir. Bundan 288 km dövlət komissiyaları səviyyəsində razılaşdırılmışdır.
Eyni zamanda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri Azərbaycan Respublikasının İran İslam Respublikası arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının yenidən qurulması) və sahilbərkitmə işlərində fəal iştirak edirlər. Azərbaycan və İran mütəxəssisləri mütəmadi olaraq ikitərəfli görüşlər keçirir və digər işlər aparırlar.
Xəzər dənizinin hüquqi statusunun hazırlanmasında və sektorlara bölünməsi işlərində də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəal iştirak edir. Bildiyiniz kimi, bu günə qədər Xəzər dənizində Azərbaycan, Rusiya və Qazaxıstanın sektorları müəyyən olunmuşdur. Digər ölkələr ilə - İran və Tükmənistanla Xarici İşlər Nazirliyinin təşkil etdiyi ikitərəfli görüşlərdə də mütəxəssislərimiz fəal iştirak edirlər.
- Qərib müəllim, milli mədəniyyətimizin qorunması ilə əlaqədar Dövlət Komitəsi hansı layihələrin icrasında iştirak edir?
- Bildiyiniz kimi Qobustan Dövlət Tarixi Bədii Qoruğu ərazisində Heydər Əliyev Fondu ilə birlikdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bir sıra zəruri tədbirlər görülmüşdür.
Məlumdur ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycanın qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Prezident İlham Əliyev 11 iyun 2007-ci il tarixli sərəncam imzalamışdır. Belə ki, Heydər Əliyev Fondu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək məqsədilə Azərbaycanın qədim irsi olan Qobustanın dünya miqyasında tanıdılması və təbliğ olunmasına kömək etmək məqsədilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun virtual muzeyinin yaradılması və Azərbaycan portalında yerləşdirilməsi nəzərdə tutulur.
- Bakıda nəqliyyatın intellektual idarəolunması layihəsi və Milli Atlasın hazırlanması ilə əlaqədar da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tədbirlər həyata keçirilir…
- Paytaxtda nəqliyyatın intellektual idarəolunması layihəsi üzrə şəhərin 2200 kv. kilometr ərazisində nəqliyyatın intellektual idarəolunması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanmışdır. Bu xəritələrdə 57 növdə 3D formatında məlumatlar həm mətn, həm də qrafiki formada hazırlanaraq aidiyyəti üzrə təhvil verilmişdir. Bu işin əsas sifarişçisi Nəqliyyat Nazirliyidir. İşin əsas hissəsi olan rəqəmsal xəritələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmışdır. Bu xəritələr əsasında Bakı şəhərinin ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqamətləri, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır, eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir.
Ölkə Prezidentinin "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında" 20 aprel 2011-ci il tarixli sərəncamına uyğun olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində atlasın tərtibi və nəşri üçün müvafiq işlər yerinə yetirilir. Azərbaycan Respublikasının Milli Atlası 1000-dən artıq xəritə, diaqram, cədvəl, izahedici mətn və s. məlumatları özündə əks etdirir. Qeyd olunan atlasın hazırlanması və nəşr işləri ilə bağlı orada məlumatları əks olunacaq qurumlardan zəruri məlumatlar toplanmış və bu məlumatlar əsasında xəritələrin tərtibi işləri yekunlaşdırılır.
Müxtəlif kütləvi informasiya vasitələrində, ayrı-ayrı tədbirlərdə Ermənistan tərəfindən coğrafi adlar sahəsində mütəmadi olaraq təxribat xarakterli hərəkətlərə yol verilməsinin, o cümlədən Azərbaycanın coğrafi adlarının əsassız şəkildə dəyişdirilməsinin qarşısını almaq üçün Prezidentin "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşri haqqında" 18 apre