Xəbərlər
Azad Cəbrayıl yenidən qurulur, abadlaşır
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard dollar məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.
2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olundu. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənubundakı kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratdı. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, minlərlə əsgər və zabit Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri uğurla davam edir. Sakinlərin rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin olunması üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür. Bu mühüm addım Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
