YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Günü: Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

Azərbaycan xalqının çoxəsirlik tarixi qəhrəmanlıqlar, şücaətlər və mübarizələrlə əhatələnib. Bunlarla yanaşı müxtəlif dövrlərdə ermənilərin qəsbkar planları, xüsusi ilə ərazilərimizə və əhalimizə yönəlmiş təxribatçı addımları dəstəkçilərinin köməyi ilə reallaşmış və nəticədə XX əsrin əvvəllərindən başlayaraq kütləvi soyqırımların, etnik təmizləmələrin reallaşması ilə davam etmiş və bu hadisələr tariximizə faciələrin də yazılmasına səbəb olmuşdur. Əsrin sonunda daha da kəskin hal almış bu proseslər 90-cı illərin əvvəllərində Azərbaycan Respublikasının 20 faiz torpaqlarının işğal olunması, soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsi ilə nəticələnmişdir. Çörəyi dizi üstündə olan mənfur qonşularımız yenicə müstəqillik qazanmış ölkəmizdə baş verən hadisələrdən, hakimiyyət davalarından, vahid rəhbərliyin olmamasından istifadə etməklə məkirli planlarını həyata keçirir, dinc əhaliyə məcburi köçkün həyatı yaşatmaqla yanaşı, tayı bərabəri olmayan Xocalı soyqırımı kimi qətliamlar törədirdilər. Təbii ki, baş verən hadisələr fonunda həm ölkə daxilində sabitliyə, həm də sərhəddə atəşkəsə nail ola biləcək liderə ehtiyac zəruriyyətə çevrilmişdi. Belə bir zamanda xalqının harayına, çağrışına səs verərək, onu məhv olmaq təhlükəsindən qurtarmağı, tənəzzüldə olan gənc respublikanı tərəqqiyə doğru istiqamətləndirmək kimi tarixi missiyanı öz çiyinlərinə götürən Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı zamanın çətin sınağından üzü ağ çıxarmış oldu. Dahi liderin qətiyyətli addımları, biri-birinin ardınca məntiqli siyasi kursu qısa zaman kəsiyində ölkədə inkişaf mühitinin formalaşmasına səbəb oldu. 1994-cü ilin may ayında atəşkəsin, eyni ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan Respublikasının müstəqilliyinin və rifahının özüllərinin möhkəmləndirilməsi ilə yanaşı gələcək inkişaf yoluna işıq saçmış oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən ordu quruculuğu, peşəkar milli kadrların hazırlanması, gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər ölkənin müdafiə qabiliyyətini artırmaqla yanaşı, milli təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadı. Dahi şəxsiyyətin gənclərə xitabən imzaladığı Fərman və Sərəncamlar onlarda vətənə sədaqət, dövlətə bağlılıq, hərbi xidmətə məsuliyyət formalaşdırdı, azərbaycançılıq ideologiyası üzərində qurulmuş möhkəm təməllər isə sonrakı illərdə Azərbaycan Respublikasının müdafiə sisteminin uğurlu inkişafına, ordumuzun zəfər yürüşünə çıxmasına və dövlətçiliyimizin sarsılmaz olmasına zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, Azərbaycan Respublikasını müasir dövrün tələblərinə uyğun yeni inkişaf mərhələsinə ucaldan Prezident cənab İlham Əliyevin biri-birinin ardınca həyata keçirdiyi islahatlar, imzaladığı Sərəncamlarla icra olunan Dövlət Proqramları, davamlı şəkildə reallaşan enerji layihələri və beynəlxalq tərəfdaşlıqlar sayəsində ölkəmizin uğurlu inkişaf modeli formalaşmış oldu. Müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərlə yanaşı müasir, qüdrətli, istənilən təxribata cavab verə biləcək ordunun formalaşmasının prioritet məsələ kimi saxlanılaraq Silahlı Qüvvələrin müasir texnika, silah və sursatla təmin edilməsi, xarici ölkələrdə keçirilən təlimlərdə iştirak üçün göndərilməsi, onların sosial rifah halının gücləndirilməsi ölkəmizin regionda gücünün artmasına, lider dövlətə çevrilməsinə səbəb oldu. Məhz bu tədbirlər nəticəsində müasir döyüş qabiliyyətinə malik olan Azərbaycan ordusu sərhəddə düşmən tərəfindən törədilən istənilən hücuma qarşı operativ və çevik reaksiyası ilə qarşı tərəfin gözündə qorxu yaratmış oldu. 