YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər salnaməsinin mühüm səhifəsi

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və qürurverici səhifələrindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis olunan bu əlamətdar gün ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının tarixi əhəmiyyətini özündə əks etdirir. Bu tarixin əsasını 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirləri təşkil edir. Tədbirlər nəticəsində Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi tam təmin edilmişdir. Bunun ardınca dövlət başçısının iştirakı ilə 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı və Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır. Bu hadisə Qarabağda dövlətçiliyimizin bərpasının mühüm rəmzi olmaqla yanaşı, yeni mərhələnin başlanğıcını da ifadə etmişdir. Sonrakı dövrdə Xankəndi və digər şəhərlərdə mühüm tarixi və ictimai hadisələr baş vermişdir. 2023-cü il noyabrın 8-də Xankəndidə Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş təntənəli hərbi paradın keçirilməsi, dekabrın 21-də isə Xankəndi stadionunda “Qarabağ” və MOİK komandaları arasında tarixi futbol qarşılaşmasının baş tutması şəhərin ictimai həyatının yenidən canlanmasının mühüm göstəricilərindən olmuşdur. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi isə şəhərin Azərbaycanın siyasi və ictimai həyatına tam inteqrasiyasının rəmzi hadisələrindən biri kimi tarixə düşmüşdür. Xankəndi ilə yanaşı, Xocalı, Xocavənd və Ağdərədə də genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin bu ərazilərə çoxsaylı səfərləri zamanı mühüm infrastruktur layihələrinin təməli qoyulmuş, görülən işlərlə yerində tanışlıq keçirilmişdir. Xocavənd rayonunun Böyük Tağlar, Edilli, Düdükçü, Hünərli, Tuğ və Azıx kəndlərinə, Hadrut qəsəbəsinə, eləcə də Zəfər yolu üzərində yerləşən obyektlərə səfərlər edilmiş, tarixi və mədəni irsimizin nümunələri ilə tanış olunmuşdur. Xocalı rayonunun Çanaqçı, Sığnaq, Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində də müxtəlif layihələr reallaşdırılır, 2024-cü il fevralın 26-da Xocalı Soyqırımı Memorialının təməli qoyulmuşdur. Ağdərə rayonunda isə Sərsəng və Suqovuşan su anbarları da daxil olmaqla, mühüm strateji və infrastruktur obyektlərinin bərpası diqqət mərkəzində saxlanılır. Bu tarixi prosesin ən mühüm istiqamətlərindən biri isə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Xankəndi şəhərində də bu proses artıq real nəticələrini göstərir. 2026-cı il avqustun 17-nə olan rəsmi göstəricilərə əsasən, Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində isə 43 ailə, 174 nəfər olmaqla, ümumilikdə 119 ailənin – 506 nəfərin daimi məskunlaşması təmin edilmişdir. Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına qayıtması ilə məhdudlaşmır. Bu proses həm də şəhər və kəndlərin müasir standartlara uyğun yenidən qurulmasını, sosial və nəqliyyat infrastrukturunun yaradılmasını, iqtisadi fəallığın bərpasını və insanların dayanıqlı yaşayışının təmin edilməsini əhatə edir. Xocalı, Xocavənd və Ağdərədə də məskunlaşma prosesi mərhələli şəkildə davam etdirilir. Bu baxımdan 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü yalnız tarixi bir hadisənin xatırlanması deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin rəmzidir. Bu tarix ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını, Qarabağda həyatın yenidən canlanmasını və doğma yurdlarına qayıdan insanların gələcəyə inamını özündə birləşdirir. Bu gün həmin ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri Qarabağın yeni simasını formalaşdırır. Şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, tarixi-mədəni irs bərpa edilir, əhalinin doğma torpaqlarına qayıdışı sürətlənir. Beləliklə, 20 Sentyabr Azərbaycanın Zəfər salnaməsinin mühüm səhifəsi olmaqla yanaşı, Qarabağın dirçəlişinin, Böyük Qayıdışın və regionda yeni həyatın başlanmasının rəmzinə çevrilir.