YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı Qələbəmiz – Qürur mənbəyimiz

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli birliyin, ədalətin və dövlət qüdrətinin təntənəsi kimi əlamətdar yer tutur. Prezident İlham Əliyevin “Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər” fikri bu gün təkcə tarixi hadisənin deyil, həm də millətin öz kimliyinə, azadlığına və dövlətçiliyinə olan sarsılmaz inamının ifadəsidir.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb, diplomatiya və milli birliyinin ən parlaq nümunəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu illərlə işğal altında qalmış torpaqları azad etdi, xalqımızın 30 illik həsrətinə son qoydu. Bu Qələbə Azərbaycan dövlətçiliyinin gücünü, xalqın iradəsini və ədalətin bərpasını bütün dünyaya nümayiş etdirdi.

Zəfər, hər şeydən əvvəl, xalqla rəhbərliyin birliyinin nəticəsidir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, diplomatik uzaqgörənliyi və milli həmrəyliyi qorumaq bacarığı 44 günlük müharibəni qələbə ilə sona çatdırdı. “Dəmir yumruq” ideyası bu birliyin, dövlət iradəsinin və ordunun gücünün rəmzinə çevrildi. Azərbaycan xalqı bu Qələbə ilə sübut etdi ki, milli mənafelərin müdafiəsi, torpaq bütövlüyünün bərpası və dövlət suverenliyinin qorunması onun üçün ən ali dəyərdir. 44 günün sonunda imzalanan üçtərəfli Bəyanat isə təkcə hərbi əməliyyatları dayandırmadı, eyni zamanda regionda yeni geosiyasi reallıqlar yaratdı.

Bu reallıqların mətiqi davamı olaraq 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri ölkənin suverenliyinin tam bərpa olunması ilə nəticələndi. Qısa müddətdə separatçı silahlı birləşmələr zərərsizləşdirildi və Qarabağda dövlət suverenliyi tam bərpa olundu. Bu gün artıq Azərbaycan ərazisində hər hansı qeyri-qanuni silahlı birləşmə mövcud deyil. Rusiya sülhməramlı kontingentinin ölkəmizdən çıxması ilə Azərbaycan suverenliyinin tam bərqərar olmasının növbəti mərhələsi başa çatdı. Dövlət sərhədlərinin tam nəzarətə götürülməsi və Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması isə Prezident İlham Əliyevin siyasi və diplomatik səylərinin növbəti nailiyyəti kimi tarixə düşdü.

Zəfər Gününün tarixi əhəmiyyəti təkcə hərbi sahə ilə məhdudlaşmır. Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni şəhərlər salınır, müasir infrastruktur yaradılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr – beynəlxalq hava limanları, avtomobil və dəmir yolları, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyaları – Azərbaycanın gələcəyə baxışının, Zəfərin real nəticələrinin göstəricisidir.

Zəfər həm də milli mənəviyyatın qələbəsidir. Bu gün şəhidlərin ruhu, qazilərin fədakarlığı, xalqın birliyi bu Qələbənin əbədi dayağıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “bu Qələbə xalq, dövlət və ordu birliyinin nəticəsidir.” Məhz bu birlik Azərbaycanın gələcək inkişafının, sülh və sabitliyin təminatçısıdır.

Azərbaycan xalqı bu Qələbə ilə sübut etdi ki, milli iradə, strateji düşüncə və liderlik bir araya gəldikdə heç bir güc onun qarşısında dayana bilməz. Zəfər bir günün deyil, bir əsrin hadisəsidir: o, həm tarix, həm də gələcək üçün örnəkdir. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.” Bu fəxr bu gün Qarabağda tikilən evlərdə, qayıdan insanların sevincində, azad torpaqlarda dalğalanan bayrağımızda yaşayır.