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin hücumuna cavab olaraq ordumuzun əks-hücum əməliyyatı nəticəsində 2000 hektardan çox torpaqlarımızın işğaldan azad edilməsi Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu bütün dünyaya göstərməklə, illər ərzində yaradılan "məğlubedilməz erməni ordusu" termininin əslində bir mif olduğunu nümayiş etdirmiş oldu. Aprel döyüşlərində əldə edilən qələbə möhtəşəm zəfərin başlanğıcı olmaqla Prezident cənab İlham Əliyevin beynəlxalq ictimaiyyət qarşısında çıxışlarında dəfələrlə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsinin nə qədər real olduğunu əyani olaraq sübut etdi. Haqqın, real gücün və üstünlüyün Azərbaycan tərəfində olduğu bir zamanda məğlubiyyəti həzm etməyən, havadarlarının boş-boş vədləri ilə xəyallara qapılan düşmən tərəf sülh yolu ilə torpaqlarımızın qaytarılması təklifini nəzərdən belə keçirmək istəməyərək, ardıcıl şəkildə atəşkəsi pozur, məsələnin uzadılmasına nail olmağa çalışaraq, ərazi iddiaları ilə özü barədə gülünc fikir formalaşdırırdı. Son zamanlar intensiv xarakter alan belə hallar artıq Ermənistana yerini göstərməyi və edilən təxribatların qarşısının birdəfəlik alınmasını zəruri edirdi. Belə bir məqam müasir tariximizə qızıl hərflərlə həkk olunmuş haqq savaşımızın başlandığı gün – 27 sentyabr 2020-ci il tarixdə reallaşmış oldu. Tarixi ədalətin bərpası, düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi və bütöv Azərbaycan naminə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başladılmış Vətən müharibəsi 44 gün ərzində 30 illik həsrəti bitirmiş oldu. Müharibənin ilk günündən son gününədək yorulmadan, yaralı halda düşmənə qan udduran, qarşıya qoyulmuş məqsədlər üçün bütün hədəfləri aşan, qəhrəmanlığı, şücaəti ilə  dünya hərb tarixinə silinməz izlər qoyan rəşadətli Azərbaycan Ordusu ölkəmizin əzəli və əbədi ayrılmaz hissəsi olan Qarabağı və ətraf rayonları işğaldan azad edərək bütövlüyümüzü təmin etmiş oldu. Döyüşlər zamanı uca qayaları, keçilməz yolları böyük hünərlə aşan igidlərimiz bütün dünyaya vətənpərvərliyi, gözünü qırpmadan belə doğma torpaq uğrunda canlarını fəda etdiklərini nümayiş etdirmiş oldular. Vətən müharibəsində əldə olunmuş Zəfər ata vəsiyyətini yerinə yetirən Prezident cənab İlham Əliyevin yüksək səviyyəli liderlik bacarığını və dəmir iradəsini əyani sübut edərək, “nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm.” ifadəsinin real faktlara əsasladığını isbat etdi. Döyüş meydanında qələbə ilə yanaşı informasiya savaşında qalib olan lider dünyanın 100-dən artıq telekanallarına müsahibələrində ölkəmizin qüdrətini, tarixi ədalətin bərpasını, Qarabağın və ətraf rayonların tarixi Azərbaycan torpaqları olduğunu, əks tərəfdən fərqli olaraq Silahlı Qüvvələrimiz tərəfindən aparılan döyüş əməliyyatlarının mülki əhaliyə qarşı deyil, yalnız ermənistan ordusuna qarşı olduğunu, onların neçə illər ərzində yalan və əsası olmayan məlumatlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığını tutarlı əsaslarla sübut etdi. Əsrdə tayı bərabəri olmayan Qarabağ Zəfəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının inkişaf tempini, qüdrətini, xalq-iqtidar birliyini bəyan etməklə bölgədə yeni reallıqların formalaşdığını göstərdi. Vətən müharibəsindən sonra dəfələrlə Azərbaycan Respublikası tərəfindən Ermənistana davamlı sülh barəsində çağırışlar olsa da müxtəlif bəhanələr, əsassız iddialarla prosesdən yayınma halları davam etdirilir, eləcə də biri-birinin ardınca həyata keçirilən təxribatlar və silahlı toqquşmalar bölgənin inkişafına mənfi təsirlərini göstərirdi. Belə olan halda təxribatçı qrupların tamamilə məhv edilərək ərazilərimizin təmizlənməsi məsələsi vacib bir işə çevrilmişdi. 20 sentyabr 2023-cü il tarixdə başlamış və cəmi 23 saat 43 dəqiqə davam etmiş antiterror tədbirləri nəticəsində erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular. Haqq savaşımızda qazandığımız Zəfərin məntiqi yekunu olan antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin edilmiş oldu. Xalqımızın neçə illər ərzində yolunu gözlədiyi vətən torpaqları artıq azadlığına qovuşmuş, öz sahiblərinə geri qaytarılmışdı. Bu möhtəşəm qələbələr cənab Prezidentin uğurlu daxili və xarici siyasətinin, dəmir yumruğunun, xalqımızın milli qürurunun, birliyinin, sarsılmaz iradəsinin təntənəsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna olan ehtiramın təcəllisi idi. 2003-cü ildə Prezident seçilərkən verdiyi vədlərin hər birini ardıcıl şəkildə həyata keçirən, ölkəmizin bütövlüyünü təmin edən, Azərbaycanı beynəlxalq aləmin diqqət mərkəzinə çevirən, qlobal məsələlərin həllində söz sahibi edən Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə qısa zaman kəsiyində həyata keçirilən abadlıq, quruculuq və bərpa işləri, soydaşlarımızın doğma yurd-yuvalarında məskunlaşdırılması, onların həyat və şəraitinin yüksək səviyyədə təmin edilməsi hər bir vətəndaşımızın fəxr mənbəyinə çevrilməklə gələcəkdə biri-birinin ardınca əldə olunacaq nailiyyətlərə yol açacaqdır.