Gündəm
Prezident İlham Əliyev: Azərbaycan 24 illik müstəqilliyi dövründə özünəməxsus inkişaf yolu keçmişdir
«Azərbaycan 24 illik müstəqilliyi dövründə özünəməxsus inkişaf yolu keçmişdir. 1995-ci ildə ölkədə demokratik normalara cavab verən yeni Konstitusiya qəbul olunmuş, çoxpartiyalı sistem əsasında parlament formalaşdırılmışdır. Bunun ardınca hüquqi dövlət quruculuğu çərçivəsində hakimiyyətlərin bölünməsi və demokratik idarəçilik təmin edilmiş, həyata keçirilən islahatlar nəticəsində liberal iqtisadi sistem formalaşmış, insan hüquqları, plüralizm, söz və məlumat azadlığı, azad internet bərqərar olmuş, vətəndaş cəmiyyəti institutlarının inkişafına hərtərəfli dövlət dəstəyi göstərilmişdir». Bu fikirləri Türkiyənin Antalya şəhərində keçirilən “Böyük İyirmiliyin” (G20) üzvü olan dövlət və hökumət başçılarının Sammiti ilə bağlı xüsusi nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ümumi strategiyanın formalaşdırılması” adlı məqaləsində bildirilib.
Prezident İlham Əliyev məqalədə qeyd edib ki, bu gün Azərbaycan möhkəm daxili sabitliyə, cəmiyyətdə hökm sürən vətəndaş birliyinə və həmrəyliyinə, millətlər və dinlərarası sülhə, tolerantlıq mühitinə, liberal, dayanıqlı və dinamik iqtisadiyyata söykənərək özünün inkişaf modelini dünyaya təqdim edir. DÖvlət başçısı bildirir ki, öz enerji təhlükəsizliyinə nail olan Azərbaycan bu gün başqa ölkələrin etibarlı enerji təminatında mühüm rol oynayır. Hazırda “Cənub” qaz dəhlizi çərçivəsində Türkiyə və avropalı tərəfdaşlarımızla inşasına başladığımız TANAP və TAP kimi transmilli qaz ixracı layihələri vasitəsilə Xəzərin zəngin təbii qaz ehtiyatlarının Avropaya nəqli üzərində ciddi iş aparırıq. “Şahdəniz 2” layihəsinin işlənməsi və Xəzər hövzəsinin zəngin təbii qaz yataqlarının dövriyyəyə buraxılması həm Azərbaycanın bundan sonrakı dövrdə davamlı inkişafını təmin edəcək, həm də Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcəkdir.