YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşanın fəthi – Vətən müharibəsini tarixi Qələbəyə çatdıran ən möhtəşəm döyüş

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Xalqımızın qeyrət qalası, Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşa — gözəllik simvolu, qürur rəmzi olmaqla yanaşı, həm də milli kimlik məsələsidir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün deyil, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzidir. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdəki yeri tamamilə başqadır. Şuşa – Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır.

Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun əsgər və zabitlərinin şücaəti sayəsində qısa müddətdə – 44 gün ərzində möhtəşəm Zəfərimizlə başa çatdı. Şanlı ordumuz 8 noyabr 2020-ci ildə dünyanı heyrətə salan misilsiz əməliyyatla Şuşada bir daha enməyəcək üçrəngli bayrağımızı ucaltdı! Qarabağın döyünən ürəyi olan Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bu, Vətən müharibəmizi tarixi Qələbəyə çatdıran, Ermənistanı ağ bayraq qaldırmağa məcbur edən ən möhtəşəm döyüş idi.

Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli, şanlı bayrağı sancıldı. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biri oldu.

Savaşda ordumuz meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürmüşdü. Noyabrın 7-də qəhrəman əsgərlərimiz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil oldular. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir neçə istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünmüşdülər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılmışdı. Raketlərin hədəfi azərbaycanlı hərbçilər idi. Lakin Müzəffər Azərbaycan Ordusu qısa müddətdə düşməni məhv edərək şəhərdən qovdu və 8 noyabrda Şuşa tam azad edildi.

Şəhər azadlığa qovuşandan sonra burada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi. Hazırda işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq layihələri həyata keçirilir: yeni məktəblər, məscidlər, xəstəxanalar və digər mühüm obyektlər, eləcə də yaşayış binaları inşa olunur. Bu layihələr azad edilən ərazilərin inzibati, tarixi və mədəni abidələrinin bərpası ilə yanaşı, illərdir keçirilməyən mədəni tədbirlərin, ənənələrin dirçəldilməsini də əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız həm fiziki, həm də mənəvi cəhətdən dirçəlir.

2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin ilin mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirildi. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenidən doğmalarını və qonaqlarını qarşıladı.

2021-ci il iyunun 15-də Azərbaycan tarixində daha bir əlamətdar hadisə baş verdi. İlk dəfə olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı. Şuşa şəhərində iki ölkə arasında tarixi Şuşa Bəyannaməsi imzalandı. Bəyannamənin məhz Azərbaycan xalqının Qurtuluş Gününə – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün mühüm əhəmiyyət kəsb edən Qars müqaviləsinin 100 illiyinə təsadüf etməsi böyük rəmzi məna daşıyırdı.

Prezident İlham Əliyev Bəyannamənin imzalanması zamanı tarixi hadisəni belə vurğuladı:“Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti – demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və dünya üçün önəmi qeyd edilir. Hər bir məsələ böyük əhəmiyyət daşıyır.”

Ötən müddət ərzində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxs kimi yaradıldı. 2022-ci il yanvarın 5-də Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Bu müddət ərzində Şuşa həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edərək dünyanın diqqətini özünə cəlb etdi.

Son beş il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edərək orada aparılan bərpa, təmir və yenidənqurma işləri ilə tanış olublar.

2023-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirakçıların yekdil qərarı ilə Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edildi.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan sonra şəhərin 22 min sakini məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşdirildi. Şuşanın işğalı zamanı 195 nəfər həlak olmuş, 165 nəfər yaralanmış, 55 nəfər isə əsir və girov götürülmüşdü.

Bu gün isə Şuşada böyük sürətlə abadlıq və quruculuq işləri aparılır. Şuşalıların bir qismi artıq doğma şəhərlərinə qayıdıblar. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il 8 noyabr – Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.