Xəbərlər
“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş baş tutub
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Milli Müdafiə Universiteti tərkibində Azərbaycan ordusunun Təlim və Tədris mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov ilə BDU tələbələrinin görüşü keçirilib.
Bakı Dövlət Universitetində baş tutan görüşdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi gənclərdə milli dövlətçilik düşüncəsinin formalaşmasına və ideoloji maarifləndirməyə mühüm töhfə verir. Bu layihə Ulu Öndərin siyasi irsinin dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz platformadır. Ulu Öndər Heydər Əliyevin hər çıxışı xalqı birliyə, vətənpərvərliyə və dövlətə sədaqətə səsləyirdi. O, xalqın maariflənməsini, milli şüurun güclənməsini və dövlətçiliyin ideoloji əsaslarını formalaşdırırdı. Ümummilli Lider Heydər Əliyevin düşüncə tərzi, idarəetmə mədəniyyəti və strateji baxışı müasir Azərbaycanın siyasi kursunun bünövrəsini qoydu. O, xalqla dövlət arasında mənəvi körpü yaratdı, azərbaycançılıq ideyasını dövlət siyasətinə çevirdi. Prezident İlham Əliyev müdrik siyasətin davamçısı kimi Azərbaycanın qüdrətini yeni zirvələrə yüksəldib. Onun uzaqgörən qərarları və dəmir iradəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib, tarixi zəfərlərə imza atıb.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, böyük siyasi və dövlət xadimi Heydər Əliyev dünyaşöhrətli görkəmli şəxsiyyət olmaqla ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrik siyasəti ilə hərtərəfli inkişafa nail olub. Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunədir. Müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqilliyimizi əbədi, dönməz etmiş qüdrətli şəxsiyyətdir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib, respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nailiyyətlərin şah əsəri, heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlərdir ki, bunun sayəsində ölkəmiz tam olaraq öz ərazi bütövlüyünü təmin edib.
Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın dövlət quruculuğunun əsas sütunlarından biri kimi güclü və peşəkar ordu formalaşdırıldı. O, ordu quruculuğunu milli təhlükəsizliyin və dövlət müstəqilliyinin təminatçısı kimi qiymətləndirirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan mühüm qərarlar, hərbi təhsil sisteminin yenidən qurulması və ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətini yüksəltdi. Prezident İlham Əliyev bu strateji xətti uğurla davam etdirərək Azərbaycan Ordusunu regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevirdi. Onun rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar, texnoloji modernləşmə və zabit heyətinin peşəkarlığının artırılması müasir ordu modelinin yaranmasına səbəb oldu. 2020-ci ildə əldə olunan möhtəşəm Zəfər, 2023-cü ilin antiterror tədbirləri bu siyasətin real nəticəsi və milli iradənin təntənəsi oldu. Bu qələbələr Ümummilli Lider Heydər Əliyev məktəbinin və Prezident İlham Əliyev siyasətinin vəhdətinin ən parlaq təzahürüdür. Qələbə həm də Azərbaycan xalqının və dövlətinin birliyinin, inamının və sədaqətinin simvoluna çevrildi. Ordu quruculuğu istiqamətində əldə olunan uğurlar ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi.
