YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qürurun, mübarizənin, əzmkarlığın və böyük zəfərin təntənəsi

“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Elə tarixi günlər və anlar var ki, onlar sadəcə təqvimin bir tarixi deyil, həm də milli qürurun, mübarizənin, əzmkarlığın və böyük zəfərin təntənəsidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Suverenliyi Gününün təsis edilməsi də bu baxımdan xüsusi vurğulanmalıdır. Sərəncam  2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpasını özündə ifadə edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycanın Dövlət Suverenliyi Günü xalqımızın yüzillərlə çəkildiyi sınaqların, 30 ildən artıq davam edən mübarizənin, işğal və ədalətsizliklərə qarşı savaşın ən ali rəmzidir.

Millət vəkili xatırladıb ki, Ermənistan Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyət uğrunda mübarizədən və qeyri-sabitlikdən istifadə edərək torpaqlarımızı ard-arda işğal edirdi. Xüsusilə, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə bu işğal daha da genişləndi. Heç bir səriştəsi olmayan, təsadüfi insanlardan formalaşmış həmin iqtidar yanlış qərarlar, səhv hərbi startegiya qəbul etməklə qəhrəman oğullarımızın qanı hesabına qorunan torpaqlarımızın itirilməsinə faktiki şərait yaradırdılar. Bütün bunların nəticəsində Ermənistan BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdi. Bu dövrdə  Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib, ölkəmizin təbii resursları talan olunub, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib. Lakin Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.

Pərvin Kərimzadə qeyd edib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

“Suverenlik dövlətin ən ali dəyəridir. Suverenlik yalnız bayrağın dalğalanması və sərhədlərin müəyyənləşməsi ilə məhdudlaşmır. Suverenlik xalqın iradəsinin, dövlətin azad qərar qəbuletmə haqqının, milli sərvətlərin sahibinin məhz Azərbaycan xalqı olduğunun təsdiqidir. 30 il ərzində dövlətimiz ərazi bütövlüyü  və suverenliyimizin bərpası üçün planlı addımlar atırdı. Belə ki, iqtisadi gücün formalaşdırılması, modern ordunun qurulması, beynəlxalq müstəvidə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması  suverenliyin bərpasına istiqamətlənmişdi. Qarabağda keçirilən antiterror tədbirləri ilə bu ümummilli hədəfə nail olundu”, - deyən YAP İdarə heyətinin üzvü əlavə edib ki, Prezident İlham Əliyev 20 sentyabrın Dövlət Suverenliyi Günü elan etməklə həmin tarixi hadisəni əbədiləşdrib. Cənab Prezidentin müvafiq Sərəncamında deyilir: “Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Pərvin Kərimzadə xalqımızın suverenliyimizin bərpasını böyük coşğu ilə qarşılaşdığı halda, radikal müxalifətin bu şanlı zəfərdən məyuz olduğunu diqqətə çatdırıb: “Onlar həmin dövrdə xalqın sevincinə, siyasi partiyaların həmrəyliyinə qoşulmadılar. Çünki vaxtilə hakimiyyətdə olduqları dövrdə itirlən torpaqların azad edilməsinin səbəblərini həzm edə bilmirdilər. Radikallar görürdülər ki, torpaqlarımız məhz xalq-iqtidar birliyinin sarsılmazlığı nəticəsində azad olunub. Onlar isə hər vəchlə qələbəmizi kiçiltməyə çalışırdılar. Lakin bu cəhdlər heç bir nəticə vermədi. Bu gün xalq-iqtidar birliyinin timsalında azad edilmiş torpaqlarımız yenidən qurulur. Radikal müxalifətin isə bu gözəl mənzərəni “məyusluqla” izləməkdən başqa çarəsi yoxdur”.      

Deputatın fikrincə, suverenliyin bərpası təkcə Azərbaycanın qələbəsi deyil, həm də bölgədə yeni münasibətlər sisteminin yaranması deməkdir: “Artıq separatizm yoxdur, müharibə riski aradan qalxıb. Azərbaycan bölgədə sabitliyin əsas təminatçısına çevrilib, tərəflər vaşinqton razılaşmalarından sonra münasibətlərin normallaşdırılması üçün praktiki addımlar atırlar.  Bu, həm iqtisadi əməkdaşlıq, həm də sülh proseslərinin sürətlənməsi üçün geniş imkanlar açır. Vaşinqton  görüşü bir daha göstərdi ki, dünya birliyi Azərbaycanın suverenliyini və bölgədəki aparıcı rolunu qəbul edir. Azərbaycanın sülhə, əməkdaşlığa və inkişaf gündəminə verdiyi töhfələr qlobal aləmdə dəstəklənir”.