YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Daşkənd: regional əməkdaşlığın yeni modeli

Faqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan-Özbəkistan münasibətlərinin timsalında bunu aydın şəkildə görürük.  İki qardaş ölkə arasında münasibətlərin inkişaf strategiyasının qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Liderin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfəri əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Səfər zamanı ikitərəfli münasibətlərin əsasını təşkil edən bir sıra vacib sənədlər imzalanıb. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə dövlətlərarası əlaqələrin ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevrilib. Strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksələn bu əlaqələrdə Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək siyasi etimad, ardıcıl qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar mühüm rol oynayıb.

Prezident İlham Əliyevin bu günlərdə Özbəkistana dövlət səfəri bu məqamlara işıq saldı. Dövlətimizin başçısı bildirib ki, bu gün biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyinin böyük hörmət bəslədiyi, sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğu Özbəkistandır. Əgər bu təməl, bu potensial olmasaydı, heç bir birgə layihəni həyata keçirmək mümkün olmazdı. Ümumiyyətlə, Şavkat Mirziyoyev Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra əməkdaşlığın coğrafiyası genişlənib.

Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır. Cənab İlham Əliyev qeyd etdi ki, bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir.

Əməkdaşlığın möhkəmləndirilməsində imzalanan sənədlər möhkəm hüquqi baza rolunu oynayır. Bu baxımdan Özbəkistan Prezidentinin səfəri zamanı müxtəlif istiqamətləri əhatə edən sənədlərin imzalanması ölkəmizin, eyni zamanda, Özbəkistanın həyatında mühüm hadisə oldu. Səfər çərçivəsində imzalanan sənədlərdən biri Əbədi dostluq haqqında Müqavilə oldu. Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Onlar həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər.

Cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi də iki ölkənin gələcək münasibətlərinin təqdimatında mühüm rol oynayan çağırışlarla zəngin oldu. Dövlətimizin başçısının müsahibəsində diqqət yönəltdiyi məsələlərdən biri Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələrinin möhkəmlənməsində mədəni diplomatiyanın roludur. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir.

Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır. Tərəflər əlaqərin bütün sahələrdə uğurlu inkişafında maraqlıdır və bunu real addımları ilə təsdiqləyirlər.