Xəbərlər
8 Noyabr - Zəfər Günü: milli birlik və həmrəyliyin təntənəsi
“8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində qürur, şərəf və milli birliyin rəmzi olan möhtəşəm bir gündür. 2020-ci ilin Vətən müharibəsində qazandığımız şanlı Qələbə dövlətimizin gücünü, xalqımızın iradəsini və ordumuzun yenilməzliyini bütün dünyaya göstərib”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib.
Asif Əsgərli qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnib: “44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi qüdrətinin bariz nümunəsi olub. Xalqımız bir yumruq kimi birləşərək öz gücünü və iradəsini bütün dünyaya nümayiş etdirib. Qəhrəman Azərbaycan Ordusu öz peşəkarlığı, rəşadəti və mərdliyi ilə düşmənə sarsıdıcı zərbələr endirib. Şanlı ordumuz Ermənistanın silahlı qüvvələrini məğlubiyyətə uğratmaqla məğlubedilməz erməni ordusu mifini darmadağın edib. Böyük Zəfər yalnız hərbi deyil, həm də milli qürur və ədalətin bərpası kimi tarixə yazılıb. Biz bu qələbəni canı-qanı bahasına qazanan şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə sonsuz minnətdarlığımızı ifadə edirik. Onların qəhrəmanlığı sayəsində xalqımız yeni bir tarixi mərhələyə qədəm qoyub. 8 Noyabr - Zəfər Günü müstəqil Azərbaycanın əzəmətinin, milli birlik və həmrəyliyin təntənəsidir. Bu əlamətdar gün hər bir azərbaycanlının qəlbində Vətən sevgisini daha da gücləndirir”.
YAP İdarə Heyətinin üzvü bildirib ki, bu Qələbə əsgər və zabitlərin fədakarlığı hesabına qazanılıb: “Azərbaycanın igid oğulları işğal altında olan torpaqları düşməndən azad etməklə xalqımıza sevinc hissi və azadlıq ruhunu bəxş ediblər. Şəhidlərin ruhu qarşısında baş əyirik, onların göstərdiyi şücaət gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsidir”.
