Xəbərlər
“Zəfərə aparan 44 gün”
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində əldə olunan tarixi Qələbəmizin beşinci ildönümünə həsr olunmuş “Zəfərə aparan 44 gün” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində xüsusi yer tutur. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı bu Qələbə xalqımızın birliyinin və dövlətimizin qüdrətinin parlaq təcəssümüdür.
Elşən Əzizov vurğulayıb ki, bu Zəfər gələcək nəsillər üçün Vətənə xidmət nümunəsi kimi əbədi yaşayacaq.
Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva qeyd edib ki, müasir Azərbaycan dövləti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı dövrlərindən birini, yeni inkişaf və dirçəliş mərhələsini yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılan və hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində böyük Qələbəni qalib xalq, müzəffər dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.
Tədbirdə YAP Saatlı rayon təşkilatının sabiq sədri Lütvəli Şıxəliyev, Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fərhad Mürsəlov, Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Vətən müharibəsi iştirakçısı - Rasim Səfərov adına Qara Nuru kənd tam orta məktəbin müəllimi Əlimusa Şahbazov, Saatlı Rayon Mərkəzi Kitabxanasının əməkdaşı Gülnarə Fərəcova və “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Səmədağa Məmmədov da çıxış ediblər.
Natiqlər vurğulayıblar ki, Vətən müharibəsində tarix yazan qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə əzmini və əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdilər.
Qeyd olunub ki, bu gün Azərbaycanın üçrəngli bayrağı azad edilmiş torpaqlarımızda qürurla dalğalanır və bu Qələbə xalqımızın milli birliyinin, dövlətçilik iradəsinin və ordumuzun gücünün rəmzinə çevrilib.
