Xəbərlər
Biz birləşdik və istədiyimizə nail olduq
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də azadlığına qovuşdu. Dövlətimizin başçısı İlham Əliyevin 4 oktyabr 2020-ci il tarixdə xalqa müraciətində qeyd etdiyi kimi, biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar: “Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir. Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.
Ölkə Prezidenti bu mühüm məqamı da xüsusi vurğuladı ki, bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.
Artıq 6 ildir tarixi Zəfərimizin sevincini, qürurunu yaşayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tariximizə yazdığı Zəfər günlərini bu gün ölkə Prezidentinin Sərəncamı əsasında şəhər günləri kimi qeyd edərək həm sevincimizi bölüşür, həm də tarixi Zəfərimizin əbədiləşdirilməsinə yönələn bu addımın əhəmiyyətini indiki və gələcək nəsillərə çatdırmalıyıq. 4 oktyabr tariximizdə əbədi qalacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub.
Cəbrayılın yol infrastrukturu bərpa olunur. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir. Həmin avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda Sənaye Parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb.
İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən, Cəbrayıl rayonunda əhalinin məşğulluğunun, rahat yaşayışının təmin edilməsi üçün bütün zəruri işlər görülür. Rayonun malik olduğu potensialdan səmərəli istifadə əsas çağırışlar sırasındadır.
Dövlətimizin başçısı İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri davamlıdır. Bu günədək rayona 12 səfər edib. Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri, həmçinin bu torpaqlara qayıdan sakinlərlə görüşlərində daim bu çağırış edilir ki, biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik.
