Xəbərlər
“Zəfərdən ilhamlanan gəncliklə gələcəyə”
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə “Zəfərdən ilhamlanan gəncliklə gələcəyə” adlı konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin olunub.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olub. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində düşmənin müqaviməti qırılıb, 8 noyabr tariximizə Zəfər Günü kimi yazılıb.
A.Xudadanov vurğulayıb ki, bu Zəfərin mənəvi əhəmiyyəti yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmır – bu Qələbə xalqımızın milli həmrəyliyinin, vətənpərvərlik ruhunun və dövlətçiliyə sədaqətin təntənəsidir. Qazanılmış Zəfər gələcək nəsillər üçün Vətənə xidmət nümunəsi kimi əbədiləşəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Azərbaycan gəncliyi müstəqillik dövründə böyüyən, Zəfərin övladları sayılan nəsildir. Gənclər qalib xalqın davamçıları kimi fəaliyyətlərini bu güc və məsuliyyət üzərində qurmalıdırlar.
B.Muradova vurğulayıb ki, 2020-ci ilin payızında başlayan Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin birliyinin, liderlik və peşəkarlığın ən parlaq nümunəsinə çevrildi. Zəfərdən dərhal sonra sülh quruculuğu prosesinin başlanması isə xalqımızın uzaqgörənliyinin göstəricisidir.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyası illər ərzində Ulu Öndər Heydər Əliyev ideyalarına əsaslanaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib və bu ideyaların həyata keçirilməsində aparıcı qüvvə olub.
B.Muradova gənclərə milli-mənəvi dəyərlərə sadiq qalmağı, öz sahələrində peşəkar olmağı, sağlam ailələr qurmağı və milli ruhda övladlar böyütməyi tövsiyə edib.
Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, Azərbaycanın tarixi Zəfərindən beş il ötür və bu günlər böyük qürur hissi ilə qeyd olunur. O bildirib ki, bu Qələbə regionda yeni reallıqlar yaradıb və qarşıda yeni çağırışlar formalaşdırıb.
Deputat vurğulayıb ki, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz hərbi, siyasi və diplomatik gücünü nümayiş etdirməklə yanaşı, yeni bir Azərbaycan modeli təqdim edib. Otuz ilə yaxın davam edən işğal dövrü xalqımızın yaddaşında dərin izlər buraxsa da, dövlətin məqsədyönlü siyasəti gələcək Qələbənin təməlini qoyub.
A.Allahverənov çıxışının sonunda gənclərə Zəfəri daim yaşatmağı, şəhidlərimizin qəhrəmanlığını unutmamağı və Vətənə sədaqətlə xidmət etməyi tövsiyə edib.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova qeyd edib ki, Azərbaycan əsgəri müharibə zamanı əsl qəhrəmanlıq, mərdlik və şücaət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu möhkəm istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi döyüş strategiyası müasir hərb tarixinə yeni nümunə kimi daxil oldu.
S.Qasımova vurğulayıb ki, Zəfər xalqımızın genetik kodunda yer alan qəhrəmanlıq və mübarizlik ruhunun təcəssümüdür. Gənclərin əsas vəzifəsi bu ruhu qoruyaraq Azərbaycanın səsini beynəlxalq arenalarda ucaldıb, həqiqətlərimizi dünyaya çatdırmaqdır.
Vətən müharibəsi iştirakçısı Vüqar Muradov isə qeyd edib ki, bu Zəfər Azərbaycan xalqının tarixi nailiyyəti və əbədi fəxarətidir.
Tədbir istedadlı gənclərin hazırladıqları bədii kompozisiyalarla davam edib.
