YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada 27 Sentyabr – Anım Günü qeyd olunub

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edib.

Öncə Zaqatala şəhər qəbiristanlığında şəhidlərin məzarları ziyarət olunub, onların əziz xatirələri dərin ehtiramla yad edilib.

Sonra “Zəfər Kompleksi” ziyarət olunub və Zaqatala rayon şəhidlərinin xatirə abidəsi önündə “27 sentyabr – Qəhrəmanlıq tariximizin başlanğıcı” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tofiq Əhmədov giriş sözü ilə çıxış edib.

Millət vəkili Asif Əsgərov 27 Sentyabr – Anım Gününün dövlətçilik tariximizdə xüsusi yer tutduğunu qeyd edib. Deputat Vətən müharibəsində və postmüharibə dövründə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarını fəda edən şəhidlərin misilsiz qəhrəmanlığından danışıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaət, dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində tarixi Zəfərin əldə olunduğunu vurğulayıb. Bildirilib ki, şəhidlərin göstərdiyi qəhrəmanlıq və Vətən sevgisi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin rəis müavini Vüsal Qardaşlı, şəhid anaları Züleyxa Laçınova və Salminaz Allahyarova şəhidlərin qəhrəmanlığından, onların keçdiyi şərəfli yoldan söz açıblar. Onlar Vətən uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsinin daim uca tutulduğunu bildiriblər.

Anım Günü ilə əlaqədar keçirilən tədbirlərin davamı olaraq millət vəkili Asif Əsgərov rayon ictimaiyyəti ilə birlikdə Zaqatala şəhərində təşkil olunan ağacəkmə aksiyasında iştirak edib.

DİGƏR Xəbərlər Arxiv