YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir”

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən “8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ağstafa şəhərində yerləşən “Şəhid” Memorial abidə kompleksini ziyarət edib, abidə önünə gül dəstələri düzüb və şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və digərləri qeyd ediblər ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir. Xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu Zəfər dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət daşıyır. “Dünyaya səs salan Zəfərimiz xalqımızın yenilməzliyinin və məğrurluğunun təcəssümüdür. Artıq biz tarixi Zəfərimizin reallıqlarını yaşayırıq işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir”.

Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Sonda 8 Noyabr - Zəfər Gününə həsr edilmiş film nümayiş etdirilib. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.