Xəbərlər
Tarixi hadisə
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Beş il öncə, 27 sentyabr 2020-ci il tarixində təcavüzkar və işğalçı Ermənistanın növbəti qanlı təxribatı və fitnəkarlığına cavab olaraq, Ali Baş Komandan cənab İlham Əliyev səhər saatlarında Rəşadətli Azərbaycan Ordusuna, Silahlı Qüvvələrimizə bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına başlamaq, əmri verdi. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın incisi olan Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Respublikasının Prezidenti,Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.
Zəfər Paradındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dedi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.”
Zəfər Paradında çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.”
5 il öncə izlədiyimiz o möhtəşəm Zəfər Paradı Azərbaycan xalqının qan yaddaşına yazılmış Vətən müharibəsinin yekunu idi. Məhz o gün – 10 dekabr 2020-ci il tarixi son iki əsrdə işğal altında qalan Azərbaycanın ilk böyük qələbəsini tərənnüm edən qürurlu bir hadisə kimi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu. Azadlıq və tərəqqi mərhələsində tarixi Azərbaycan Zəfərinin lideri, Qarabağ fatehi İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının sıx həmrəyliyi əsasında yeni qələbələrə doğru yolumuz aydın və açıqdır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 30 ilə yaxın müddət ərzində erməni işğalında qalan Azərbaycan torpaqlarını azad edərək böyük qələbəmizi təmin etdi. Bununla da tarixi Azərbaycan torpaqlarında yenidən şanlı Azərbaycan bayrağı dalğalandı. Bu, sadəcə hərbi əməliyyat deyildi, bu, Azərbaycan xalqının arzusunu reallaşdırmaq, iradəsini həyata keçirmək, xalqın 30 illik həsrətinə son qoymaq, Azərbaycanımızı bütövləşdirmək, pozulmuş ədaləti bərpa etmək və daha çox amallar uğrunda olan bir savaş idi və xalqımız bu savaşdan alnıaçıq, üzüağ, qalib xalq kimi çıxdı, xalqımızın nə qədər möhkəm, həmrəy və birlik olduğunu dünyaya göstərdi.
Bu gün Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin xatirəsini uca tutur.
