YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı inkişaf və strateji koordinasiya

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bu reallıqlar əsaslı şəkildə qeyd edilir. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb: “Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb”.

Prezident İlham Əliyev əlaqələrin inkişafında iqtisadi amilin rolunu önə çəkərək vurğuladı ki, iqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.

Həmçinin energetika sektorunda əməkdaşlığımız fəal şəkildə inkişaf edir. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir. Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb.

Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Hazırda ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib və onlar müxtəlif iqtisadi sektorlarda - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir. Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır.

 Prezident İlham Əliyevin bu günlərdə Özbəkistana dövlət səfəri zamanı bütün bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı, sənədlər imzalandı. Əbədi dostluq haqqında Müqaviə münasibətlərimizin dünəninin, bu gününün və gələcək inkişafının təqdimatı oldu. Belə ki, bu sənəd ilə Azərbaycan–Özbəkistan qardaşlığı yeni və daha möhkəm mərhələyə qədəm qoyaraq, iki xalq arasında əbədi dostluq və sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevriləcəkdir. Müttəfiqlik münasibətlərindən əbədi dostluğa uzanan bu yol, Azərbaycanla Özbəkistan arasında qardaşlığın yalnız bu gününü deyil, gələcək nəsillərini də birləşdirən möhkəm təməl rolunu oynayacaq. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır. Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir.

Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Buraya artıq üçdəbiri layihələrlə təmin olunmuş investisiya fondunu, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu artıq milyardlarla investisiya deməkdir. İnvestisiyalar isə bir qayda olaraq, dost ölkələrə, bizim vəziyyətimizdə qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin olduğu yerlərə yatırılır. Bütün planlar reallaşacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq şəkildə birlikdə çalışacağıq.

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi yeni əməkdaşlıq modelinin formalaşmasında əhəmiyyətli rol oynayır.