YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda Konstitusiya Günü münasibətilə dəyirmi masa təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirin əvvəlində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan Konstitusiyasının yaranma tarixindən, onun dövlətimizin inkişafındakı rolundan və ölkəmizin əldə etdiyi mühüm nailiyyətlərdən danışıb. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən siyasi-hüquqi islahatlardan, demokratik cəmiyyət quruculuğundan bəhs edib. Gündüz Bayramov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilən Konstitusiyamızın qəbulundan keçən 30 il ərzində ölkəmiz müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində mühüm uğurlar qazanıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə aparılan islahatların qanunun aliliyinə əsaslandığını, bu islahatların dövlətin çiçəklənməsinə və xalqın sosial rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. Qanunlara hörmətin, dövlətə sədaqətin və Vətənə məhəbbətin hər bir azərbaycanlının həyat amalına çevrildiyini bildirib.

Daha sonra Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının müavini Kəmalə Xəlilova və Hüquq şöbəsinin məsləhətçisi Rafiq Sadıqov çıxış edərək bildiriblər ki, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Azərbaycan Respublikasının Konstitusiyasını qəbul edib. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olaraq demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulmasına hüquqi əsas yaradıb.

Natiqlər vurğulayıblar ki, dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkədə mövcud olan xaos və parçalanma təhlükəsindən xilas olmaq üçün xalqın çağırışı ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev uzaqgörənlik və qətiyyətlə həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizi inkişaf yoluna çıxarıb, qanunun aliliyini təmin edən və hüquqi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına şərait yaradıb.

Tədbirdə İnstitut qəsəbə tam orta məktəbin müəllimi Dilarə Əsgərova, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Jalə Nəsibova və Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin müəllimi Nüranə Rüstəmova çıxış edərək Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəliklərin vurğulanması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Natiqlər həmçinin vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən konstitusiya-hüquq islahatları nəticəsində ölkəmizin Əsas Qanunu - Azərbaycan Respublikası Konstitusiyası daha da təkmilləşdirilərək insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına geniş imkanlar yaradıb.