Xəbərlər
Zəfər günü – Azərbaycanın şanlı tarix səhifəsi
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri
2020-ci ilin noyabrın 8-i xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı Zəfər günüdür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 30 illik işğala 44 gündə son qoyuldu və ərazi bütövlüyümüz bərpa olundu. Bununla da Azərbaycan qalib ölkəyə, xalqımız isə qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə eyni zamanda Azərbaycanın hərbi və iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi.
Həmin ilin noyabrın 8-də Azərbaycan hərbçiləri sıldırım qayalar üzərində yerləşən Şuşa şəhərini erməni işğalçılarından azad etdilər. İgid əsgər və zabitlərimiz mürəkkəb dağ relyefi, sıldırım qayalar, sıx meşələr, dərin dərələr və keçilməz dolaylar boyunca irəliləyərək, düşmən qüvvələrini Qarabağın baş tacı hesab olunan Şuşadan qovub çıxardılar. Prezident İlham Əliyevin Sərəncamı ilə həmin tarixi hadisənin baş verdiyi gün – noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı.
Xatırladaq ki, Vətən müharibəsinin ilk günündən etibarən Ordumuz daim irəliləyərək düşmənə sarsıdıcı zərbələr endirirdi. Yaşayış məntəqələrimiz bir-birinin ardınca azad olunurdu. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra isə Cəbrayıl şəhəri və rayonun doqquz kəndi düşmən tapdağından xilas edildi. Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri azad olundu.
Ordumuz Şuşa qalasına doğru dayanmadan, böyük inamla irəlilədi və demək olar ki, mümkünsüzü bacardı. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağları, qayaları aşaraq, uzun məsafə qət edib çətin döyüş tapşırığını uğurla yerinə yetirdilər. Əsgər və zabitlərimizin döyüş taktikası – qədim, tarixi şəhəri dağıtmadan, ona xələl gətirmədən azad etmələri – hərb tarixində tamamilə yeni bir səhifə açdı. Xalqımızın igid oğullarının göstərdiyi misilsiz cəsarət və igidlik nəticəsində bir vaxtlar nağıl kimi görünən arzular gerçəyə çevrildi.
Təbii ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Qələbənin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək, Ulu Öndərin başladığı işi məntiqi sonluğa çatdırdı. Bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Bəli, məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən müjdəni verdi və bu, əslində, müharibənin taleyini həll edən an idi. Ertəsi gün Laçın rayonunun kəndləri də daxil olmaqla, 70-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edildi.Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxma tarixlərini rəsmən bəyan etdi. Kapitulyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, həmçinin Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Ümumilikdə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi.
İkinci Qarabağ müharibəsi, xüsusilə Şuşa əməliyyatı, hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində tədris olunur.
Şuşa şəhərinin azad edilməsinin hərbi və geosiyasi əhəmiyyətini, həmçinin xalqımızın qürur və sevinc hisslərini Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sözlərlə ifadə etdi:
“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut etdik.”
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən başlanılan lokal xarakterli antiterror tədbirləri də uğurla nəticələndi. Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin ön və dərinlikdəki mövqeləri, atəş nöqtələri və döyüş texnikası yüksək dəqiqlikli silahlarla darmadağın edildi. Cəmi bir sutkaya yaxın davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Erməni terrorçu dəstələri 2020-ci ildə olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldular. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik bağlandı.
Elə həmin ilin oktyabrın 15-də növbəti tarixi hadisənin şahidi olduq. Prezident İlham Əliyev seçilməsinin iyirminci ildönümü günündə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq daha bir şanlı tarix yazdı, xalqımıza böyük sevinc və qürur yaşatdı.
Bəli, Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki onun illər öncə başladığı Qarabağ mübarizəsi məntiqi sonluğuna çataraq şanlı Zəfərlə nəticələndi. Xalqımız əmindir ki, bundan sonra da Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə yeni-yeni uğurlar qazanacağıq.
